Avtomobilini 72 il sürücülük vəsiqəsi olmadan idarə etdi - BİR DƏFƏ DƏ POLİSƏ YAXALANMADI

19:16 28.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin Nothingham şəhərində 84 yaşlı sürücü 72 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə edir. Nothingham polisinin bildirdiyinə görə, adı açıqlanmayan sürücü çərşənbə günü axşam saatlarında avtomobil nömrələrinin avtomatik tanınması sistemi (ANPR) tərəfindən xəbərdar edilərək yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Hafta.az-ın məlumatına görə, sürücü polisə bildirib ki, 12 yaşından vəsiqəsi olmadan avtomobil idarə edib və ömründə bir dəfə də olsun polis tərəfindən saxlanmayıb. Polisin məlumatına görə, sürücünün avtomobilinin də sığorta olmayıb.

"Biz nə baş verdiyinə inana bilmədik. 1938-ci il təvəllüdlü sürücü 12 yaşından sürücülük vəsiqəsi və sığortası olmadan avtomobil idarə etdiyini etiraf edib. Və nədənsə onu heç vaxt polis saxlamayıb", - Nothingham Polisinin Facebook postunda deyilir.

Bildirilir ki, sürücü heç vaxt qəza törətməyib və avtomobili ilə başqa nəqliyyat vasitələrinə ziyan vurmayıb. Bununla belə, polis rəsmiləri ANPR kameralarının geniş istifadəsinə diqqət çəkərək, qanunsuz sürücülərin bir gün tutula biləcəyi barədə xəbərdarlıq ediblər.

Sürücünün cərimə edilib-edilmədiyi açıqlanmayıb. Böyük Britaniya qanunlarına görə, lisenziyasız avtomobil idarə etməyə görə cəza 1000 funt-sterlinqə qədər ola bilər. Bildirilir ki, nəqliyyat vasitəsi bir insanın xəsarəti və ya ölümünə səbəb olarsa, sürücüləri 14 ilə qədər həbs cəzası gözləyir.

Oxunma sayı 1090