Başqa dövlətin torpağına sərsəm iddialar edən Ermənistana bu dəfə Laçından xəbərdarlıq mesajları verildi. Ermənilərin Prezidentin bu xəbərdarlıqdan hansı nəticəni çıxaracağı Ermənistanın baş naziri və Azərbaycan liderinin növbəti Kişinyov görüşündə bəlli olacaq. Görüşdən gözləntilər hansılardır? Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Razi Nurullayev müəyyən məqamlara diqqət çəkib.
– Prezidentin bu dəfə Laçından ermənilərə verdiyi mesajları necə dəyərləndirirsiz?
–Bu günə qədər Azərbaycan cəmiyyətində və vətəndaşlarında belə sual var idi: “Qarabağdakı separtçıların taleyi necə olacaq; bundan sonra Azərbaycanın düşündüyü və atmaq istədiyi addımlar hansılardır?”.
Prezident aydınlıq gətirdi ki, beynəlxalq aləm də Azərbaycanın yaratdığı reallığı qəbul edib. Bunun nəticəsində onlar, artıq Qarabağ üçün heç bir status, xüsusi yanaşma tələb etmirlər. Sadəcə, bu gün qarşılıqlı olaraq azərbaycanlıların və etnik ermənilərin hüquqlarından danışıla bilər. Separatçılar Azərbaycan qanunlarına tabe olmalı, silahı yerə qoymalıdırlar. Yalnız bundan sonra onların məsuliyyətlərinin yüngülləşdirilməsindən söhbət gedə bilər. Azərbaycan ərazisində bu günə qədər gərginlik yaradan ermənilərin əfv olunması məsələsi hamısına aid edilə bilməz. Orada separatçı dəstələrdə elələri var ki, əlləri azərbaycanlıların qanına batıb, onlar separatizm yuvası yaradıb, 30 il həm erməni, həm də Azərbaycan xalqlarına məşəqqət yaşadıblar. Bu baxımdan, həmin qrupların taleyi ilə bağlı qərar vermək asan olmayacaq. İstənilən halda bu da aydındır ki, onların taleyini Azərbaycan həll edəcək. Hesab edirəm, cəmiyyətimiz üçün bu məsələyə çox gözəl aydınlıq gətirildi. Bir daha əmin olduq ki, Azərbaycan özünün sərhəd baxımından ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu da sevindirici bir xəbər oldu.
– Üçtərəfli sazişə əsasən öhdəlikər götürən Rusiya niyə üzərinə düşəni edib, erməni silahlılarını ərazidən çıxarmır? Rusiya niyə Ermənistanı sülhə gətirən konkret addımlar atmaq istəmir?
– Rusiya bu reallığı qəbul etməyə başlayıb. Gördüyünüz kimi, Rusiya artıq “status” məsələsini gündəmə gətirmir. Belə deyək ki, Ermənistan tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra, ortada “status” və sair kimi məsələlər qalmır. Rusiya öz sülhməramlılarının Qarabağda qalmasına çalışacaqsa, Azərbaycanın da bununla bağlı deməyə sözü var. Həm də nəzərə alaq ki, Türkiyədə keçirilən seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Azərbaycanın imkanlarını çox genişləndirdi. Azərbaycan, artıq çox sərbəst və azad şəkildə istədiyini həyata keçirmək iqtidarındadır. Rusiya da Türkiyə ilə münasibətləri korlamaq istəməz. Bu baxımdan, vasitəçilər də ancaq oradakı separatizmin yatırılması və separatçıların məhv olması ilə bağlı söhbətlər apara bilərlər. Ola bilsin, Rusiyanın bu məsələlərdə fikirləri digər vasitəçilərdən bir az fərqlənsin. Onların da, Rusiyanın da Azərbaycanın qətiyyətli mövqeyinə təsir etmək imkanları get-gedə aradan qalxır.
– Kişinyov görüşü bu danışıqlar prosesinə nə vəd edir?
– Ermənistan tərəfi, Azərbaycan və digər beynəlxalq tərəfdaşlar qeyd edirdilər ki, iyunun 1-də Kişinyovda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Hesab edirəm, hərtərəfli sülh sazişinin imzalanması çətin olacaq. Hər hansı bir sənəd imzalana bilər, amma ümumilikdə bu, çərçivə razılaşması ola bilər. Çərçivə sazişi – “Biz bu çərçivəni qəbul edirik ki, bir-birimizin ərazi bütövlüyünü tanıdıq, ərazi iddialarımız yoxdur” prinsipini ortaya qoyur. Eyni zamanda, Azərbaycanın, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı digər müddəalar da ola bilər. Bu çərçivə sazişi müqəvva rolunu oynayacaq, amma onun içərisi boşdur. Deyək ki, müqəvvadır, daxili orqanları yığılmalıdır. Bu da asan bir proses deyil. Bunun üçün çərçivə sülh sazişi imzalanmalı, sonra hər iki tərəfin maraqlarına cavab verəcək, yaxud onları razı salacaq səviyyəyə gətirilməlidir. Bunun üçün ən azı, 7-8 ay, 1 il vaxt gedəcək. Bu, heç də asan başa gəlmir. Azərbaycanın Ermənistana ciddi tələbləri və iddiaları var. Bu 30 ildə onların başımıza gətirmədikləri oyun qalmadı.
Ermənistan tərəfi həm ərazi bütövlüyü, həm də xəritələr, Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı məsələləri ortaya ataraq ziddiyyət yaratmağa çalışır. Buna görə də görünən odur ki, erməniləri “sülhə razı salmaq” heç də asan olmayacaq. Bütün hallarda Azərbaycanın hədəfləri bəllidir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini, suverenliyini bərpa etməlidir. Bunun üçün birinci növbədə, erməni silahlıları ərazidən çıxarılmalı və üçtərəfli sazişdə göstərilən digər müddəalar yerinə yetirilməlidir. Azərbaycan beynəlxalq hüququn ədalətinə güvənərək, bunun üçün çox gözləməyəcək.