Avstraliya üçüncü quşçuluq fermasında quş qripinə səbəb olan virusun yüksək yoluxucu ştammının aşkar edildiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Viktoriya ştatı hökuməti təsdiq edib ki, testlər H5N1-dən fərqli olan və son bir neçə ildə quşlar və məməlilər arasında yayılmış H7N3 variantını aşkarlayıb.
Avstraliya keçən həftə bir uşaqda quş qripinə ilk yoluxma faktını açıqlayıb. Səlahiyyətlilər, uşağın Hindistanda yoluxduğunu, lakin tamamilə sağaldığını və yumurta istehsalı fermasında fərqli, yüksək yoluxucu bir ştamın aşkar edildiyini söyləyib.
Martda ABŞ-da quş qripi infeksiyasının insanlara və digər məməlilərə, o cümlədən südlük mal-qaraya yayıldığı bildirilmişdi.
Bu, alimlərin virusun insanlar arasında yayıla və pandemiyaya səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını artırıb. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi riski azaltmaq üçün tədbirlər görməyə başlayıb.
Quş qripinin insanlarda yarada biləcəyi ən bariz simptomlar bunlardır: Burun axması, öskürək (quru və ya seliklə müşayiət olunur), nəfəs almaqda çətinlik, ishal, bədən istiliyinin 38 dərəcəyə qədər artması, boğaz ağrısı, əzələ ağrıları, baş ağrısı, yuxusuzluq və yorğunluq.