Bakı yenə birincidir

12:22 21.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda orta aylıq əməkhaqqı artıb. 2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd olunub ki, bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1760,8 min nəfər olub, onlardan 887,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Yeri gəlmişkən, bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 272 manat təşkil edib. Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Bəs, görəsən, Azərbaycanda orta aylıq əməkhaqqı necə hesablanır? Bakıda orta aylıq əməkhaqqı bölgələrlə müqayisədə niyə yüksəkdir?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda ümumi orta aylıq əməkhaqqı bu ilin sonunadək 1000 manatın üzərində olacaq: "Artıq Bakı şəhəri və onun ətraf qəsəbələrində, Abşeron yarımadasında ümumiyyətlə, orta aylıq əməkhaqqı 1200 manatı ötüb. Ancaq məsələ burasındadır ki, orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər mübahisə doğurur. Belə ki, orta aylıq əməkhaqqını hesablayanda ən çox və ən az əməkhaqqı alan arasında böyük fərq varsa, demək bunun hesablama qaydası, iqtisadi göstəricinin əhəmiyyəti aşağı düşür. Yəni, ən çox əməkhaqqı alanla ən az alan arasında 10-15 dəfədən artıq fərq varsa, bu halda orta aylıq əməkhaqqının hesablanması əhəmiyyətini itirir.  Bu təzadı aradan qaldırmaqdan ötrü iqtisadi nəzəriyyənin başqa bir elementi var. Həmin element median əməkhaqqından ibarətdir. Median əməkhaqqı nədir? Orta aylıq əməkhaqqı, ümumi əməkhaqqı alanların siyahısı tutulur. Onların aldığı maaş tapılır. Bu maaşların hamısı toplanır və saya bölünür. Yəni ortalama hədd götürülür. Median əməkhaqqıda siyahı azalan, yaxud çoxalan xəttlə yığılır və ən yuxarıda ən az əməkhaqqı alan, aşağıda ən çox əməkhaqqı alan olur. Bu işçilərin 50 faizinin ən az əməkhaqqı alanlarını götürürlər. Siyahıda artan xətlə, azdan çoxa doğru sıralanmış siyahıda, məsələn, 5 milyon işçi varsa, onların 50 faizinin orta aylıq əməkhaqqı çıxarılır. Əgər biri 345 manat əməkhaqqı alırsa, ən çox alan 35-40 min manat alır və bu, böyük fərqdir. Az qala min dəfə fərq var. Belə halda median əməkhaqqı istisadi nəzəriyyəyə görə, işə düşür. Yəni aşağı maaş alanların orta əməkhaqqı çıxır. Hökumət həmin median əməkhaqqının artırılması ilə məşğul olur. Ümumi orta aylıq əməkhaqqı məfhumu arxa plana keçir. Median əməkhaqqı işə düşməklə hökumətin iqtisadi idarəetmədə hədəfi dəyişir, bu yeni hədəf real problemi ortaya qoyur və bunun aradan qaldırılması yolları axtarılır. Bu daha məqsədəuyğun işdir, nəinki orta aylıq əməkhaqqı. Median əməkhaqqı 500 manatdan yuxarı deyil. Bu rəqəmi dəqiqləşdirməklə, median əməkhaqqının artıırlması ilə bağlı tədbirlər görülməlidir".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, hazırda Azərbaycanda minimum əmək haqqı 345 manatdır. Amma bununla yanaşı, ölkədə 5 min manata qədər, hətta daha yüksək əməkhaqqı alanlar var: “Orta əmək haqqı göstəricisi nisbi xarakter daşıyır və bunun Bakıda yüksək olmasını normal saymaq olar. Bu, son günlərdə əhalinin gəlirlərinin durmadan artması ilə əlaqədardır. Bu gün özəl sektorda çalışanların əmək haqları dövlət sektorunun bəzi sahələrindən çox yüksəkdir. Bu, həmişə belə olub. İnkişaf etmiş ölkələrdə də eyni vəziyyət müşahidə olunur. Hazırda bəzi dövlət qurumlarında da yüksək əmək haqqı alanlar var. Daha çox neft-qaz, maliyyə və digər sektorlarda fəaliyyət göstərən şəxslər nisbətən yüksək əmək haqqı alırlar. Minimum əmək haqlarının qaldırılması ilə bağlı olaraq əhalinin də gəlirləri artmaqda davam edir. Ancaq bunun regionlara düşən payına baxsaq, çox ciddi fərqin olduğunu görərik. Bu ondan irəli gəlir ki, yüksək gəlirli, yəni əmək haqqı ödənilən iş yerləri paytaxtda cəmlənib. Əhalinin yaşayış səviyyəsinin yaxın gələcəkdə daha da yaxşılaşması üçün orta nominal və yüksək əmək haqları arasındakı fərqi azaltmaq və yaxınlaşdırmaq lazımdır”.