Tramvay və avtobus sürücülüyündən Venesuela prezidentliyinə yüksələn Nikolas Maduro ABŞ əsgərlərinin hərbi müdaxiləsi ilə tutularaq hazırda Nyu-York zindanında saxlanılır ki, bu da dünyanın diqqətini özünə çəkməyə bəs edib. ABŞ prezidenti Donald Tramp, Venesuelanın paytaxtı Karakas şəhərinə edilən hücum çərçivəsində saxlanıldıqdan sonra ABŞ-a aparılan USS Iwo Jima gəmisindəki prezident Nikolas Maduronun şəklini Truth Social sosial media platformasında yayımlayıb. Fotoda Maduro əlində su şüşəsi tutaraq gözləri bağlı şəkildə görünür.
Hafta.az yazır ki, maraqlıdır, Nikolas Maduro haqqında nə bilirik, əvvəli kim olub, prezident kürsüsünə necə yüksəlib?
23 noyabr 1962-ci ildə paytaxt Karakas şəhərində doğulan Nikolas Maduro, orta məktəb illərində sosialist siyasi təşkilat olan Sosialist Liqasına qoşulub. Gənc yaşlarında avtobus sürücüsü olub, Karakas Metrosunda tramvay sürücüsü işləyib, şirkətin direktorlar şurasına yüksəlib və həmkarlar ittifaqının sədri olub. Keçmiş Venesuela prezidenti Uqo Çaves tərəfindən qurulan Bolivar İnqilab Hərəkatı 200-ün (MBR-200) üzvü olan Maduro, 1992-ci il çevrilişindən sonra həbsxanaya düşüb və sonrakı dövrdə Çavesin azadlığı uğrunda mübarizə aparan əsas fəallardan biri olub.

Maduro siyasi karyerasına 1999-cu ilin avqustunda Venesuela Təsis Milli Assambleyasının üzvü kimi başlayıb və burada müxtəlif komitələrdə çalışıb. O, 2006-cı ilin yanvarında Venesuela Milli Assambleyasının sədrliyini öz üzərinə götürüb və həmin ilin avqustunda xarici işlər naziri olub. 10 oktyabr 2012-ci ildə vitse-prezident, 8 mart 2013-cü ildə isə Çavesin ölümündən bir neçə gün sonra konstitusiya dəyişikliyi yolu ilə Venesuela prezidentliyini öz üzərinə götürüb.
Maduro 14 aprel 2013-cü ildə keçirilən prezident seçkilərində qalib gələrək Çavista rejimində işçi sinfindən ilk prezident olub. Prezidentlik müddəti ərzində Maduro ABŞ ilə münasibətlərini gərginləşdirib, sanksiyaların hədəfinə çevrilib və hətta ABŞ onun həbsinə kömək edən hər kəsə 50 milyon dollar mükafat elan edib.

2017-ci ildə tələbə etirazları və müxalifətin Maduro hökumətinin qalib gəldiyi 2018-ci il seçkilərini rədd etməsi hökumətlə müxalifət arasında gərginliyi artırıb. Maduro hökuməti, əsasən ABŞ-ın müxtəlif sanksiyaları və Venesuelanın dünyada ən yüksək inflyasiya səviyyəsinə malik ölkələr arasında yer alması səbəbindən artan iqtisadi çətinliklər fonunda siyasi böhranlarla üzləşib. 2018-ci ildə çıxışı zamanı sui-qəsd cəhdindən də sağ çıxan Maduro, 2019-cu ildə ABŞ tərəfindən dəstəklənən müxalifət üsyanını yatırmağı bacarıb.
Uzun müddət beynəlxalq səviyyədə legitimliyi tanınmayan Maduro, müxalifətlə danışıqlar və mülayim açıqlamalar yolu ilə beynəlxalq mövqeyini zaman-zaman bərpa edib. ABŞ-ın Maduro, onun yaxın ətrafı və Venesuela neft şirkətlərini narkotik qaçaqmalçılığında ittiham etməsi və Vaşinqton administrasiyasının terror siyahısına saldığı təşkilatlar olan İran İnqilab Keşikçiləri və Hizbullah-la əməkdaşlıq iddiaları artan gərginliyin göstəricisi idi. Maduronun qalib gəldiyi 2024-cü il Venesuela seçkilərindən sonra müxalifətin nəticələri rədd etməsi və hökumətin rəsmi seçki qeydlərini paylaşmaqdan imtina etməsi Çavista hökumətinə təzyiqi artırıb. Bu yaxınlarda Avropa ölkələri ilə mülayim əlaqələrini və hətta Latın Amerikasındakı əvvəllər müttəfiq olan solçu hökumətlərin dəstəyini itirən Maduro, Vaşinqton administrasiyasının ciddi təhdidləri və əks tədbirləri ilə üzləşib. ABŞ-ın Maduro və digər yüksək vəzifəli Venesuela hərbi rəsmiləri tərəfindən idarə olunduğunu iddia etdiyi "Cartel de los Soles" təşkilatını terror təşkilatı kimi təyin etməsi Vaşinqtonun Venesuelaya müdaxiləsi üçün bəhanə adlandırılıb. Buna cavab olaraq Maduro hökuməti dəfələrlə bildirib ki, ABŞ Venesuelanın ehtiyatlarına, əsasən neftə nəzarət etmək üçün sosialist hökuməti hədəf alır.

Rəngarəng şəxsiyyət olan Nikolas Maduro mahnı oxuması, rəqs etməsi və Fələstin məsələsinə sarsılmaz dəstəyi ilə tanınıb. O, 2022-ci ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak edib, həmin ilin yayında, eləcə də 2018-ci ilin iyul ayında və nəhayət 2023-cü ilin iyun ayında Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyədə olub.
2025-ci ilin dekabr ayında ABŞ mediası Prezident Tramp və Maduronun telefonla danışdığını və Trampın Madurodan ölkəni tərk etməsini istədiyini bildirib. Deyilənə görə, Maduro özü və yaxın silahdaşları üçün iddia edilən cinayətlərə görə "qlobal əfv" istəyib, lakin Tramp bunu rədd edib. Bu zaman Maduro, həyat yoldaşı Silia Flores və oğluna ölkədən təhlükəsiz çıxış təklif edib. Maduro 1 dekabrda Trampla telefon danışığını təsdiqləyərək söhbətin hörmətli olduğunu bildirib.

Çin rəsmisinin Karakas səfərindən bir neçə saat sonra baş verən ABŞ hava hücumları və müdaxiləsi diqqətəlayiqdir, çünki ABŞ Venesuelanı narkotik qaçaqmalçılığında ittihamlayır və Karib dənizində və bəzi regional ölkələrdə hərbi qüvvələr toplayaraq quru və dəniz blokadası tətbiqləyib.
Xatırladaq ki, dünən Si Cinpinin Latın Amerikası və Karib dənizi üzrə xüsusi nümayəndəsi Qiu Siaoçi Karakasa səfər edib və Maduro da daxil olmaqla Venesuela rəsmiləri ilə "iki ölkə arasında əməkdaşlıq" mövzusunu müzakirə edib. ABŞ ilə gərginlikdən sonra YouTube hesabı birtərəfli olaraq bağlanan və Amerika şirkətinin X sosial media hesabından istifadəni dayandıran Maduro, Qiunun səfərindən görüntüləri ehtiva edən son Telegram mesajını paylaşıb.