Azərbaycan pandemiya dövründə xarici borc üçün müraciət etməyən nadir ölkələrdəndir - TƏHLİL

16:55 16.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün qlobal pandemiya dünyanın bütün dövlətlərinin iqtisadiyyatına ağır zərbələr vurmaqdadır. Əksər ölkələr iqtisadi və sosial öhdəliklərini yerinə yetirə bilmədiyindən xarici maliyyə institutlarından borc almaq məcburiyyətində qalıblar.  Məsələn, artıq 150-dən çox ölkə borc üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Sevindirici hal ondan ibarətdir ki, həmin siyahıda Azərbaycanın adı yoxdur. Çünki Azərbaycanın güclü maliyyə imkanları və dayanıqlı iqtisadiyyatı belə çətin günlərdə dövlətimizin bütün iqtisadi və sosial hədəflərini tam yerinə yetirməyə imkan verir.

Yeri gəlmişkən, bu ilin 3 ayının statistik göstəricilərinə nəzər salsaq görərik ki, ölkədə pandemiya şəraitində belə makroiqtisadi göstəricilərdə müsbət dinamika qeydə alınıb. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub. Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri–neft sənaye sektorunda artım 23 faiz təşkil edib. İnflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edib.

Eyni zamanda, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, ölkədə həyata keçirilən islahatlar müsbət nəticə verir. Belə ki, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Bu isə MDB ölkələri arasında ən yüksək göstəricilərdən sayılır.

Prezident İlham Əliyev sözügedən videokonfranda həmçinin pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin qaçılmaz olduğunu da diqqətə çatdırıb: “Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirib. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.

Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”.

Qeyd edək ki, hazırda dünya iqtisadiyyatında böhranın müşahidə edilməsinə, eyni zamanda, neftin qiymətinin sürətlə aşağı düşməsinə baxmayaraq Azərbaycan höküməti 2020-ci ildə heç bir sosial layihəni təxirə salmayacaq. Əksinə, Azərbaycan hökumətinin pandemiyanın iqtisadi və sosial sahələrə təsirinin minimallaşdırılması məqsədilə təsdiq edərək icrasına başladığı maliyyə tutumu 2,5 milyard manat olan dəstək paketi region ölkələri arasında ən strateji və əhatəli konsepsiya hesab edilə bilər. Bu proqramlar genişmiqyaslı iqtisadi və sosial paket olmaqla həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Dəstək paketi ilə yanaşı, dövlətimiz əlavə tədbirlər üçün də böyük həcmdə maliyyə vəsaitləri ayırmaqla bütün iqtisadi sektorlara davamlı dayaq olacağını nümayiş etdirməkdədir. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb. İlin sonunadək hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu vəsaitlər 2,5 milyard manata daxil deyil və onu göstərir ki, Azərbaycanın maliyyə imkanları hesabına hər bir sahənin problemləri öz həllini tapacaq. Yəni, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin də həmişə vurğuladığı kimi, atılan bütün addımların mərkəzində ölkə vətəndaşının rifah halı dayanır.

Prezident İlham Əliyevin videokonfransda da bildirdiyi kimi, ölkəmizdə insanların sosial həyatı ilə bağlı bütün zəruri addımlar atılır, 2020-ci ildə bütün sosial proqramlar ən yüksək səviyyədə yerinə yetiriləcək. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək: “Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək”.