Məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının böyük hissəsi azad etməsi və ermənilərin ağır məğlubiyyətə uğrumasından sonra Xankəndi və onun ətrafındakı ermənilər əmlaklarını satışa çıxarıblar. Ötən ilin sonlarından başlayan bu proses hazırda da davam edir və erməni əmlak satışı saytlarında Xankəndi, eləcə də ətrafında yerləşən yüzlərlə əmlaklar – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa çıxarılıb.
Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Xankəndidə satışa çıxarılan mənzillərə daha çox azərbaycanlılar maraq göstərirlər. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, azərbaycanlılar Xankədində yaşayan ermənilərə evlərini onlara satmaları üçün hətta zənglər də edirlər. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, mənzil satışı ilə bağlı verilən elanların əksəriyyətində əlaqə vasitəsi kimi Rusiya nömrəsi qeyd edilir. Əslində bu başadüşüləndir, çünki ermənilər bilirlər ki, Xankəndidə olan əmlaka müştəri yalnız azərbaycanlı ola bilər. Onlar azərbaycanlılarla Rusiyada görüşüb evlərini satmaq istəyirlər.
Maraqlıdır, görəsən, indiki situasiyada Xankəndidə ev alğı-satqısını həyata keçirmək nə dərəcədə realdır və hansı qaydalarda aparıla bilər? Alğı-satqının hüquqi əsası olacaqmı?
Məsələni hafta.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, təxminən ötən ilin sonlarından başlayaraq Xankəndidə yaşayan ermənilər yaşadıqları mənzilləri kütləvi şəkildə satışa çıxarıblar:
“İlk satışa çıxarılan aylarda Xankəndidəki mənzillər hətta Bakı və Sumqayıt şəhərindəki mənzillərdən də baha qiymətə satışa çıxarılmışdı. Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addım idi. Düşünürdülər ki, azərbaycanlılara, Azərbaycan hökümətinə həmin mənzilləri baha qiymətə sata biləcəklər. Amma burada bir məsələ var ki, həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Yəni, hər hansı bir erməni o ərazidə əmlak sata bilməsi üçün birinci növbədə öz sənədlərini Azərbaycan hökümətinə təqdim etməlidir. Həmin sənədlər əsasında erməni əsilli Azərbaycan vətəndaşına ölkə qanunvericiliyinə müvafiq olaraq mülkiyyət sənədi verilməlidir.Çünki bu ərazilər Azərbaycana məxsus olduğuna görə bütün alğı-satqı prosesi də Azərbaycan qanunvericiliyinə uyğun olaraq notarial qaydada aparılmalıdır. Alğı-satqı prosesində bank köçürmələri Azərbaycan banklarında manatla həyata keçirilməlidir. Nə qədər ki, Xankəndidə yaşayan ermənilər Ermənistanın və ya qondarma respublikanın onlara təqdim etdiyi mülkiyyət sənədlərini Azərbaycan qanunvericiliyinə uyğunlaşdrmayıblar, heç bir halda qanunvericilik onlara həmin evləri satmaq imkanı vermir. Yəni, erməni orda ev satmaq istəyirsə, o evi gedib Ermənistanda alğı-satqı edə bilməz, bu proses Azərbaycanda həyata keçirilməlidir. Bunun üçün də erməni əlindəki mülkiyyət sənədini Azərbaycan sənədinə çevirməlidir. Digər tərəfdən, ermənilər sözügedən yerlərdə əmlaklarını fantastik qiymətə satışa çıxarmışdılar. Əslində Azərbaycanın hansısa turistik zonasında evlərin qiyməti neçəyədirsə, həmin ərazilərdə də qiymətlər ilkin olaraq elə olmalı idi. İndiki situasiyada bu qiymətlər də real vəziyyəti əks etdirməyəcəkdi. Çünki Azərbaycanın digər turistik zonalarından fərqli olaraq həmin ərazi bir neçə aya kimi münaqişə zonası sayılırdı. Müharibə artıq bitib, amma Xankəndidə sülhməramlılar var. Sülhməramlı varsa, demək orada hələ də təhlükə var. Təhlükəli ərazilərdə isə əmlak nəinki fantastik qiymətə satışa çıxarılmır, hətta dəyərindən də ucuz təklif olunur. O əmlaklar ancaq azərbaycanlı məcburi köçkünlər Xankəndinə və ətraf ərazilərə köçürüldükdən sonra dəyərləndirilə bilər”.
Ekspert vurğulayıb ki, işğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq azərbaycanlı yaşayıb: “Bu gün isə biz Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı ora yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıyıq. Bu isə çox uzun zaman alacaq. Ona görə də ilk növbədə, ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq etməli və ermənilərin satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi yerləşdirməliyik. Bu proses baş tutarsa, yerli əhalimizin həmin ərazilərə köçmə prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər”.
Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşünas Ramil Osmanlı bizimlə söhbətində bildirib ki, Xankəndidə mənzil alğı-satqısı üçün texniki məsələlər öz həllini tapmalıdır:
“Hazırda Xankəndidə faktiki olaraq aidiyyəti qurumların ərazi idarələri mövcud deyil. Ona görə də indiki situasiyada həmin ərazilərdə alğı-satqı prosesini həyata keçirmək mümkünsüzdür. Amma Xankəndi Azərbaycan ərazisi sayıldığından hesab edirəm ki, bir müddətdən sonra bu problemi də həll etmək mümkün olacaq ”.