Dünyanın geosiyasi savaşının mərkəzində yer alan Cənubi Qafqazın ən güclü dövləti Azərbaycan bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməklə, yaxud regionun dominantları ilə bir sırada Zirvə görüşlərində iştirak edib mühüm sənədlərə imza atmaqla yeni reallıqlar fonunda cərəyan edən proseslərdə heç də rolunun təsadüfi olmadığını bir daha meydana çıxarır. Bir çox hallarda ölkəmizin məhz onun müstəqilliyini hədəfə alan dövlətlərlə bir arada olması bir təhdid və təhlükə kimi dəyərləndirilir. Belə bir təhdidin hətta Xəzəryanı Dövlətlərin VI sammitində də yarandığı qeyd olunmaqla, ölkənin bu prosesdən uduşsuz çıxacağı da vurğulandı. Maraqlıdır, yeni düzən, dünyanın yeni geosiyasi “Yol xəritəsi” Azərbaycanın bu posesdə hansı “masada oturması”ndan asılı olmayaraq ona regionda hanası şərait və imkanları tanıyır? Bu istiqamətdə hafta.az-a müsahibə verən AMEA-nınelmi işçisi, politoloq Rauf Məmmədov çox mühüm məqamlara diqqət çəkib.
-Rauf müəlllim, Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçirildi. Sammitin ümumən region üçün əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunur. Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan, Rusiyanın iştyirak etdiyi sammitin əhəmiyyətini necə təhlil etmək olar?
- Xəzər bölgəsinin demilitarizasiyası prinsipi, yalnız Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiya Xəzərdə və Xəzəryanı bölgədə yeganə hərbi güc olmaq istəyir və bölgədə başqa ölkələrin hərbi bazalarının olmasının qarşısını almağa çalışır. Bu, SSRİ-nin, daha doğrusu Çar Rusiyasının bərpası ideyasının, yəni, bölgəni müstəmləkə şəklində idarə etmək istəyinin növbəti təzahür formasıdır. Əslində, bu yeni bir şey deyildir. Xəzərin statusunun müəyyən edilməsi ilə ortaya çıxan məlum məsələdir.
Vldimir Putinin sammitə Tacikistandan gəlməsi də təsadüf deyildir. Çünki son dövrdə Türkiyə, Azərbaycan və Orta Asiya türk dövlətlərinin əlaqələri sürətlə inkişaf etməkdədir. Burada diqqəti çəkən məsələ, əlaqələrin əsasən “Türk NATO-su” istiqamətində, yəni hərbi birlik təməli üzərində qurulmasıdır. Məsələnin bu istiqamətdə inkişafı Böyük Britaniya və ABŞ-ın da marağındadır. Çünki son dövrdə onların dövlət nümayəndələrinin Xəzəryanı dövlətlərin rəhbərləri ilə intensiv görüşləri bunu deməyə əsas verir. Qazaxıstan prezidenti Comert Tokayevin Peterburq forumunda çıxışı da bir daha təsdiqlədi ki, Xəzəryanı dövlətlərin rəhbərləri öz gələcəklərini Rusiya ilə birlikdə görmürlər. Hətta, onlar, öz dövlət müstəqilliklərini qorumaq üçün, Rusiya ilə qarşı-qarşıya gəlməkdən belə çəkinmirlər. Çünki Ukrayna müharibəsi, “güclü rus ordusu” mifini ortadan qaldırdı.
Vladimir Putin sammitə Tacikistandan gəlməklə göstərdi ki, Orta Asiya bölgəsində Rusiyanın forpostu olan Tacikistan vasitəsilə Fərqanə bölgəsində qarışıqlıq yaratmaqla bütün bölgəni müharibəyə cəlb edə bilər. Ancaq, Rusiya Orta Asiyada yeni bir savaş başlatmaq iqtidarında deyildir. Çünki birincisi, o, Ukraynada böyük əsgəri və texniki, həmçinin, böyük maliyyə itkiləri verir. Orta Asiya bölgəsində yeni cəhbə açmaq Rusiyanın hərtərəfli şəkildə müflis olmasına səbəb olar. İkincisi, indi Ukraynada daha çox savaşan buryat və qafqaz mənşəli əsgərlərin böyük bir qismi Orta Asiya bölgəsində savaşmaqdan imtina edə bilər. Çünki Rusiya bu bölgədə denasifikasiya adı altında müharibə apara bilməz. O, burada müharibə aparmaq üçün, türk millətçiliyi və ya islam terrorizmi ilə mübarizə adı altında savaş aparmalıdır. Bu isə, Rusiyanın öz içində olan türklərin və müsəlmanların ayağa qalxmasına, həmçinin, Əfqanıstanda taliblərin müharibəyə qatılmasına səbəb olacaqdır. Belə bir ssenari Rusiyanın sonu deməkdir. Çin də belə planın reallaşmasına imkan verməz. Əlbətdə, Böyük Britaniya və ABŞ belə bir ssenari ilə Rusiya və Çini zəiflətmək və özündən asılı duruma salmağa çalışır. Buna görə də, Türk dövlətləri get-gedə Rusiyaya qarşı etinasızlıq nümayiş etdirirlər. Vladimi Putin isə, özünü cəsarətli göstərmək üçün, hələ də diqtə ilə danışmağa davam edir. Ancaq, artıq bu işləmir. Xəzəryanı dövlətlər öz enerji xətlərini Azərbacana və oradan da Türkiyə vasitəsilə Avropaya göndərməkdə qərarlıdırlar. Xəzər Dənizi yalnız Rusiyaya aid dəniz deyildir. Xəzəryanı dövlətlər təşkilatında türk dövlətləri say baxımından çoxluq təşkil etdikləri üçün, onların iradəsi Rusiyanın iradəsinin üstündə olmalıdır. Görünür, yaxın gələcəkdə bu məsələ də gündəmə gələcəkdir.
İran hal-hazırda tərəddüd içindədir. O, Rusiyanın bölgədə siyasətini dəstəkləsə də, öz fərqli maraqları vardır. Buna görə də, Xəzərə nəzarət məsələsində İran Rusiya ilə razılaşmır. Lakin, Rusiyanın zəifləməsi ilə, İran da tədricən Türk dövlətləri ilə razılaşmağa məcbur olacaqdır. Çünki İranın əsas sərmayədarı olan Çin bölgədə savaş istəmir. Onun “bir kəmər, bir yol” istiqamətində qoyduğu trilyon dollarlarca sərmayələr ortadan qaldırıla bilməz. Buna görə də, Çin, bölgədə Türk dövlətlərinin, Türkiyənin varlığını qəbul edəcəkdir. Çindən asılı durumda olan İran da fərqli yol tuta bilməz. Əks təqdirdə, İran parçalanacaqdır.
-Xəzəryanı dövlətlərin sammiti ərəfəsində NATO dövlətlərinin də sammiti keçirildi. Vəziyyət nəyi diqtə edir?
- NATO dövlətlərinin Madrid sammiti Türkiyənin qələbəsi ilə bitdi. İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul etdilər. Türkiyə sanki bu sammitdə NATO-nun ağası rolunda çıxış etdi. Almaniya, Fransa kimi NATO ölkələri də Türkiyənin şərtlərini qəbul etməlidirlər. Çünki PKK və FETO qruplarının əsas qərargahları bu ölkələrdədir. İsveç və Finlandiya bu şərtləri qəbul etməklə NATO-ya alınırsa, bəs NATO-da olan Almaniya və Fransa nədən bu imtahandan keçməməlidirlər? Əgər söhbət NATO-nu gücləndirməkdən gedirsə, o zaman, NATO-nun içində olan bu dövlətlər necə Türkiyəyə qarşı düşmən mövqedən çıxış edə bilərlər? Yaxud, “NATO beyin ölümü keçirir” deyən Makron və yeni Avropa NATO-sunun yaradılması ideyasını irəli sürən Almaniya, yaxud, Türkiyənin Suriya sərhədinə yerləşdirdikləri patriotlarını sonradan geriyə çəkən Hollandiya kimi ölkələr NATO-nun içində hansı statusda fəaliyyət göstərə bilərlər? Günümüzdə NATO ölkəsi olan Yunanıstanın Türkiyəyə qarşı hərbi hazırlığı və bir çox NATO ölkələrinin onu müasir NATO silahları ilə təhciz etməsi, üstəlik F-16-ların Türkiyəyə verilməsinə yasaq qoyulması hansı NATO birliyindən xəbər verir? Düşünürəm ki, Türkiyə bu məsələni də gündəmə gətirməlidir.
Anlaşılan odur ki, NATO bloku öz içindən yenilənərək daha da gücləndirilir. Artıq, formalaşmaqda olan yeni NATO ABŞ-ın deyil, Böyük Britaniyanın NATO-su olacaqdır. Dünyanın güc mərkəzi Böyük Britaniyanın rəhbərlik etdiyi Avropaya keçir. Yeni Avropada Almaniya və Fransa kimi ölkələr söz sahibi olmayacaqlar. Türkiyə bu yeni Avropada NATO-nun əsas hərbi gücü kimi mühüm yer alacaqdır. Bu birliyə Ukrayna, Moldova və sonradan Cənubi Qafqaz ölkələrinin də alınması mümkündür. Bu o deməkdir ki, Böyük Britaniyanın və Türkiyənin liderliyində olan NATO güclənir.
Bu gün NATO-nun güclənməsi Rusiyanın hesabına baş verdi. Rusiya Ukraynaya hücum etməsəydi, bunlar baş verməzdi. Deməli, Rusiya dolayı yolla Almaniya və Fransa mərkəzli neoliberal-qlobal Avropa Birliyinin ortadan qalxmasına, Böyük Britaniyanın və Türkiyənin liderliyində olan NATO və tradisional Avropanın yaranmasına şərait yaradır. Vladimir Putin buna bilərək getmişdir. Çünki neoliberal-qlobal Avropa Birliyinin məqsədi, Rusiyanı parçalayaraq özündən tam asılı duruma salmaq məqsədini daşıyırdı və Putinin təkbaşına bu plana qarşı durmaq gücü yox idi. Lakin, yeni yaranan dünya düzənində zəiflədilmiş də olsa, bir Rusiya dövləti mövcud olacaqdır. Buna görə də, sammitdə Rusiyanın da NATO-ya daxil olması dəvəti səsləndi. Yox, əgər Putin Çar Rusiyasının sərhədlərini bərpa etmək iddiasından geri çəkilməsə və ona verilən paydan artığına iddia etsə, öz içindən parçalanacaqdır.
Rusiya dövlətçiliyinin mövcudluq fəlsəfəsinin daima genişlənən (kosmizm) müqəddəs imperiya ideyası (üçüncü Roma) üzərində qurulduğunu nəzərə alsaq deyə bilərik ki, Rusiya yox olanadək öz iddialarından əl çəkməyəcəkdir. Deməli, Rusiyanın parçalanması labüddür. Lakin, Rusiyanın mövcud durumdan bir çıxış yolu vardır: o, Krımı tatarlara verməklə, Kremldə hakimiyyətə tədricən türkləri, müsəlmanları gətirməklə, türk dillərindən birini ortaq türk dövlət dili elan etməklə, özü böyük bir Turana və ya Qızıl Ordaya çevrilə bilər. Düşünürəm ki, Kremldə ehtiyatda belə bir plan vardır. Son dövrdə Kremldən Turanın mərkəzinin Rusiya olması ilə bağlı səslənən fikirlər və Rusiyanın İƏT-də təmsil olunması, bu planın mövcud olduğuna işarədir. Bir zamanlar Trotski də Turan ideyasının adı altında sosializmin Asiyaya yayılmasının tərəfdarı olmuşdur. Çünki alternativ ideya yoxdur. Artıq nə libaralizm, nə də sosializmin köhnəlmiş ideyaları ilə böyük bir coğrafiyanı bir araya gətirmək mümkün deyildir.
-VI Zirvə Sammitində qəbul olunan kammunike Azərbaycanın bu gün regionda hansı prosesin içində dayandığını söyləməyə əsas verir. Azərbaycan 5 Xəzəryanı ölkələr arasında hansı dövlətlər tərəfindən təsir hədəfindədir?
- Azərbaycan yeni qurulan dünya düzənində çox mühüm yer tutur. Bu yalnız, Azərbaycanın Avrasiya enerji və loqistika xətlərində əsas tranzit ölkə olması ilə bağlı deyildir. Azərbaycan Avrasiya məkanında böyük sosial-mədəni potensiallara malik olan bir coğrafiyadır. 44 günlük Vətən Müharibəsində Azərbaycana İran, İraq, Dərbənd, Gürcüstan və Türkiyə türklərindən gələn mənəvi dəstək onu göstərdi ki, Azərbaycanın sosial-mədəni və mənəvi sərhədləri çox böyükdür. Azərbaycan türk dövlətləri içərisində öz elmi və təhsil səviyyəsinə görə mühüm yer tutur. Azərbaycan türkcəsi, mövcud türk dilləri içərisində ortaq türkcəyə daha çox yaxındır. Buna görə də, təsadüfi deyildir ki, Azərbaycan Türk birliyinin yarandığı və inkişaf etdiyi yerdir. Buna görə də, Azərbaycanın türk-müsəlman birliyində mərkəz halına gəlməsi mümkündür. Bunun üçün, Azərbaycan türk-müsəlman aləminin intellektual mərkəzinə çevrilməli və burada elmi islamın yeni modeli ortaya çıxmalıdır. Bu baxımdan, Azərbaycanın gücü, avropa dəyərlərinə deyil, türk-islam mədəniyətinin gerçək dəyərlərini bərpa etməklə artacaqdır. Bunun üçün, müxtəlif müsəlman ölkələrindən olan intellektualların Azərbaycanda yaradılan elmi mərkəzlərdə bir araya gətirilməsi labüddür. Çünki artıq avropa dəyərləri dediyimiz liberalizm öz aktuallığını itirir. Dünya insanları yeni “sosial ədalət” və “azadlıq” dəyərlərinə ehtiyac duyurlar. Bunu, onlara verə biləcək olan insanların müsəman-türk mədəniyyətindən çıxması daha məntiqlidir.
Digər tərəfdən, dünyada gedən iqtisadi inkişaf tendensiyaları göstərir ki, Avropa gələcəkdə əsas iqtisadi inkişaf mərkəzi olmayacaqdır. Bu mərkəzin Asiyaya transferi hadisəsi artıq baş verir. Bir vaxtlar Avropanı ayağa qaldıran maliyyə və beyin mərkəzləri Asiyaya yerləşir. Biz də belə maliyyə və beyin mərkəzlərinin Azərbaycana cəlb olunmasına, insan resurslarının zənginləşməsinə, innovativ texnologiyaların istehsalına çalışmalıyıq. Yəni, gələcəyimizi, enerji resurslarını Avropaya satıb, ordan gələn gəlirlərlə həyatımızı qurmağa davam etsək, yaxşı nəticəyə gəlib çıxa bilmərik. Çünki ənənəvi enerji resurslarına alternativlər artıq gündəmə gəlir.
Azərbaycanın inkişafı üçün ən böyük təhdidlər Rusiya və İrandır. Azərbaycanın inkişafı onların tənəzzülü, tənəzzülü isə, onların mövcudiyyəti ilə mütənasibdir. Çünki Azərbaycanın inkişafı yeni intellektual türk-müsəlman mədəniyyətinin inkişafına bağlıdırsa, onların mövcudiyyəti anti-türk və anti-islam mədəniyyətinə bağlıdır. Bunlar bir-birini istisna edir. İranın dini ideologiyası, zahiri olaraq islam olsa da, mahiyyət baxımından ortoksal xristianlıq və Çin daosizmi ilə kəsişir. Onların hamısı öz mövcud dövlətini və sivilizasiyasını ilahiləşdırır və onun fövqündəkiləri iblisləşdirir. Buna görə də, onlar xeyir və nur, bu sivilizasiyaların, dövlətlərin fövqündə olanlar və ya onlara tabe olmayanlar isə şərdirlər. Əsrlərlə davam edən bu geosiyasi paradiqmadan qurtulmadan, bölgədə inkişafa və sülhə nail olmaq mümkün deyildir. Çünki bu ideyalar xalqların adil və xoşbəxt yaşamasına deyil, onların başları üstə duran rejimlərin güclənməsinə xidmət edir. Azərbaycan isə, bu zülmətə nur gətirən Promoteyə bənzəyir. Buna görə də, Rusiya və İran onu ortadan qaldırmaq üçün çalışırlar. Onları birləşdirən budur.
Rusiya və İran tərəfindən Azərbaycana təhdid həmişə vardır. Bunun üçün, Şuşa müqaviləsi bağlanmışdır. Bu müqavilənin arxasında yalnız Türkiyə deyil, yeni yaranmaqda olan NATO bloku dayanır. NATO-nun lider ölkəsi olan Türkiyə ilə Azərbaycanın hərbi ittifaqda bir araya gəlməsi o deməkdir ki, Azərbaycan de-fakto NATO ölkəsidir. Azərbaycana təcavüz, de-fakto NATO-ya təcavüzdür. Artıq çox mühüm enerji transit nöqtəsinə çevrilməkdə olan Azərbaycana təcavüz, dünya enerji təhlükəsizliyinə həmlə deməkdir. Şuşanın azad olunması ilə yeni dünya düzəninin dayaq nöqtələrindən birinə çevrilən Azərbaycana təcavüz, yeni dünya düzəninə qarşı çıxmaq deməkdir. Buna görə də, Azərbaycana təcavüz etmək istəyən güclər bunları gözlərinin qarşısına almaq məcburiyyətindədirlər. Buna nə Rusiyanın, nə də İranın cəsarəti çatar. Çünki belə bir təcavüzə cəsarət edən Rusiya və İran, öz içindən parçalanma hadisələri ilə üzləşəcəkdir.