Ayasofya məscidinin ibadət üçün açılmasından 4 ilə yaxın vaxt keçir. Ayasofya məscidi 86 illik fasilədən sonra ilk cümə namazı ilə 24 iyul 2020-ci ildə ibadət üçün açılıb. O gündən etibarən bura ziyarətçi axını var. Son 4 ildə məscidi 25 milyon insan ziyarət edib.
Hafta.az-ın yazdığına görə, Ayasofya həm yerli, həm də xarici turistlərin diqqət mərkəzindədir. Hər gün orta hesabla 50 min, ildə isə 6-7 milyon ziyarətçi qəbul edir. Məscidi ziyarət edib namaz qılanlar da, çoxəsrlik tarixi abidəni ziyarət etmək istəyənlər də ora gəlir.
Məscidi ziyarət edənlər heyranlıqlarını gizlədə bilmirlər. İş o yerə çatıb ki, hər gün 1-2 nəfər məsciddə keçirilən mərasimlə müsəlman olur.
Həftə sonları Ayasofya məscidində hədis, hidayət və hikmət dərsləri verilir. Qəndil gecələrində xüsusi proqramlar da edilir. Tarixi məsciddə hifz sertifikatı mərasimləri də keçirilir.
Hazırda məsciddə Dini İşlər İdarəsinin 50 əməkdaşı çalışır.