Azərbaycan Rusiyanın  saytlarını, televiziyalarını bloklaya  bilər - Müşfiq Ələsgərli

18:10 29.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya tərəfindən Azərbaycan saytlarının bloklanması yanlış addımdır. Rusiyanın bizim bəzi saytlarf girişi bağlaması insanların alternativ mənbələrdən informasiyaları  almaq  hüququnun pozulması kimi dəyərləndirilə bilər”.

Bunu hafta.az-a Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Rusiyanın Rabitə İnformasiya Texnologiyaları və KİV-nə Nəzarət Federal Xidmətinin Azərbaycanın bir sıra saytlarının bloklanması faktına dair açıqlamasında bildirib.

Rusiyanın bu adımının yanlışlığını üç istiqamət üzrə təhlil edən M.Ələsgərli məsələni ilk növbədə Rusiyanın fikir, söz azadlığını, plüralizm prinsiplərini pozması faktı kimi dəyərləndirib. O, bildirib ki, istənilın xalqın, o cümlədən rusdilli əhalinin də alternativ mənbələrdən informasiya almaq hüququ var. Sadəcə Rusiya bu hüququ pozur.

Media eksperti böyük ehtimalla hesab edir ki, Rusiyanın Azərbaycan saytlarını bloklayarkən atdığı yanlış addımlardan biri də Ukrayna –Rusiya müharibəsi barədə Azərbaycan mediasının yaydığı həqiqətlərin qarşısını almaq məqsədi ilə atılıb.  

“Həqiqət budur ki, Rusiya işğal məqsədi ilə Ukrayna ərazisinə daxil olub, heç bir hərbi hüquqa sığmayan qaydasız müharibə aparır. Azərbaycan saytları isə beynəlxalq hüquqa uyğun olaraq Ukraynada olan əməkdaşlarının, repartyorlarnın məlumatlarını, eyni zamanda beynəlxalq təşkilatların Ukrayna müharibəsi ilə bağlı hesabatlarını  öz səhifələrində dərc edirlər. Azərbaycan KİV-ləri qeyri- rəsmi, olanlardan kənar heç bir məlumat vermir.  Beynəlxalq KİV-lərin hesabatlarında nə varsa, Azərbaycan KİV-ləri də onu dərc edirlər.  Yəni hərbi meydanda gözlə nə görünürsə onlar yazılır. Burda Rusiyaya qarşı bir qərəz,  hər hansı bir kampaniya yoxdur.”

M.Ələsgərli 44 günlük müharibənin gedişatı dövründə Rusiya KİV-lərinin  Azərbaycana qarşı hansı informasiya savaşı aparmasına diqqət çəkib. Media eksperti hətta o zaman Azərbaycanın Rusiya KİV-lərini bloklamadığını xüsusilə xatırladıb.  

“Rusiyanın bu cür əks addım atması gözlənilən hadisə deyildi. Buna baxmayaraq Rusiya Azərbaycandan çox özünə ziyan vurmuş olacaq”.

M.Ələsgərli dünən Mətbuat Şurasının Azərbaycanın Media təşkilatları adından Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq təşkilatlara, media ictimaiyytinə  müraciətlər etdiyini bildirib.  

“Artıq bütün dünya bildi ki, Rusiya bu cür neqativ əməllərlə məşğuldur, antidemokratik addımlar atır. Bu, Rusiyanın imicinə yaxşı nələrsə vəd etmir.

Rusiya belə davam etdirərsə, Azərbaycandan da ona adekvat cavablar verilcək. Azərbaycan da  eyni qaydada  Rusiyanın  saytlarını, televiziyalarını bloklaya  bilər. Bu da Rusiya üçün heç də məqbul deyil.  Nəzərə almalıdılar ki, bu gün dünya Rusiyaya qarşıdır. Biz beynəlxalq təşkilatlara etdiyimiz müraciətin cavabını gözləyirik. Görək Rusiya tərəfi buna necə reaksiya göstərəcək”.