“Ermənilərin Azərbaycan ərazilərini öz dədə-baba yurdları kimi mənimsəmə cəhdləri nə qədər qeyri-ciddi, qanunsuz, əcaib görünsə də, Azərbaycan siyasi, ictimai elitasının buna adekvat cavabı var. Əgər bu gün - sentyabrın 8-də separatçılar Xankəndidə özlərinə “lider seçəcəksə”, demək silahı yerə qoymaq fikirləri yoxdur və hansısa absurd çıxışları ilə növbəti dəfə dünyada hay-küy salmaq istəyirlər”.
Bunu hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə erməni separatçılarının başqasının ərazisində bu cür qıcıqlandırıcı, arsız addımlarına qarşı görülməli olan tədbirlər, eləcə də müharibə hazırlıqları ilə bağlı açıqlamasında bildirib.
M.Əsədullazadə hesab edir ki, Qarabağdakı separatçıların seçki oyunu və öz aralarında apardıqları "lider uğrunda mübarizə”yə Azərbaycan tərəfindən ciddi reaksiya verilməlidir.
“Azərbaycan bu gün Xankəndində keçirilən şounun qarşısını almalıdır. Çünki bununla dünyanın diqqətini özlərinə çəkmək istəyirlər. Ermənilər Xankəndidə keçirdikləri müxtəlif aksiya şouları ilə özlərinə lider seçib, sonra da Ermənistanın, erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı beynəlxalq kampaniyaya başlayacaqlar. Göründüyü kimi Ermənistan və maraqlı dövlətlər, xüsusən Fransa separatçılara dəstək verir”.
Ekspert bəyan edib ki, separatçıların Qarabağda müxalifət-iqtidar oyunları Xankəndinin Azərbaycandan qoparılmasına hesablanan prosesin tərkib hissəsidir. Azərbaycan boz zonanın qalmasına icazə verməməlidir.
“Xankəndidə, Xocalıda qanunsuz erməni silahlı birləşmələri var və onların mövcudluğu konkret olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir. Azərbaycan tərəfi antiterror -hərbi əməliyyatlara başlamalıdır. Çünki bu məsələnin diplomatik həlli yolu yoxdur. Rusiya da bu prosesdə tormuzlayıcı rol oynayır. Rusiya Azərbaycanın Xankəndidə de-yure nəzarətini bərpa etməsinə maneə yaradır. Azərbaycan erməniləri yalnız güc yolu ilə tərksilah edəcək. Ümumiyyətlə, Azərbaycan ictimai-siyasi elitası məsələnin hərblə həll ediləcəyini düşünür. Bu məsələnin siyasi -diplomatik həlli yolu yoxdur”.