Azərbaycan Karate-Do Federasiyasının prezidenti vəfat edib

10:42 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi barədə modern.az-a danışan Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev bildirib ki, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib. Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.

"İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq", - deyə Füzuli Musayev bildirib.

Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədovla eyni xəstəxanada olub, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Arif Məmmədov daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.