Azad edilmiş rayonlarda pay torpaqları ilə bağlı RƏSMİ AÇIQLAMA

16:46 14.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Torpaq islahatı haqqında” qanunun 24-cü maddəsinə əsasən işğaldan azad olunan torpaqlarda islahatın aparılması, həmin  ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir.

Bu fikirlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən hafta.az-ın sorğusuna cavabda əksini tapıb:

“İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq islahatı haqqında qanunvericiliyi və qəbul ediləcək normativ-hüquqi aktlar əsasında reallaşdırılacaq. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi hazırlanıb.

İşğaldan azad olunmuş ərazilərdə torpaqlardan istifadənin planlaşdırılması, ərazi vahidlərinin (rayon, şəhər, qəsəbə, kənd) sayının və yaşayış məntəqələrinin sərhədlərinin dəqiq müəyyən olunması, buna uyğun olaraq həmin ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi, bu ərazilərdə mövcud torpaq fondu haqqında kadastr və balans məlumatlarının dəqiqləşdirilməsi (kəmiyyət və keyfiyyət göstəriciləri, kateqoriyaları, məqsədli təyinatları və digər kadastr məlumatları) tədbirləri həyata keçirildikdən, habelə torpaq islahatı ilə bağlı ümumi konseptual yanaşma və prinsiplər qəbul edildikdən sonra torpaq islahatının aparılmasına dair yeni meyarların və konkret təkliflərin hazırlanması təmin ediləcəkdir”.