Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində iyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın "Jiji Press" informasiya agentliyi arasında əməkdaşlıq və xəbər mübadiləsi haqqında müqavilə imzalanıb. Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və "Jiji Press"in beynəlxalq əlaqələr üzrə icraçı direktoru Yoşiki Kişida imzalayıblar.
Hafta.az xəbər verir ki, müqavilənin məqsədi xəbər mübadiləsi sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinə, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin inkişafına töhfə verməkdir.
Sənədə əsasən, AZƏRTAC və "Jiji Press" agentlikləri ingilis dilində xəbərlərin, o cümlədən foto və video materialların mövcud texnoloji vasitələrlə ödənişsiz mübadiləsini həyata keçirəcəklər. Müqavilədə, həmçinin saxta xəbərlərin və dezinformasiyanın yayılmasına qarşı birgə mübarizə aparmaq, süni intellekt də daxil olmaqla yeni texnologiyalar sahəsində təcrübə mübadiləsi etmək niyyəti ifadə olunub.
Diqqətə çatdıraq ki, bu sənəd iki agentlik arasında 2015-ci il aprel 15-də imzalanmış müqaviləni əvəz edir.