Sərhəddə baş verən son təxribatlarla bağlı millət vəkili Azər Badamov "Həftə içi"nə müsahibəsində maraqlı məqamlara toxunub.
- Ermənistan ordusunun tör-töküntüləri sentyabrın 12-13-də Kəlbəcər, Laçın və digər ərazilərimiz istiqamətində genişmiqyaslı təxribatlar törədib. Bu təxribatların arxasında hansı hərbi-siyasi maraqlar dayana bilər?
- Döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Erməni təxribatlarına gəlincə, burada bir neçə məqsəd dayanır. Birincisi, regionda gərginliyi artırmaq və sülh müqaviləsinin imzalanması ilə bağlı aparılmış danışıqları heçə endirmək. İkincisi, sərhəddə hərbi avantüraya əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini öz yalanına inandırmasına cəhd edərək bu məsələyə beynəlxalq gücləri cəlb etmək. Üçüncüsü, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-bərpa işlərinə mane olmaq və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını ləngitmək. Dördüncüsü, Zəngəzur dəhlizinin açılmasına maneçilik törətmək. Çox təəssüf ki, Ermənistan hələ də başa düşmür ki, imzaladığı sənədlərlə götürülmüş öhdəlikləri icra etməlidir və əgər bunu öz xoşları ilə etməzlərsə, Azərbaycanın kifayət qədər hərbi gücü var ki, buna güc yolu ilə məcbur etsin. Azərbaycan hələ də danışıqlara üstünlük verir. Ermənistan uzatdığımız sülh əlimizdən yapışmalı, qonşuluq münasibətlərinin formalaşmasına çalışmalıdır. Əks halda, məhv olunacaqlar və öz tarixi torpaqlarımızı da qaytara bilərik.
- Ermənistanın intensiv xarakter daşıyan bu təxribatları sülh danışıqlarından yayınması məqsədi daşıyırmı?
- Ermənistan danışıqlar masasında küncə sıxılmışdır və Brüsseldə sülh müqaviləsinin imzalanması üçün konkret öhdəlik götürmüşdür. Təbii ki, Ermənistanın son bir ayda intensiv təxribatlara əl atmaqla sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır. Çox təəssüf, anlamır ki, sülh müqaviləsinin alternativi yoxdur. Əgər Ermənistan yenidən təxribatlara əl atarsa, Azərbaycan imzaladığı razılaşmadan çıxa və öz ərazisini erməni hərbi tör-töküntülərdən qısa zaman kəsiyində təmizləmə əməliyyatına başlaya bilər.
- Paşinyan 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də Makrona, Putinə və ABŞ rəsmilərinə və dünyanın bir sıra ölkələrinə yalvarış xarakterli telefon zəngləri edib. Bu adam qorxursa, çəkinirsə. niyə təxribatlara bu dərəcədə meyil göstərir?
- Ermənistan müstəqil ölkə deyil və havadarlarının dəstəyi ilə təxribatlar törədir. Yəni, Cənubi Qafqaz beynəlxalq güclərin maraqların toqquşduğu regiondur və onlar regionda sülhün yaranmasını arzulamırlar. Ona görə də cəhənnəmdə yanıb külə dönmüş Minsk qrupuna yenidən can verməyə çalışır, ermənilərə dayaq dayanaraq qızışdırırlar. Sonra da özləri kənarda dayanıb gərginliyi seyr edirlər. Törətdikləri təxribat hərəkətləri ağır nəticələrə məruz qalanda Paşinyan yenidən öz havadarlarına yalvarmağa başlayır ki, Azərbaycanı atəşkəsə dəvət etsin. Paşinyan havadarlardan dəstək alanda elə bilir ki, arxasında böyük güc dayanıb və nəyəsə nail ola bilər. Amma başa düşmür ki, Azərbaycanın Müzəffər Ordusunun qarşısında heç vaxt dayana bilməz və ölkəsinin təhlükəsizliyinin təmin edilməsi suveren haqqıdır.
- Davamlı xarakter daşıyan erməni təxribatları nəticə etibarilə Azərbaycanı qisas əməliyyatlarını genişləndirməyə vadar edə bilərmi?
- Azərbaycanın başqa ölkənin ərazisində heç vaxt gözü olmayıb. Eyni zamanda, öz ərazisinin bir qarışını belə kiməsə zəbt etməyə imkan verməyəcəkdir. Əsas hərbi əməliyyatımızı iki il əvvəl 44 gündə apardıq və torpaqlarımızı düşmən tapdağından azad etdik. Sonra da qisas əməliyyatı keçirməklə düşməni ağıllı olmağına mesaj verdik. Görünür, düşmən bundan hələ də nəticə çıxarmayıb və bir aydır, intensiv əməliyyatlara əl atmışdır. Təbii ki, düşmənin hər bir təxribatının qarşısı çox ciddi şəkildə alınır və onlar ağır itkilərə məruz qalaraq geri qaçmağa məcbur olurlar. Öz ərazisinin bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın suveren hüququdur. Hər bir ölkənin ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq hüquq normalarında da həkk olunmuşdur. Beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Azərbaycanın Müzəffər Ordusu Qarabağda antiterror əməliyyatı keçirə və orada qalmış erməni hərbi tör-töküntülərini məhv edə bilər. Azərbaycan son anda, yəni sözün işləmədiyi yerdə silah işlədir. Ona görə də hələ ki danışıqlar yolu ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasına üstünlük vermişdir. Əgər Ermənistanın təxribatları yenidən davam edərsə, bu, sözün gücünün bitdiyi nöqtəsi olacaq və Azərbaycan növbəti antiterror əməliyyatı keçirə bilər.