İkinci Qarabağ zəfərinin üçüncü ilinin astanasında dayanan Azərbaycan ictimaiyyəti indi də beynəlxalq təşkilatlardan sızan “müharibə ritorikası” ilə üz-üzə dayanıb. Sülh danışıqları və Zəngəzur dəhlizi ilə bağlı təxribatların regionda mövcud reallığın dəyişdirilməsi üçün aktivləşdiyi müşahidə olunur. Bir çox xarici dairələr Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması xətti üzərində aparılan danışıqlara maneə yaratmaq üçün, hətta Azərbaycanın yeni müharibəyə hazırlaşdığını sərsəmləyir. Nə baş verir? Bu istiqamətdə Hafta.az-a müsahibə verən Milli Məclisin deputatı Kamilə Əliyeva mövcud durumla bağlı bəzi məsələlərə diqqət çəkib.
– Avropa parlamenti və ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı qərəzli çıxışları, “ermənilərə qarşı etnik təmizləmə”, “ermənilərin qeyd-şərtsiz Qarabağa qaytarılması” tələbləri hansı məkrli siyasi oyunların tərkibidir?
– Bir neçə gün əvvəl Fransa və Ermənistan müdafiə nazirləri arasında hərbi saziş imzalandı. Fransa Ermənistana hava hücumundan müdafiə silahları verəcək. Dünyanın bir sıra ərazilərində müstəmləkəçilik siyasəti yürüdən Fransa yeni ərazilərdə, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olmaq niyyətindədir. Makron hakimiyyəti Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışır. Fransa bu il BMT TŞ-da Azərbaycana qarşı qətnamə çıxarılması üçün bir neçə dəfə təşəbbüslə çıxış edib və hər dəfə də Azərbaycan dövləti qarşısında acı məğlubiyyətə uğrayıb. Fransanın Cənubi Qafqazda həyata keçirmək istədiyi planları yenə də fiaskoya uğrayacaq, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi bu ölkənin sonu ola bilər.
– Ermənistanın silahlandırılması Fransaya nə qazandıracaq?
– Paşinyanın son dövrlərdə atdığı addımlar Ermənistan dövlətinin gələcəyi üçün yaxşı heç nə vəd eləmir. KTMT-nın üzvü olan Ermənistanın Qərbə üz tutması, Fransadan silah alması, ABŞ-la birgə hərbi təlim keçirmələri Paşinyan hakimiyyətinə böyük başağrısı olacaq. O, Avropa Parlamentində çıxışının ayaqüstə alqışlanmasını özünün qələbəsi kimi qəbul edir. Əslində isə avropalı deputatlar Ermənistan üzərindəki qələbələrini alqışlayırdılar. Fransa və ona müttəfiq dövlətlər orada Ermənistanı öz oyuncağına çevirmələrinə əl çalırdılar.
Məlumdur ki, Paşinyan Qərb dövlətlərinin hakimiyyətə gətirdiyi adamdır. Söylədiyi fikirləri bir gün sonra əks-fikirlərlə təkzib edir. Paşinyan İrəvandakı çıxışı zamanı Qarabağdan Ermənistana köçən ermənilərin Azərbaycan tərəfindən heç bir zorakılığa məruz qalmadığını söylədi. Avropa Parlamentindəki çıxışında isə ermənilərə qarşı etnik təmizləmə aparılması barədə dediyi sözlər onun ikiüzlülüyün nümunəsidir. BMT-nin müşahidə missiyası Qarabağa 2 dəfə səfər etmiş və öz hesabatlarında Azərbaycan dövləti tərəfindən ermənilərə qarşı hər hansı zorakılığın tətbiq edilməməsini bildirmişdilər. Ermənistanın baş naziri Qarabağdan Ermənistana köçən sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün Avropada 100 milyon avro dilənməyə gəlmişdi və əslində, bu pullar köçən ermənilərə deyil, başqa məqsədlər üçün xərclənəcəkdi. Paşinyan düşünür ki, bu cür çıxışları ilə Brüssel və digər platformalarda keçiriləcək görüşlərdə Qərb dövlətləri, xüsusən də Fransa Azərbaycana təzyiq göstərə bilər. Prezident İlham Əliyev Azərbaycanın milli və beynəlxalq maraqlara əsaslanan mövqedən çıxış edir. Heç bir qüvvə, heç bir dövlət Azərbaycanla təhdid, zor dilində danışa bilməz. Prezident İlham Əliyev Vətən müharibəsi və müharibədən sonra dəfələrlə vurğulamışdı ki, Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycan vətəndaşlarıdır və onların öz dilini, dinini, mədəniyyətini qoruyub-saxlamaları, eləcə də digər hüquqları, təhlükəsizlikləri Azərbaycan qanunlarına uyğun qorunacaq. Əgər Qarabağdakı ermənilər Azərbaycan qanunlarına tabe olaraq burada yaşamaq istəsələr, onların sosial vəziyyətləri əvvəlkindən daha firavan olacaq. Dünya ictimaiyyəti, o cümlədən Ermənistan rəhbərliyi də yaxşı bilir ki, İlham Əliyevin sözü, imzası qədər dəyərlidir.
– Azərbaycana qarşı yönələn bu cür qərəzli çıxışların qarşısına çıxmaq, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspora və lobbiçilik fəaliyyəti öz işini necə qura bilir?
– Azərbaycan bütün təhdid və təxribatlara cavab verə biləcək bir dövlətdir. Ölkəmiz siyasi, iqtisadi cəhətdən böyük nüfuza malikdir. Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti, mükəmməl diplomatik bacarığı Azərbaycana qarşı yönəlmiş dövlətlərin çirkin siyasətinin qarşısını alır. Fransa müstəmləkəçiliyinə qarşı təşəbbüs qrupu bu ölkənin başqa dövlətlərdə törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırır. Bir neçə gün əvvəl Bakı Təşəbbüs Qrupunun Forumunda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlərin nümayəndələri öz ölkələrində Fransanın həyata keçirdiyi müstəmləkə və talançılıq siyasətinə son qoyması üçün dünyaya çağırış etdilər. Fransanın xalqlara qarşı soyqırımı cinayətləri barədə dünyaya bir mesaj verdilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə “3+3” platformasının yaradılmasında məqsəd də regionda yaranmış problemlərin region dövlətlərinin həll etməsi məqsədini daşıyır. Regiondan kənar dövlətlərin müdaxiləsi arzuolunmaz nəticələrə gətirib çıxarda bilər. Bütün bu təşəbbüslər Fransa və onun müttəfiqlərinin Cənubi Qafqaz siyasətinin iflasa uğramasına səbəb olacaq.
İkinci faktor Azərbaycanın xaricdəki diaspor fəaliyyətinin gücləndirilməsidir. Xaricdəki diaspor təşkilatlarımız mütəmadi olaraq Avropanın bir çox dövlətlərində aksiyalar keçirir və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox fəallıq iştirak edirlər. Diaspor fəaliyyətinin lobbiçiliyə keçirilməsi istiqamətində böyük işlər görülür, xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandan köçüb-getmiş digər millətlərdən olan nüfuzlu şəxslər yaşadıqları ölkənin siyasi dairələrində Azərbaycan naminə böyük işlər həyata keçirirlər.
– Dünyada iqtisadi maraqlar müstəvisində yeni reallıqlar formalaşır və bu “yol xəritəsi”ndə Azərbaycanın yeri, əhəmiyyəti nədən ibarətdir?
– Azərbaycan nəhəng beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən ən qabaqcıl dövlətlərdəndir. Cənub Qaz dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı 2022-ci ilin əvvəlindən Avropa dövlətlərinə ixrac edilir və yaxın gələcəkdə ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropaya nəql edilməsi bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqlarının üzərində yerləşir. Ölkəmizdə yaradılmış nəqliyyat-logistika layihəsi yüklərin mənzilbaşına tez çatmasına və iqtisadi səmərəliliyin yüksək olmasına imkan verir. Bir çox dövlətlər bu nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsinə böyük maraq göstərir. Bir neçə gün əvvəl Azərbaycanla İran arasında dəmir və avtomobil yollarının tikintisi barədə razılığa gəlinib. Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi və Azərbaycanla İran arasında çəkiləcək yol Azərbaycanla Naxçıvanı birləşdirəcək. Eləcə də Şimal-Cənub, Şərq-Qərb dövlətlərini birləşdirən ən səmərəli nəqliyyat olacaq. Bu, Azərbaycanın iqtisadi gücü ilə yanaşı, siyasi mövqeyini də gücləndirəcək.
– Tarixi Azərbaycan torpaqları üzərində dövlət quran Ermənistanın cinayətlərinin dünyaya çatdırılması, eləcə də beynəlxalq məhkəmələrə çıxarılaraq, təzminatın alınması istiqamətində aparılan işləri necə dəyərləndirirsiniz?
– Ermənilər saxta iddialarından bu gün də əl çəkmir. İddia edirlər ki, Qarabağ erməni torpaqları olub və bu barədə saxta tarix də yaradıblar. Tarixi arxiv sənədləri, bu ərazilərdəki qəbirüstü abidələr sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın minilliklərdən də əvvəl yaşadığı məskənlər olub.
Tarixə nəzər salsaq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər müxtəlif mərhələlərdə bir neçə dəfə təkrarlanıb. Tək 1948-1953-cü illərdə kütləvi şəkildə yük vaqonları ilə deportasiya olunan zaman yüzlərlə azərbaycanlı yollarda dünyasını dəyişib. Təbii ki, Ermənistan ərazisindən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququ var. Bu istiqamətdə beynəlxalq təşkilatlara müxtəlif müraciətlər ünvanlanıb. Qərbi Azərbaycan icması bu sahədə mühüm işlər həyata keçirir. Beynəlxalq təşkilatlar azərbaycanlıların bu hüquqlarını müdafiə etməlidirlər. Bu yurdun sakinləri öz doğma ocaqlarına dönməlidirlər.
Ermənilər son 30 ilin işğal dövründə, Qarabağda və Şərqi Zəngəzurda misli görünməmiş vəhşiliklər törədib, kənd və şəhərlərimizi viran qoyublar. Tarixi, dini abidlərimiz tamamilə dağıdılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və nəhayət, 2023-cü il sentyabr ayının 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı uğurla başa çatandan sonra, ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı vurğulayıb ki, Ermənistan törətdiyi dağıntılara görə kompensasiya ödəməli, haqq -ədalət öz yerini tapmalıdır. Bu gün 3-cü ilini qeyd etdiyimiz 8 Noyabr Zəfər Günü, zəfər tarixi Azərbaycanın gələcək inkişafına, eləcə də tarixin müəyyən dövrlərində imperialist qüvvələrin müstəmləkəçilik siyasəti nəticəsində itirilmiş haqqını qorumaq, bərpa etmək üçün yeni reallıqlar yaratdı, yeni yol xəritəsini çızdı. Azərbaycan bu gün 8 Noyabrın möhürü ilə açılan həmin Zəfər Yolu İlə irəliləyir...