“Azərbaycan özü Avropa Şurasından imtina edə bilər” - Mətin Məmmədli

12:59 23.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

AŞPA-nın Azərbaycanın səsini dondurmaq təşəbbüsü ölkəmizə təzyiq məqsədi ilə ortaya atılıb.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.

Ekspert qeyd edib ki, əgər Avropa Şurası, AŞPA üçün həqiqətən insan hüquqları məsələsi maraqlı idisə, o zaman Azərbaycan torpaqlarını işğal edib nəticədə 100 minlərlə insanın fundamental insan hüquqlarını tapdayan Ermənistana qarşı sanksiya, qərarlar qəbul etməliydi.

“Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Biz Avropa Şurasına daxil olarkən əsas məqsədimiz bu platformdan istifadə edərək Azərbaycan torpaqlarının işğal faktının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Avropa İttifaqının da imkanlarından istifadə edib işğala son qoymaq idi. Ancaq gözləntilərimz doğrulmadı. Azərbaycan yalnız öz gücü ilə ədaləti bərqərar elədi. 2001-ci ildən bu yana Avropa Şurası Azərbaycana qarşı ikilistandartlara əsaslanan mövqe nümayiş etdirib. Bu addım qırmızı xətləridir və Azərbaycan tərəfindən qəbul edilə bilməz”.

M.Məmmədli məsələlərin belə inkişaf edəcəyi təqdirdə Azərbaycanın özünün Avropa Şurasından imtina edə biləcəyini önə çəkib.

“Proseslərin bu istiqamətdə inkişaf etməsini arzulamazdıq. Düşünürəm ki, Avropada da müəyyən rasional düşüncəli şəxslər, dairələr tapılacaq ki, proseslərin bu istiqamətdə inkişafına imkan verməsinlər. Ancaq nəzərə almalıyıq ki, Azərbaycanın öz torpaqlarını azad edib suverenliyini bərpa etməsi Qarbdə, Avropada bir çox dairələri ciddi narahat edir, müxtəlif vasitələrlə bizə təzyiq etmək istəyirlər. Bu, Azərbaycan tərəfindən qəbul edilə bilməz. Çünki Azərbaycan öz addımlarını atarkən ölkənin milli maraq və mənafelərini, beynəlxalq hüquq normalarını, beynəlxalq konvensiyaları nəzəfə alır, onlara riayət edir”.