Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır - Sergey Markov 

17:27 24.10.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır. Hafta.az xəbər verir ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu sözləri özünün “Facebook” səhifəsində yazıb.

Politoloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.
S.Markov yazıb: “Şimal dəhlizi təqribən bir həftə bundan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alınandan sonra Ermənistan ordusu ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insanları məhv etməyə bərabər olacaq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.
Onun fikrincə, bu danışıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb: “Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılması şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.
"Putinin Valday klubundakı çıxışı Azərbaycanda alqışlandı və Ermənistana, eləcə də Ermənistanın Rusiyadakı çoxsaylı və hörmətli dostlarına soyuq duş təsiri bağışladı". Sergey Markovun bu fikirlərini isə vestik kavkaza informasiya agentliyi yazıb. "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?", sərlövhəli şərhində Markov bir neçə məqamları sıralayıb.
1.Putin aydın və birmənalı şəkildə Ermənistanın Dağlıq Qarabağda Azərbaycanla apardığı müharibəsinə hərbi dəstək göstərməsi imkanını rədd etdi.
2. Putin aydın şəkildə bəyan etdi ki, Rusiya Ermənistanın tərəfində deyil və Rusiyanın Azərbaycanla münasibəti Ermənistanla olduğu kimi, uzunmüddətli dostluğa və qardaşlığa hesablanıb.
3. Putin aydın şəkildə vurğuladı ki, Azərbaycan Ermənistandan öz ərazilərini geri alacaq və bu, məntiqlidir. Eyni zamanda, Azərbaycanın ərazilərinin bir hissəsinin uzun müddət işğalda qalması mümkün ola bilməzdi.
4. Putin son həftələr Rusiya KİV-lərində guya Türkiyənin Rusiyaya düşmən olması barədə Türkiyəyə qarşı fikir yürüdənlərə sərt cavab verdi. Putin qeyd etdi ki, Türkiyə Rusiyanın düşməni deyil, dostudur, Cənubi Qafqaz da daxil olmaqla bəzi fikir ayrılıqları ola bilər. Və Putin açıq dedi ki, Ərdoğanla işləmək onun üçün komfortludur. Çünki bəzi Avropa liderlərindən fərqli olaraq o öz vədini yerinə yetirir.
5. Belə görünür ki, Putin Rusiyanın dövlətə bağlı KİV-lərinə tövsiyə etdi ki, anti-Türkiyə isterikalarına son qoysunlar.
"Bəs Paşinyan və onun Rusiyadakı dostları daha nə istəyirdilər? Paşinyan onsuz da NATO-dan kömək istəyib və bununla yanaşı, Putinin də onun ölkəsini dəstəkləməsini istəyirdi?", deyə Sergey Markov ironik sual ünvanlayıb.