“Azərbaycan prezidenti öz işini ustalıqla yerinə yetirir” - Barux Leviev

10:15 07.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail hər zaman Azərbaycana dəstək verib, dövlətimizin müdafiə qabiliyyətinin artmasında mühüm rol oynayıb, lobbiçilik dəstəyi verib və sair. Hətta zaman-zaman buna görə bəzi qonşu ölkələrin qınağına da tuş gəlmişik. Nəhayət, ordumuz 20 ilə yaxındır Ermənistanın işğalında qalmış Vətən torpaqlarını azad etdi və bu gün həmin ərazilərdə tikinti-quruculuq işləri gedir. Təbii olaraq, yenə də əvvəlki dostlar bu prosesdə Azərbaycana hərtərəfli dəstək verirlər. O cümlədən, İsrail şirkətləri hazırda azad olunmuş torpaqların yenidənqurmasında iştirak edirlər.

İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbiçilik fəaliyyəti göstərən Barux Levievlə Hafta.az-da söhbətimizdə də çalışdıq ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrə aydınlıq gətirək, nə edirik, nə etməliyik suallarına cavab tapaq. Tapdıqmı, gəlin müsahibəyə birlikdə nəzər salaq:

- Mən əslən Qafqazdanam – Maxaçkalada doğulmuşam, nənəm isə azərbaycanlıdır. Soykökü Azərbaycandan olan bir yəhudi kimi, qardaş xalqımızın bütün nailiyyətləri və qələbələri ilə fəxr edirəm. İsrailin yerli xalqının Azərbaycanda baş verən hər şeyi necə izlədiyi və ölkə rəhbərliyinin mövqeyi də aydındır: dostluq və qardaşlıq münasibətlərini gizlətmək olmaz...

- Ölkənizdə Azərbaycanı necə tanıyırlar?

- İsraillilər Azərbaycanı müasir, demokratik və tolerant dövlət kimi görürlər. Bilirlər ki, Azərbaycan dövlətinin başında ağıllı və müdrik prezident dayanır. Həmçinin, Azərbaycana turist kimi gələnlərin çoxu həm ölkənin özü, həm də xalqı haqqında çox xoş xatirələrlə geri qayıdırlar və bu məlumat kiçik ölkəmizdə çox sürətlə yayılır. Hətta Qarabağda aparılımış məlum hərbi əməliyyatlardan sonra Azərbaycan haqqında daha çox şeylər deyilməyə başladı və bu da Azərbaycan əsilli mühacirlərin diasporunun, fəallarının və ictimai xadimlərinin sayəsində baş verib. Ölkə rəhbərliyinə gəlincə, hesab edirəm ki, burada hərbi, iqtisadi və sair maraqlar əsas rollardan birini oynayır. İsrail, xalqın hökumətə çox böyük təsir imkanı olan demokratik dövlət olduğu üçün, rəhbərliyimiz xalqın birbaşa göstərişlərini dinləməli və bəzən onlara əməl etməyə borcludur. Burada qeyd edə bilərəm ki, Qarabağda hərbi münaqişədən bir qədər əvvəl İsraildəki solçu partiyalar erməni xalqının soyqırımını tanıyan qanun qəbul etməyə çalışıblar. Amma komandamız çevik reaksiya verərək bu prosesin qarşısını ala bildi. Bizim reaksiyamız ildırım kimi sürətli və sərt oldu.

- Hər zaman İsrail xalqı və hökuməti, hətta xaricdəki yəhudi lobbiləri Azərbaycana dəstək verdi. Sizcə bu dəstək gələcəkdə davam edəcəkmi? Maraqlıdır, dünyanın hər yerində Azərbaycan və yəhudi diaspor təşkilatları birlikdə hərəkət edə bilərlərmi? Məsələn, Azərbaycan və Türkiyə diasporları artıq bunu edir...

- Əgər sizinlə bizim kimi, insanlar dostluğu möhkəmləndirməyə, əlaqələri inkişaf etdirməyə və bütün bunları sosial şəbəkələr və mətbuat vasitəsilə yaymağa davam edərsə, mütləq dəstək göstəriləcək. Çünki bu müstəvidə inkişafa heç bir məhdudiyyət yoxdur. Ölkələrimiz çox sıx əlaqələrə malik olsalar da, məncə, biz bu əlaqələrdən tam istifadə etmirik. Müxtəlif təşəbbüslər var ki, daha çox təbliğ edilməlidir. Bura həm kommersiya, həm də ictimai xarakterli planlar daxildir. Bilməliyik ki, Bakı və Qüdsdən başqa da çox sayda şəhər və rayonlar var. Hamı üçün əlverişli şərait yaratmaq lazımdır. Mümkün qədər az bürokratik maneələr qoymağa çalışmalıyıq. Birgə fəaliyyət göstərmək üçün xalqlarımız arasında, xüsusən də gənclər arasında qarşılıqlı maraqlar olmalıdır.

- Son bir ildir azad olunmuş torpaqlarda tikinti-quruculuq işləri aparan Azərbaycanda, eləcə də Qafqazda  daha sabit və rahat ab-hava var. Amma təəssüf ki, Ermənistan birmənalı yanaşmır sülhə. Bunu sərhədlərin müəyyən edilməsində də görürük. Zəngəzur dəhlizinə münasibətdə isə onlar daha radikal davranırlar. Ermənistan niyə sülhə gəlmək istəmir, axı onlardan milli suverenliklərinə zidd heç nə tələb olunmur...

- İki rəqib tərəfin dialoq aparmağa başlaması, bir-birinə yaxınlaşması üçün yoldakı hər cür maneələrdən -  fiziki, emosional, psixoloji - xilas olması lazımdır. İnanmıram ki, qanlı müharibədən sonra dərhal bir-birinə aşiq olmaq mümkün olsun. Mən bunu öz ölkəmizdə - İsraildə də görürəm. Sülh prosesi vaxt tələb edir, yenidən dostluq və mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər kəs böyük səylər göstərməlidir. Azərbaycan lap əvvəldən hamı üçün çox cəlbedici regionda yerləşir. Hər cür tarixi hadisələrlə və dinamik siyasi proseslərlə zəngin olan Qafqaz coğrafi mühiti demək olar ki, hamıda böyük maraq doğurur. Bu gün mən və dost-tanışlarım kimi, bütün dünyanın siyasi elitası ölkənizdə baş verənləri diqqətlə izləyir. Biz görürük ki, prezidentiniz öz işinin öhdəsindən əla gəlir. Əminəm ki, Prezident İlham Əliyev manipulyasiya edən, təhrikedici, sabitliyi pozan və yaxud həqiqətən də kömək göstərən, yaxşı və ya pis əməllərin sahibi olan daxili və xarici qüvvələri tanıyır. Bu vəziyyətdə mütləq manevr etmək və ağıllı qərarlar qəbul etmək lazımdır. Yenə təkrar edirəm: Azərbaycan prezidenti öz işini gözəl və ustalıqla yerinə yetirir. Bilirsiniz, mübahisəli məsələlər həmişə olub və olacaq. Amma bunları addım-addım və qurbansız həll etməyi bacarmaq lazımdır. Bunun üçün möhkəm olmaq və bəzən güzəştə getmək də vacibdir. Sizin kimi, münaqişə zonasında yaşayan bir israilli olaraq deyə bilərəm ki, hər şey tərbiyədən və hazırlıqdan başlayır. Daim hər kəsə və hər şeyə nifrət aşılasanız, heç vaxt sülh olmayacaq və bu halda heç bir siyasətçi müsbət bir şey edə bilməz. Mən bunu ölkəmizdəki ərəb gəncləri arasında görürəm. Onlara hələ beşikdəykən biz yəhudilərə düşmənçilik və nifrət aşılayırlar.

- Zəngəzur dəhlizindən söz düşmüşkən, İran narahatdır ki, Ermənistanla sərhədi itə, amma qalan bütün region ölkələri bu ideyaya tərəfdardır. Son vaxtlar Minsk Qrupu da yenidən aktivləşmək istəyir, hansı ki, daha onlara ehtiyac yoxdur. Sizcə nə istəyir Minsk Qrupu, Rusiya və Türkiyənin Qafqazda roluna ortaq olmaq, yoxsa sadəcə özlərini masada görmək?

- Bayaq da dedim: Qafqaz kimi cəlbedici regionlarda bir çoxları özlərini oyunçu görmək, münaqişənin özlərinə sərfəli tərəfdən çözümündə həlledici, yekun rol oynamaq istəyirlər. Lakin kim nə deyir desin, seçimi Azərbaycan dövləti  və xalqı özü etməlidir. Azərbaycan xüsusi mentalitetə ​​malik müstəqil dövlətdir. Tarix boyu olduğu kimi, ölkənin və xalqın quruluşu, müəyyən adət-ənənələri, siyasi sistemi, millətlərarası münasibətləri və sair inkişaf edib. Əgər biz eyni yolla getsək, Azərbaycanın böyük gələcəyi olacaq. Baxmayaraq ki, Azərbaycan şiə-müsəlman dövlətidir, amma başqalarına bənzəmir. Bu Azərbaycan dövlətinin və xalqının xüsusi özəlliyidir və hesab edirəm ki, Azərbaycan bu unikallığı itirə bilməz. Yenə deyirəm: bu gün müəyyən siyasi oyunlar gedir, hər kəs öz maraqlarını müdafiə edir. Amma güc tətbiq etmədən inandırmağı bacaran qalib gələcək. Bununla yanaşı, proseslərə nəzarət edilməli və lazımi anda reaksiya uyğun və ildırım sürəti ilə olmalıdır.

- Müharibə dövründə və sonrakı quruculuq işlərində İsraili yanımızda gördük. Bu gün quruculuq işlərində bildiyimə görə, İsrailin altı şirkəti çalışır. Siz şəxsən nə təklif edərdiniz ölkəniz adına: İsrail işğaldan azad olunmuş ərazilərdə konkret hansı sahələrdə daha böyük töhfələr verə bilər?

- İşğaldan azad edilmiş ərazilərdə nə qədər İsrail şirkətinin fəaliyyət göstərdiyinə dair dəqiq məlumatım yoxdur, amma şəxsən öz adımdan deyə bilərəm ki, bir neçə layihə təklif etmişəm. Birincisi, günəş elektrik stansiyalarının tikintisi. Bu yolla bölgənin enerjiyə tələbatını həll etmək mümkündür. İkinci təklifim isə, ölkəmizdə yerləşən almaz birjasının orada da açılmasıdır. Hətta bununla bağlı bir sıra yerli media vasitələrinə müsahibələrimdə də demişəm. Yeri gəlmişkən, təkliflər hələ də qüvvədə qalır. Məncə biznesin inkişafı və təşviqi üçün heç bir məhdudiyyət yoxdur. İsrail demək olar ki, hər şeyi, xüsusən də tibb və yüksək texnologiya sahəsində bütün layihələri təklif edə bilər.

- Bilirsiniz ki, Azərbaycanda çox sayda yəhudi yaşayır. Düzdür, əvvəl sayları daha çox idi, amma müstəqillik illərində İsrailə və başqa ölkələrə köçənlər olub. Təşkilat rəhbəri olaraq, həmin soydaşlarınızla əlaqə saxlayırsınızmı, onların Azərbaycanda yaşayışlarından razısınızmı? Ümumiyyətlə, İsrailin siyasi və ictimai sferalarında Azərbaycanda yaşayan yəhudilər haqda necə münasibət var?

- Azərbaycanda multikulturalizm ən yüksək səviyyədə inkişaf edib və bunu hər kəs, o cümlədən, azərbaycanlı yəhudilər də mütəmadi şəkildə dilə gətirirlər. Həqiqəti gizlətmək olmaz, olan budur. Lakin qloballaşmanı ləğv etmək də mümkün deyil. Bütün ölkələrin insanları digər ölkələri gəzir, yaşamaq üçün köçürlər, bu sirr deyil və şəxsən mən burada pis bir şey görmürəm. Hər şey təbiidir. İnsanlar bir-biri ilə ünsiyyət qurur və bu gün həmişəkindən daha çox bütün növ kommunikasiyalar mövcuddur. Bəzən bizim isti münasibətimizi başa düşmək üçün lazımsız reklamlara belə ehtiyac qalmır. Xalqlarımız bir-birinə qarşı isti və fəal davranır, görüşür, hətta ailə qururlar. Gənclər inkişaf edərək, irəli gedirlər. Azərbaycandan gəlmiş mühacirlərin İsraildə yaradılmış böyük diasporu mövcuddur və onlar iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərirlər. İsrailin siyasi rəhbərliyi də yəhudilərin Azərbaycanda necə yaşadığını yaxşı bilir.

- İsrailin Azərbaycanda səfirliyi var, amma Azərbaycanın İsraildə yox. Bu məsələ sadə İsrail ictimaiyyətində necə qarşılanır? Təbii, siyasi səbəblər aydındır, amma buna cavabı sadə insanların baxışından öyrənmək istərdik...

- Səbəbləri İsrail vətəndaşı olan sadə insanlar çox yaxşı başa düşürlər. Bu da Qafqazdan olan ictimai xadimlərin, izahat işləri aparan insanların savadlı və vicdanlı əməyi sayəsində baş verir. O cümlədən mən də bu suala cavab verməyə çalışıram. Mən hətta bu müstəvidə ölkələrimizin başçılarına məktublar yazdım, hər cür görüşlər keçirdim, amma təəssüf ki, indiyədək müsbət nəticə əldə edə bilməmişəm. Amma pessimist deyilən, ümid edirəm ki, yaxın gələcəkdə biz İsrailin paytaxtında Azərbaycan səfirliyinin açılışını birlikdə qeyd edə biləcəyik.

Oxunma sayı 4476