Azərbayan ordusu tarixə torpaqlarını azad edən ordu kimi düşdü - Şair Ramaldanov

10:48 08.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusunun Ermənistan işğalçı qüvvələri üzərində qazandığı 44 günlük zəfər savaşından 3 il keçir. Vətən Müharibəsi adı ilə tarixə yazılan bu savaşda torpaqlarımızın böyük bir qismi hərbi yolla düşmən tapdağından azad edilməklə düşmənə layiqli dərs verildi. Vətən uğrunda aparılan döyüşlər Şuşanın azad olunması ilə dayandırıldı və həmin gün – 8 noyabr Zəfər Günü kimi tarixə yazıldı. Azərbaycanın keçirdiyi antiterror əməliyyatları və 3 il ərzində aparılan diplomatik mübarizə “Heydər Əliyev ili”ndə nəhayət ərazilərimizin tam suverenliyi ilə başa çatdı. Bu gün Azərbaycanın hərb tarixində Zəfər Günü hansı aspektlərdə təhlil olunur. Bu istiqamətdə Hafta.az-a müsahibə verən hərbi ekspert Şair Ramaldanov Zəfər Gününə gedən yola nəzər salıb.

-2020-ci il 44 günlük savaşda Şuşanın azad olunması ilə əldə olunan 8 noyabr Zəfəri Azərbaycanın hərb tarixində hansı yeni reallığı yaratdı?

-Azərbaycanın zəngin tarixi var. 44 günlük savaşda Şuşanın azad olunması ilə əldə olunan 8 noyabr Zəfəri isə Azərbaycanın hərb tarixində ən əhəmiyyətli hadisələrdən biridir. Bu Zəfər tarixi Azərbaycan xalqının xarakterini, Azərbaycan ordusunun hansı gücə malik olduğunu, Ali Baş Komandan, Prezident İlham Əliyevin necə lider olduğunu dünyaya bir daha göstərdi. Dünya yeni reallıqda yaşayan Azərbaycanı və qızıl hərflərlə hərb tarixinə Zəfər yazan ordunu gördü. Azərbaycan hərb tarixində 44 günlük müharibə ilə dünyaya müharibə mədəniyyətini, döyüşlərin yeni bir yanaşmada sərgilədi, bir növ dünyaya dərs verdi. Azərbaycanın bu müharibədə öz torpaqları uğrunda apardığı savaş hər bir xalqı öz torpaqları uğrunda mübarizəyə səsləyən bir mesajdır. Azərbaycan ordusunun apardığı döyüşlər mülki, dinc  əhaliyə qarşı yox, məhz legitim, hərbi hədəflərə yönəlmişdi. Bugünkü dünyada bu çox vacib amildir. Müasir dünyada gedən müharibələri, lokal döyüşləri, əməliyyatları görürük. Bu müharibələr çox dağıdıcı şəkildə aparılır. Xüsusən irəliləyən tərəfin dağıdıcı döyüşlər apardığnı görürük. Azərbaycan isə əks hücum əməliyyatı zamanı qarşıda olan düşmənin texniki hədəflərini məhv etməklə, canı, qani bahasına öz torpaqlarını azad etməyə nail oldu. Digər bir tərəfdən biz bu savaşda Azərbaycan xalqının qətiyyətli lideri cənab İlham Əliyevin humanistliyi, Azərbaycan ordusunun məhz bütün beynəlxalq normalara riayət etməsini gördük. Döyüşlər zamanı dinc əhaliyə, əsirlərə qarşı olan münasibət, yaralı düşmən əsgərinin yarasını sarımağa qədər Azərbaycan əsgərinin sərgilədiyi döyüş mədəniyyəti bu ordunun reallığıdır. Azərbaycan ordusu 21-ci əsrin tələblərinə cavab verən müasir bir döyüş apardı. Bu döyüşdə müasir texnikanın üstünlüyü bir daha təsdiqləndi. Ali Azərbaycan ordusuna göstərilən qayğı, onun ən müasir silahlarla silahlandırması, əks hücum əməliyyatlarında minimum itkilərə nail olmaq üçün müasir texnika ilə silahlanma, döyüş zamanı hədəflərin dəqiq atəşlə məhv edilməsi, yeni taktiki üsullar və çox çətin relyefdə aparılan döyüşlərdə taktiki yanaşmalar bu gün dünyanın ən müasir ali məktəblərində öyrənilir.

-Zəfər tarixi Azərbaycana hansı hərbi üstünlükləri qazandırdı?

-Bu gün Azərbaycan Ordusu müharibədən çıxmış, böyük müharibə təcrübəsi qazanmış və bunun üzərində təhlillər apararaq özünün gələcək hərb xəritəsini müəyyənləşdirən ordudur.  Azərbaycan Prezidenti İlham Əliyevin ordunun qarşısında qoyuğu tapşırıq Türkiyə modelinə keçidlə əlaqədardır. Və bu, Azərbaycan ordusunda yeni yanaşmalar, inkişaf prosesində islahatlar aparmasına gətirib çıxartdı. Bu gün artıq Azərbaycan ordusu çevik bir ordudur. Yeni komando hərbi hissəsləri və bu gün müasir texnika ilə silahlanmağa davam edən ordumuz 3 il keçməsinə baxmayaraq ən nüfuzlu statistik qurumlar tərəfindən ən güclü ordular sırasında 56-cı sırada qərarlaşıb. Bunu da hərbi üstünlük kimi qəbul etmək lazımdır.

-8 noyabrdan  sonra imzalanan 10 noyabr bəyannaməsi hansı hərbi əhəmiyyətı daşıyırdı?  Bəyannamə 3 il sonra ərazilərimizdə tam suverenliyin bərpası, zəfərimizin gücləndirilməsi prosesində  hansı rola malik oldu?

-8 noyabrdan sonra imzalanan 10 noyabr bəyannaməsi böyük əhəmiyyət daşıyır. Bu bəyannamənin nəticəsində düşmən kapitulyasiya aktına bərabər  sənədə imza atdı və Ağdam, Kəlbəcər, Laçın rayonunu atəşsiz azad etməyə məcbur oldu. Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində və Şuşanın azad edilməsi nəticəsində düşməni buna məcbur etdik. Ondan sonra keçən 3 il ərzində ərazilərimizdə antiterror tədbirləri keçirildi və nəticədə suverenliyimiz tam bərpa olundu. Bu, bizim zəfərimizin son nöqtəsidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin Xankəndidə qaldırdığı bayraq nəticəsidnə qeyd etmək olar ki, bu tam zəfərdir. Antiterror tədbirlərindən sonra Azərbaycanın bütövlüyü təmin olundu. Antiterror tədbirlərində Azərbaycan ordusu özünün inkişafını göstərdi.  Heç bir döyüşdə heç bir müki vətəndaşa zərər vermədən 1 günlük antiterror tədbirləri keçirilməsi təcrübəsini də Azərbaycan gerçəkləşdirdi. Separatçıların mövqeləri mülki əhalinin yaşadığı yerlərə yaxın olsa da, ancaq dəqiq atəşlə düşmənin hədəflərini məhv edərək unikal bir əməliyyat keçirtdik. Azərbaycan buna nail oldu. Ali Baş Komandanın ordu qarşısında verdiyi tapşırıq -mülki insanlara zərər vermədən orada olan separatçıların zərərsizləşdirilməsi uğurla başa çatdı. Bu tədbirlər Azərbaycan liderinin humanist bir şəxsiyyət olduğunu nümayiş etdirdi. Ali Baş Komandan digər tərəfdən hansı ordunun komandanı olduğunu bilirdi. Ordunun profesionallığı, müasir silahlarla təhciz olunması Azərbaycan ordusuna bu Zəfər imkanını yaratdı. Azərbayan ordusu tapşırıqları dəqiq yerinə yetirirək, tarixə dağıdıcı ordu kimi yox, öz torpaqlarını azad edən ordu kimi düşdü.  Bu gün 1 günlük hərbi tədbirin aparılması da bundan sonra incələnəcək.

 - Bayraq gününün məhz  9 noyabra təsadüf etməsi məqamına diqqət çəksək, bu təqvimin Zəfər günü ərəfəsinə düşməsi zərurət idi, yoxsa təsadüf?

-Bayraq gününün 9 noyabra düşməsi, təsadüf olsa da zərurətə çevrildi. Ancaq heç nə təsadüf olmur. Azərbaycan prezidentinin gözəl bir kəlamı var: -Mən nəyi, nə zaman etməyi yaxşı bilirəm”. Düşünürəm ki, Ali Baş Komandan döyüşləri mərkəzdən idarə edərək, döyüş planında Ordunun Bayraq günü ərəfəsində qələbə çalmasını da planlaşdırıb.  Şuşada üçrəngli bayrağın bayraq günü öncəsi qaldırılması düşünürəm ki, tarixi faktdır və bunu zərurət kimi də qəbul etmək olar?

-Azərbaycanın Zəngəzura hərblə gedəcəyi ilə bağlı Avropa və Qərbdən gələn təxribatçı çıxışlar nəyə yönəlikdir, Zəfərimizə kölgə sala bilərmi?

 -Avropa qurumları həmişə olduğu kimi daha çox ermənipərəstliyi ilə seçilir. Bu gün də bu məsələ müzakirə olunur. Azərbaycan öz ərazilərinin azadlığını təmin etdiyi dövrdə, guya Zəngəzura hərblə gedəcəyi ilə bağlı Avropa və Qərbdən gələn təxribatçı çıxışlara da təəccüblənmir. Bu indiyə qədər Azərbaycana qarşı olan qərəzli münasibətin davamıdır. 30 il işğalçı Ermənistana heç bir təzyiq etməyən və əksinə Ermənistanı dəstəkləyən qurumlar Azərbaycan qələbə çalandan sonra da bu münasibəti davam edib. Avropa bununla göstərir ki, regionda sabitliyin, təhlükəsziliyin təminatında marağı yoxdur. Onlar bu münaqişəni alovlanan münaqişə kimi görürlər. Eyni zamanda “Zəngəzur dəhlizi” məsələsi üçtərəfli bəyannamədə öz əksini tapıb və orada Azərbaycan prezidenti ilə bərabər Rusiya prezidenti və Ermənistan baş naziri həmin sənədə imza atıblar və birbaşa məsuliyyət daşıyırlar. Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddasına gəlincə, Prezident bununla bağlı öz sözünü deyib: Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur, işğal niyyəti ilə hansısa addım atmağa fikri yoxdur. Ancaq əgər Ermənistan, havadarlarının təzyiqi altında Azərbaycana hər hansı təhlükə yaradarsa, dərhal bu təhlükənin qarşısını alacaq. Azərbaycana qarşı hansısa revanş fikirlərlə, addım atılarsa buna qarşı adekvat addımların atılmasını istisna etmirəm. Bu Azərbaycanın haqqıdır.

Bu gün dövlət büdcəsindən Azərbaycan ordusuna ayrılan vəsait hərbi qüvvələrimizin gələcəkdə daha güclü olmasına zəmanət verir. Dövlət büdcəsindən vəsaitin ayrılması hərbi hissələrdə xidmət edən şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verəcək. Bu, hərbçilərin maaşlarının artımı, yeni hərbi şəhərciklərin tikilib istifadəyə verilməsi, hərbçilərin evlələrlə təminatı, sosial paketlərin verilməsi ilə müşahidə olunacaq. Azərbaycan Prezidenti dediyi kimi, Azərbaycan ordusu bundan sonra nə lazımdırsa onunla təmin olunacaq. Zəfər günümüz mübarək! Allah şəhidlərimizə rəhmət eləsin.

Oxunma sayı 155