“Ölkə başçısının Şuşadakı çıxışı onu göstərdi ki, üçtərəfli bəyanatda yazılan bütün müddəalar hamısı həyata keçirilməlidir. Orada bu barədə yumşaq xəbərdarlıq da olundu. Bəyan edildi ki, əgər öhdəliklər yerinə yetirilməsə, Azərbaycan yenə də lazımi addımları atacaq”.
Bunu hafta.az-a Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov 2 ili tamam olan 10 noyabr bəyannaməsi və belə bir ərəfədə Prezidentin Şuşa şəhərindən verdiyi mesajı təhlil edərkən bildirib.
Partiya sədri qeyd edib ki, Azərbaycan 30 il erməni xisləti və onların havadarlarının nazı ilə oynadı.
“Bu xalq təxribatlara dözdü, təmkin nümayiş etdirdi. Nəhayət bizim ordumuz gücləndi və lazım olan məqamda torpaqların azad olunması istiqamətində proseslərə başladı. Bunu dərk etməyən ermənilər və havadarları anlamalıdır ki, “dəmir yumruq” yenə də var. Biz onu yenə də vura bilərik. Amma biz bölgədə sülhün tərəfdarıyıq. Bölgədə sülh olarsa, sosial-iqtisadi inkişaf baş verə bilər. Maraqlı qüvvələr prosesin tezliklə bitməsini istəmirlər. Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi o bəyanatda imzalanan bütün bəndlərin həyata keçirilməsi istiqamətində addımlarını reallaşdıracaq”.
R.Hüseynov bildirib ki, Ermənistan üçtərəfli bəyanata əməl etməkdənsə, əksinə bir qrup ermənini Xankəndiyə toplayaraq Azərbaycana qarşı aksiyalar keçirir, sərsəm iddialarla çıxış edirlər. Lakin sülhə gəlməyən Ermənistan nə qədər özünün havadarları tərəfindən dəstəklənsə də, Azərbaycanın hədəfləri açıq və bəllidir və Prezident bunu növbəti dəfə Şuşadan bəyan etdi.
Partiya sədri eyni zamanda qeyd edib ki, 10 noyabr bəyanatında göstərilən ən mühüm bəndlər özünün həllini tapmayıb. Və ölkə başçısı zaman-zaman bu məsələ ilə bağlı qəti mövqeyini bildirib.
“Prezidentin Şuşada verdiyi mesajlara diqqət yetirsək görərik ki, diplomatiyamız ona uyğun qurulur. Əminəm ki, münasibətlərin normallaşması və regionda sühün bərqərar edilməsi dövlətimizin və millətimizin maraqlarına uyğun sonlanacaq. Bu qətiyyətli addımlar, prinsipiallıq özünü göstərdi”.
R.Hüseynov üçtərəfli bəyanatın həyata keçirilməsində Rusiyanın sərgilədiyimövqeyə də birmənalı yanaşmayıb. O, bildirib ki, Rusiya heç vaxt Azərbaycanın maraqlarının qorunması istiqamətində addımlar atmayıb.
“Xocalı soyqırımında məhz erməni cəlladları ilə birlikdə Rusiyanın 366-cı alayı iştirak edib. Ondan öncəki illəri nəzərə alsaq, Rusiyanın Azərbaycana qarşı münasibətləri heç vaxt müsbət olmayıb. Ölkəmiz Rusiyanın bu münasibətlərini dəyişdirmək üçün müəyyən addımlar atır. Qeyd edək ki, məhz Soçi görüşündə də Azərbaycanın prezidenti birmənalı şəkildə bildirdi ki, Qarabağ danışıqlar mövzusu deyil. Bununla Rusiyaya birdəfəlik çatdırdı ki, biz burda imzalanan sənədə, imzamıza hörmət qoyaraq müəyyən addımları atdıq və siz də bu addımları atmalısız. O imzaya hörmət olaraq biz danışıqlarda sülhün yaranmasına nail olmağa çalışırıq. Prinsipial mövqeyimiz odur ki, Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul eləsələr qala bilərlər, istəməsələr gedə bilərlər. Rusiya konfliktin qalamasında əlindən gələni edirdi. Amma Azərbaycan ordusu, Azərbaycan diplomatiyası bu konflikti öz gücü ilə həll etdi. Növbəti gedişlərdə ehtiyac yaranarsa, biz üçtərəfli bəyanatın yerinə yetirilməsində də özümüz sərt addımlar atacağıq”.