Rusiyanın təhdidi, Paşinyanın dirənişi

10:17 04.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda daxili siyasi gərginlik seçkilər yaxınlaşdıqca daha da artır. Baş nazir Nikol Paşinyan hakimiyyətini qorumağa çalışdığı bir vaxtda, revanşist siyasi qüvvələrin fəallaşması və Rusiyanın regionda təsir imkanlarını genişləndirmək cəhdləri diqqətlə izlənilir.

Milli Məclisin deputatı Azər Badamov Hafta.az-a bildirir ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə daha da kəskin xarakter almaqdadır.

Deputat qeyd edib ki, hazırda əsas rəqabət Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası ilə müxalif düşərgədə təmsil olunan siyasi qüvvələr arasında gedir. Müxalifətin önəmli fiqurları sırasında Samvel Karapetyan, keçmiş prezident Robert Koçaryan və Qagik Tsarukyan yer alırlar:

“Paşinyan seçki kampaniyasını, əsasən, Avropa ilə inteqrasiyanın dərinləşdirilməsi, demokratik islahatların davam etdirilməsi və Azərbaycanla sülh gündəliyinin irəli aparılması üzərində qurub. Müxalifət isə daha çox Rusiya ilə strateji əlaqələrin gücləndirilməsini müdafiə edir, Qərbə inteqrasiya siyasətini tənqid edir və bəzi hallarda revanşist ritorikadan istifadə etməklə elektoratı səfərbər etməyə çalışır. Mövcud ictimai rəy sorğuları və siyasi müşahidələr göstərir ki, hazırkı mərhələdə seçki yarışının favoriti Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvə hesab olunur. Bununla belə, seçkiqabağı proseslərin dinamik xarakter daşıdığı nəzərə alınarsa, müxalifətin fəaliyyətini də diqqətdən kənarda saxlamaq olmaz”.

A.Badamov vurğulayıb ki, son dövrlərdə Rusiya-Ermənistan münasibətlərində nəzərəçarpacaq gərginlik müşahidə olunur. Onun sözlərinə görə, Moskva rəsmi İrəvanı xəbərdar edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşması və ya təşkilatdan çıxması ölkə iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər:

"Bununla yanaşı, Ermənistan mənşəli bəzi kənd təsərrüfatı məhsullarının və digər malların Rusiya bazarına çıxışında məhdudiyyətlərin tətbiqi də siyasi təzyiq aləti kimi qiymətləndirilir. Rusiya rəsmilərinin Paşinyan hökumətinə ünvanladıqları sərt bəyanatlar, eləcə də Moskvanın Ermənistan daxilindəki Rusiyayönlü siyasi qüvvələrə verdiyi açıq və ya dolayı dəstək seçkiqabağı proseslərə təsir göstərmək cəhdi kimi dəyərləndirilə bilər. Ermənistanla Rusiya arasındakı münasibətlər hazırda son illərin ən mürəkkəb mərhələlərindən birini yaşayır”.

A.Badamov qeyd edir ki, müxalifət nümayəndələri hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla əldə olunmuş razılaşmaların yenidən nəzərdən keçirilə biləcəyini bəyan edirlər. Bu isə regionda sabitlik və sülh prosesinin gələcəyi ilə bağlı müəyyən narahatlıqlar yaradır:

“Lakin mövcud siyasi reallıqlar göstərir ki, revanşist qüvvələrin seçkilərdə hakimiyyətə gəlmək imkanları məhduddur. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi uzunmüddətli qarşıdurma və müharibələrin yaratdığı sosial-iqtisadi problemlərdən yorulub və daha çox sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlıq perspektivlərinə üstünlük verir”.

Politoloq Rəşad Bayramov Hafta.az-a bildirir ki, burada söhbət təkcə hakimiyyət uğrunda rəqabətdən deyil, həm də Ermənistanın gələcək geosiyasi və ideoloji istiqamətinin müəyyənləşdirilməsindən gedir.

Politoloq qeyd edir ki, Paşinyan 2020-ci il müharibəsindən və 2023-cü ildə Qarabağ məsələsinin tam bağlanmasından sonra ciddi tənqidlərə məruz qalsa da, hələ də seçkilərin fovariti olaraq görünür:

"Baxmayaraq ki, onun və rəhbərlik etdiyi siyasi qüvvənin reytinqi 2018 və 2021-ci illə müqayisədə aşağı düşüb. Hakim partiyanın rəqiblərinə nisbətən üstünlüyü isə bir neçə faktorla bağlıdır. Köçəryanın əvvəlki idarəçilik dövrü ilə bağlı mənfi imici hələ də qalmaqdadır, o, Ermənistanda “Qarabağ klanı”nın üzvü olaraq qəbul olunur və bu səbəblərdən də hakimiyyətə qarşı olan etirazçı kütləni tam şəkildə öz ətrafında cəmləşdirə bilmir. Karapetyana gəldikdə isə o, Rusiya ilə əlaqələri, kilsə ilə yaxın münasibətləri və anti-Paşinyan elektoratının bir hissəsini cəlb etmək potensialı ilə diqqət çəkir. Karapetyanın üstünlüyü ondan ibarətdir ki, o, həm Köçəryan-Sarkisyan komandasından müəyyən məsafədə görünməyə çalışır, həm də Paşinyana qarşı narazı elektorata yeni alternativ təqdim etmək iddiasındadır. Amma onun ikili-üçlü vətəndaşlıq səbəbilə namizdələr siyahısında olmaması, Köçəryan kimi Qarabağ müharibəsinin reallıqlarını qəbul etməməsi və antiQərb mövqeyi böyük seçici kütləsinin onun ətrafında cəmləşməsini imkansız edir. Kütlə anlayır ki, “Güclü Ermənistan” partiyasını dəstəkləmək heç nəyi dəyişməyəcək və nəticədə Karapetyan namizəd olmadığı üçün onun baş nazir olmaq ehtimalı da yoxdur.

Paşinyan isə özünü Ermənistanın təhlükəsizliyini yeni reallıqlara uyğunlaşdırmağa çalışan lider kimi təqdim edir. O, ənənəvi Rusiya yönümlü siyasətdən müəyyən məsafə saxlayaraq Qərblə əlaqələri genişləndirməyə çalışır. Bu kurs isə xüsusilə gənc və şəhər elektoratı arasında dəstək qazanır. Odur ki, hazırkı mərhələdə üstün mövqe yenə də Paşinyanın əlində görünür. Bunun əsas səbəbi onun çox güclü siyasi dəstəyə malik olması deyil, müxalifətin parçalanmış vəziyyətdə qalmasıdır. Ermənistanda seçicilərin əhəmiyyətli hissəsi üçün seçim “Paşinyan və ya keçmiş sistem” dilemması şəklində qalır. Bu isə hakim komandanın manevr imkanlarını artırır”.

Politoloq bildirir ki, seçkilər yaxınlaşdıqca Rusiyanın Ermənistana təzyqiləri artıracağı əvvəlcədən də proqnozlaşdırılırdı:

"Paşinyanın son illərdə Ermənistanın xarici siyasətində diversifikasiya xəttini gücləndirməsi, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirməsi Rusiyanın regiondakı ənənəvi təsir modelinə uyğun gəlmir. Təzyiq imkanları isə hələ də kifayət qədər genişdir. Ermənistan iqtisadiyyatında, enerji sektorunda, nəqliyyat-kommunikasiya sistemində və informasiya məkanında Moskvanın ciddi mövqeləri qalmaqdadır. Bundan əlavə, Ermənistan cəmiyyətində və siyasi elitasında Rusiyaya yaxın qüvvələr mövcuddur. Moskvanın əsas məqsədi mütləq şəkildə Paşinyanı devirməkdən daha çox, onun siyasi davranışlarını məhdudlaşdırmaq və Ermənistanın Qərbə inteqrasiyasını ləngitmək kimi görünür. Rusiya anlayır ki, Ermənistanda açıq şəkildə Kremlə bağlı qüvvələrin hakimiyyətə gətirilməsi həm daxili müqavimət yarada, həm də Qərbin reaksiyasına səbəb ola bilər. Buna görə Moskva daha çox təsir balansını qorumağa çalışır, yəni seçkilərdə maksimum daha çox tərəfdarının parlamentə düşməsi yolu ilə Paşinyana qarşı güncü parlament müxalifəti formalaşdırmaq və strateji qərarların qəbuluna təsir etmək üçün təzyiq imkanı əldə etmək.

Ermənistan rəhbərliyi də Rusiyadan tam uzaqlaşa biləcək resurslara malik deyil. Coğrafi vəziyyət, iqtisadi əlaqələr və təhlükəsizlik amilləri İrəvanı müəyyən balans siyasəti aparmağa məcbur edir. Buna görə yaxın perspektivdə Moskvanın təzyiqləri Paşinyanın qərarlarına təsir göstərəcək, lakin Ermənistanın tamamilə əvvəlki geosiyasi xəttə qayıtmasına səbəb olacaq səviyyədə görünmür”.

R.Bayramov deyir ki, revanşist qüvvələrin fəallaşması Ermənistanın daxili siyasətində müşahidə olunan mühüm tendensiyalardan biridir. Bu dairələr əsasən Qarabağ müharibəsinin nəticələri ilə barışmaq istəməyən, əvvəlki təhlükəsizlik və xarici siyasət konsepsiyasının bərpasını müdafiə edən qruplardan ibarətdir. Son dövrlərdə onların ictimai fəallığı artsa da, bu prosesin real hakimiyyət dəyişikliyinə çevrilməsi ehtimalı yox deyilə biləcək qədər aşağıdır:

“Məsələnin əsas tərəfi ondan ibarətdir ki, Ermənistan cəmiyyətində emosional revanşizm ilə siyasi revanşizm eyni şey deyil. Müharibənin nəticələrindən narazı olan və ya milli travma yaşayan insanların sayı kifayət qədər çoxdur. Bu narazılıq avtomatik olaraq keçmiş siyasi qüvvələrə dəstək anlamına gəlmir. Həmin qüvvələr uzun illər ərzində ölkədə korrupsiya, oliqarx idarəçilik və institusional zəifliklə assosiasiya olunur. Sorğular və ictimai müzakirələr də göstərir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi yeni müharibə perspektivinə ehtiyatla yanaşır. İnsanlar daha çox təhlükəsizlik, iqtisadi sabitlik və beynəlxalq təcriddən çıxış yolları axtarırlar. Bu baxımdan revanşist ritorika müəyyən auditoriyada dəstək qazansa da, geniş seçici kütləsini səfərbər etməkdə çətinlik çəkir.

Paşinyanın üstünlüyü məhz burada ortaya çıxır. O, öz siyasi kursunu reallıqların qəbul edilməsi və dövlətçiliyin qorunması zərurəti üzərində qurur. Müxalifət isə hələlik emosional narazılığı praktik siyasi proqramla birləşdirə bilmir. Bununla belə, revanşist qüvvələrin tamamilə zəiflədiyini söyləmək də düzgün olmaz. Əgər sosial problemlər dərinləşərsə, hakimiyyətin reytinqi ciddi şəkildə aşağı düşərsə və ya xarici güclər bu qüvvələri daha fəal dəstəkləyərsə, onların təsir imkanları arta bilər. Hazırkı şəraitdə revanşist düşərgənin hakimiyyətə gəlmək üçün yetərli siyasi potensiala malik olmadığı açıq şəkikldə görünür”.