Ayasofyaya giriş əcnəbilər üçün ödənişli olacaq

11:10 31.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy Ayasofya məscidinin xarici vətəndaşlar üçün yanvarın 15-dən etibarən ödənişli olacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Ersoy deyib: “Biz Ayasofyada ziyarətçilərin idarə edilməsi tətbiqinə keçirik. Ziyarət keyfiyyəti və təhlükəsizliyi artırılacaq. Göz bəbəyimiz olan məscidimiz, bəşəriyyətin ortaq irsi, cazibə mərkəzimiz olan Ayasofya çox yaxşı qorunma yönümlü bir ekosistemə daxil ediləcək”.

Məscidə ibadət üçün gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik olmayacaq. Ancaq xarici qonaqlar başqa qapıdan girəcəklər.

Nazir Ersoy yeni tətbiqlə bağlı deyib: “Xarici ziyarətçilər Topqapı Sarayının yerləşdiyi yuxarı tərəfdəki qapıdan içəri girəcək, qalereyanı xidmətə verəcəyik, onları gəzdirib, sonra çıxış qapısından buraxacağıq. Ayasofya ziyarətçilərinə mobil telefonlarındakı tətbiq vasitəsilə 16 dildə məlumat veriləcək. Əcnəbilərin ziyarətləri yanvarın 15-dən etibarən ödənişli olacaq. Türkiyə vətəndaşları üçün ibadət və ziyarət üçün isə pul alınmayacaq".