AZƏRTAC-da şəhid jurnalistlərin anım mərasimi keçirilib

15:24 09.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 9-da azərtac-da işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edərkən mina partlaması nəticəsində həlak olan jurnalistlərin - agentliyin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun anım mərasimi keçirilib.

 

Hafta.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki abidəsi önünə güllər düzülüb, xatirəsi ehtiramla yad olunub.

 

Binanın qarşısında keçirilən anım mərasimində çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbədən, Azərbaycan mediasının Şanlı Zəfər yolunun işıqlandırılması istiqamətində fəaliyyətindən danışıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə ezam olunmuş çəkiliş qrupunun üzvləri, o cümlədən Məhərrəm və Sirac son dərəcə gərəkli, fədakarlıq tələb edən missiya yerinə yetirirdilər. Onların xain düşmən tərəfindən basdırılmış minaya düşərək həlak olmaları təkcə çalışdıqları kollektivlər üçün deyil, bütün ölkə mediası üçün ağır, əvəzolunmaz itkidir. Şəhid jurnalistlərin xatirəsi həmkarlarının qəlbində daim yaşayacaqdır.

 

Məhərrəm İbrahimovun iş yoldaşları onunla bağlı xatirələrini bölüşüb, ürək sözlərini dilə gətiriblər.

 

Sonda şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun AZƏRTAC-ın binası qarşısında qoyulmuş portretləri önünə gül dəstələri düzülüb.

 

Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Oxunma sayı 528