Qəsbkar Ermənistan hökumətinin bugünkü iclasında Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan əvvəlcə Azərbaycanın guya “təcavüzkar ritorika və hərəkətlərdən istifadəyə davam etdiyini, beynəlxalq birliyin vəziyyətin siyasi və uzunmüddətli tənzimlənməsinə yönələn bütün təkliflərini cavabsız qoyduğunu” söyləyib və sonra da Azərbaycanın Ermənistandan nələr gözlədiyini açıqlayıb.
Hafta.az xəbər verir ki, Ermənistanın tert.am saytının yaydığı məlumata görə, bəhs edilən iclasda N. Paşinyan 10 Noyabr və 11 Yanvar tarixli sənədlərdə “dəhliz”dən bəhs edilmədiyini və Azərbaycanın guya “öz hərəkətləri ilə regional kommunikasiyaların açılmasını gözdən salmağa çalışdığını” da ifadə edib.
Amma sonda Ermənistanın faktiki lideri əsas mətləbə gələrək gözlənilmədən belə bir açıqlama verib:
"Ermənistanın Azərbaycan vasitəsilə Rusiya, Orta Asiya və İranla əlaqə qurmasının vacib olduğu kimi, Azərbaycanın da Ermənistan üzərindən Naxçıvan, Gürcüstan və İrana çıxışı olmalıdır".
Bunu vurğulayan Paşinyan həmin layihəni həyata keçirmək üçün müvafiq sərhəd məntəqələrində gömrük postlarının yaradılmalı olduğunu da diqqətə çatdırıb.