Azərbaycan Ermənistana yaşıl işıq yandırır - Təhlil

11:26 09.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İrəvanın yeni əməkdaşlıq formatında əldə edəcəkləri 30 illik geriləməyə son qoya bilər

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi vəziyyət yarandı. Dağlıq Qarabağ probleminin hərbi həlli başa çatdıqdan sonra iqtisadi əməkdaşlıq və birgə nəqliyyat infrastrukturunun bərpası ilə bağlı proseslər yaşanır. Sözügedən məsələ ilə əlaqədar Moskvanın təşəbbüsü ilə yanvarın 11-də keçirilən növbəti üstərəfli görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında tranzit imkanlrın araşdırılması, iqtisadi əməkdaşlıq formatının yaradılması ilə bağlı razılıq əldə olundu. 

Azərbaycan dövlətin ali rəhbərliyi səviyyəsində bu işə loyal yanaşdığını bəyan edib və ortada güclü siyasi iradə də var.  Ermənistanda müharibənin məğlubiyyəti ilə barışmaq istəməyən qüvvələrin qisasçı bəyanatları, Moskvanıniqtisadi inteqrasiya təşəbbüslərini kölgələməyə çalışan addımları hələ də müşahidə olunmaqdadır. Bəs bu əməkdaşlıq tərəflərə hansı gələcəyi vəd edir? 

Qeyd edək ki, hazırda bölgənin müharibədən sonrakı bərpası ilə bağlı Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. İlkin mərhələdə əsas vəzifə Dağlıq Qarabağda əvvəllər mövcud olan və yeni avtomobil və dəmiryollarının bərpasıdır.

Əgər nəzərdə tutulan layihələr reallaşarsa, 30 ildən sonra Azərbaycan Naxçıvanla dəmir yolu əlaqəsini bərpa edəcək. Ermənistan isə Rusiya və İranla birbaşa dəmiryolu əlaqəsinə malik olacaq. Həmçinin Naxçıvan vasitəsilə Ermənistan Türkiyəyə də dəmiryolu çıxışına malik olacaq ki, bu da gələcəkdə Türkiyə və Rusiyanın birbaşa dəmiryolu əlaqəsinə malik olması deməkdir. 

Rəsmi Bakı müharibədə qalib tərəf olduğu üçün nəqliyyat əlaqələrinin bərpasını alqışlayır və bu addımın bölgənin 5 dövləti – Rusiy, Ermənistan, Azərbaycan, Türkiyə və İranın maraqlarına xidmət etdyiini açıqlayır. 

Rusiyalı ekspert Aleksandr Krılovun sözlərinə görə, nəqliyyat əlaqələrinin bərpası qarşılıqlı etimadın gücləndirilməsi və sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün əsas rolunu oynaya bilər: «Əgər xəritəyə nəzər salsaq, belə təsəvvür yaranır ki, yeni magistral xətlər Azərbaycandan daha çox Ermənistana daha vacibdir". 

Qeyd edək ki, bu gün Azərbaycanın Ermənistandan başqa bütün qonşuları ilə dəmiryolu əlaqələri mövcuddur. 2019-cu ildə ölkənin dəmir yolu ilə daşınmaları 7,6 milyon ton və ya 3,2 milyard dollar təşkil edib. Bunun 2,32 milyon tonu (710 milyon dollar) ixrac edilib. 5,25 milyon ton (2,5 milyard dollar) isə idxaldır. Azərbaycanın xarici ticarət dövriyyəsi 2019-cu ildə 33,3 midyard dollar olub. Bunun 19,6 milyard dolları ixrac, 13,7 milyard dolları isə idxalın payına düşür. Yəni dəmir yolu ilə 3,2 milyard dollarlıq yük daşımaları Azərbaycanın xarici ticarət dövriyyəsinin 10 faizi təşkil edir.   

Vurğulamaq yerinə düşər ki, yeni dəmir yolu xətlərinin inşasında ən maraqlı tərəflərdən biri də Ankaradır. Hələ noyabr ayında Türkiyənin Qars vilayətindən Naxçıvana yeni dəmiryolunun inşası ilə bağlı bəyanat verilmişdi. Ekspertlərin qənaətincə, əgər Qars-Gümrü xətti də inşa edilsə, onda Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmiryol xətti ilə illik yük daşımalarının həcmi 10 milyon tona bərabər olacaq. Bir maraqlı statistika da odur ki, Naxçıvan və Azərbaycan, Rusiya və Ermənistanı birləşdirəçcək dəmiryolunun çəkilişi 434 milyon dollara başa gələcək. 2019-cu ildə Azərbaycandan Naxçıvana vtobuslarla sərnişin daşımalarından 41 min insan yararlanıb. Bu marşurut indi İran ərazisindən keçir. Gömrük yoxlamaları səbəbindən yolun uzunluğu 8 saat vaxt alır.  Naxçıvanla birbaşa quru əlaqəsi bərpa edildikdən sonra sərnişin daşımalarının həcmi 2-3 dəfə arta bilər.

Sovetlər dönəmində məhz Naxçıvan-Mehri dəmiryolu Ermənistanın əsas yükdaşıma arteriyası sayılırdı.

Ermənistana gəldikdə isə işğalçı dövlət 30 ildir ki, təcrid vəziyyətindədir. Gürcüstanla mövcud dəmir yolu isə Abxaziya problemi səbəbindən işləmir. Ermənistanın 2019-cu ildə ixracı 2,64 milyard dollar təşkil edib. İdxal isə 5,5 milyard dollara bərabərdir. Sovetlər dönəmində məhz Naxçıvan-Mehri dəmiryolu Ermənistanın əsas yükdaşıma arteriyası sayılırdı. Bu yolla Ermənistana taxıl, neft məhsulları və metallar daşınırdı. Dəmiryolunun düzənlik ərazidən keçməsi səbəbindən 4 500 tonluq platformalardan istifadə mümkün idi. SSRİ zamanında bu marşurutla İrəvandan Moskvaya maksimum 2,5 sutka ərzində çatmaq mümkün idi. Bugünki imkanlarla bu vaxtı daha da azaltmaq mümkündür. 

İndi isə Rusiya ilə Ermənistan arasında yeganə quru əlaqəsi avtomobil yoludur. Bu yol Osetiya ərazisindən keçir. Buraxılış qabiliyyəti ikitərəfli qaydada gündəlik 200 tır, 40 avtobus və 200 yüngül nəqliyyat vasitəsidir. Ermənistanlı sürücülər il ərzində hər iki istiqamət üzrə bu yol vasitəsilə 10 min reys edirlər. Bu yolun əhəmiyyətli hissəsi ilin müəyyən vaxtlarında soyuq hava şəraiti ilə bağlı qapalı qalır ki, bu da Ermənistan üçün mənfi nəticələr doğurur. Ermənistanın Poti limanı vasitəsi ilə Rusiyayla dəniz əlaqəsi olsa da, erməni ekspertlərin özü belə bu vasitələrin yetərsiz olduğu qənaətindədir.

Aleksandr Krılovun sözlərinə görə, əgər nəqliyyat əlaqələrin bərpasına dair razılaşma reallaşarsa, Ermənistan Rusiya və İranla birbaşa dəmiryolu əlaqəsinə, Türkiyə ilə isə dəhlizə sahib olacaq. Bu, İrəvana İran körfəzi, Asiya bazarı və Şimali Avropaya Baltik limanları vasitəsi ilə çıxış imkanı da qazandıracaq. 

İqtisadi əməkdaşlığın digər mühüm məqamı isə su hövzələrindən birgə səmərəli istifadə imkanlarıdır. Söhbət ilk növbədə Araz çayından gedir. Münasibətlərin normallaşması bu çay üzərində hidloqovşaqların yaradılması və ətraf ərazilərin məhsuldarlığının artırılması perspektivini də vəd edir.  

A.Krılov bildirir ki, qeyd olunan imkanlardan indi çox az istifadə edilir. Məsələ Türkiyə, İran, Ermənistan və Azərbaycanın marağındadır: «Burada çoxtərəfli dövlətlərarası əməkdaşlıq əsasında fəaliyyət mümkündür ki, dörd dövlətin sərhədyanı ərazilərində vəziyyətin radikal formada yaxşılaşmasına şərait yaradacaq. Bununla belə, Ermənistan və Azərbaycan arasındakı düşmənçilik səviyyəsini nəzərə alsaq, bu ideyaların reallaşması çətin vəzifədir». Onun sözlərinə görə, ilk növbədə ictimai əhval-ruhiyyə yumşaldılmalı, çoxəsrlik düşmənçilik meylləri zəiflədilməlidir. İndiki mərəhələdə isə qeyd olunan istiqamətdə o qədər də fəallıq hiss edilmir.

Göründüyü kimi, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərək bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, hər kəs yeni reallıqla barışmalı və buna uyğun addımlarını atmalıdır. Növbəti mərhələ isə bir daha rəsmi Bakının təşəbbüsü ilə reallaşan iqtisadi əməkdaşlıq imkanlarıdır ki, indi bölgədə maraqları olan hər bir dövlət və ya tərəflər məhz bu amil üzərindən özlərini göstərməyə çalışırlar. İqtisadi əməkdaşlıq və nəqliyyat infratsrukturunun bərpası istiqamətində görülən işlərdə də çox incə  məqam var. Bu məqam bölgəyə gələcək hər bir tərəfdaşın, ilk növbədə, Azərbaycanın milli maraqları ilə hesablaşması və addımlarını bu maraqlar çərçivəsində atmasından keçir.