Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatı təsis edilib

22:28 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Şərqi Zəngəzur Regional Təşkilatının təsis yığıncağı keçirilib. Yaradılan təşkilat Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında fəaliyyət göstərən jurnalistləri öz sırasında birləşdirəcək.

Hafta.az xəbər verir ki, AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru Qafqaz Əvəz oğlu Dəmirov seçilib.

Regional təşkilatın təsis olunmasında əsas məqsəd Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə yaşayıb fəaliyyət göstərəcək jurnalistlərin koordinasiyasını yaratmaqdır. Həmçinin regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması nəzərdə tutulur. Artıq Kəlbəcər bölməsi yaradılıb və bölməyə sədr AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxışlarında ölkəmizdə söz və mətbuat azadlığının təmin olunduğunu vurğulamaqla, Şərqi Zəngəzur Regional Təşkilatının yaradılmasını müsbət addım kimi dəyərləndiriblər. Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqətdən, mətbuatın fəaliyyəti və inkişafı üçün yaradılan münbit şəraitdən söz açıblar.

Digər çıxış edənlər Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının fəaliyyətinə uğurlar arzulayıblar.

Oxunma sayı 170
Media rubrikasından digər xəbərlər