Bu günlərdə xəbər aldıq ki, Misirdə yaşayan Judi (Judi Adil) adlı balaca qızcığaz bağçaya getməsinə baxmayaraq, indidən Azərbaycan dilini öyrənməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, Judinin cəmi 5 yaşı var. Onda Azərbaycan dilinə maraq hardan oyanıb, bəlkə valideynləri onu dilimizi öyrənməyə sövq edirlər? Məlumata görə, atası Əhməd (şəxsi şirkətini idarə edir) və tarix müəlliməsi olan anası Sara Azərbaycan dilini ümumiyyətlə bilmirlər. Amma balaca Judinin bibisi Misirin məşhur Azərbaycanşünası, dilimizi bu böyük və qələbəlik ölkədə sonsuz məhəbbətlə təşviq edən xanım İsra Adildir.

Judinin istedadı haqda məhz bibisindən - İsra Adildən soruşduq. Xanım müsahibimiz bildirir ki, Judi çox talantlı uşaqdır. "Mən fikirləşdim ki, Azərbaycanı Misirdə təbliğ etmək üçün ilk olaraq öz ailəmdən başlayım. Judinin cəmi beş yaşı var, hazırda uşaq bağçasına gedir. Təbii ki, Azərbaycan dilini öyrənməsində mənim böyük əməyim var. Artıq dil bilgisində 2-ci səviyyədədi. Azərbaycanın əlifbası, saylar, şəxs əvəzlikləri kimi dərsləri 1-ci səviyyədə oxuyub, öyrənib. İndi isə danışmaq üçün cümlələri əzbərləməyə başlayıb", - xanım İsra Adil deyir.

İsra xanım qeyd edir ki, onlar misirli uşaqlara Azərbaycan dilini və mədəniyyətini öyrətmək üçün müntəzəm şəkildə Azərbaycanın Qahirədəki Səfirliyi ilə əlaqə saxlayır, danışıb, müzakirə aparırlar. "Ötən aydan etibarən Azərbaycanın Qahirədəki Səfirliyinin dəstəyi ilə, Misir məktəblərində təhsil alan uşaqlar üçün Azərbaycan dili kurslarının ödənişsiz keçiriləcəyini elan etmişik. Misirli uşaqlarda Azərbaycan dilini öyrənmək həvəsi böyükdür. O cümlədən, bizim EPS dillər mərkəzində də Azərbaycan dilini öyrənən uşaqların sayı gündən-günə artmaqdadır", - deyir xanım müsahibimiz.