Bakı yollarının yeni kabusu  

18:23 07.09.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı yenidən artıb. Müşahidələr göstərir ki, motosiklet və moped sürücülərinin əksəriyyəti tez-tez qaydaları pozur, onlar qırmızı işıqda keçirlər, səki ilə hərəkət edirlər. Nəticə etibarilə, həm özlərinin, həm də başqalarının həyatlarını təhlükəyə atırlar.

Xatırladaq ki, ötən il avqustun 1-dən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradır. Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əslində pandemiya dönəmindən moto-kuryerlərə tələbat artıb: “Əvvəllər şəhərdə bu qədər moped yox idi. Pandemiyada daşınma xərcləri artdı, bu da moto-kuryerliyə marağı və tələbatı artırdı. Pandemiya dövründə kafe və restoranlar uzun müddət bağlı qaldı. Evlərə çatdırma xidmətindən istifadə edilməyə başlandı. Bu vaxta qədər də ünvana çatdırılma xidməti var idi, lakin indi kimi çox deyildi. Ona görə yollarda mopedlərin sayı da artıb. Avtomobil sürücüləri də mopedlərlə yolu paylaşmağa vərdiş etməyib. Moped sürücülərinin də günahı var, çünki bir çoxları motosikleti idarə etməyi bilmir, sürücülük vəsiqələri də heç yoxdur. Yol hərəkəti qaydalarına bələd deyillər. Elə zənn edirlər ki, kiçik həcmlidir deyə, motosikleti harda gəldi, necə gəldi sürmək olar. Bir tərəfdən də sifarişləri tez çatdırmağa, gün ərzində bacardıqca çox sifariş yerinə yetirməyə və daha çox qazanc əldə etməyə çalışırlar, ona görə də tələsirlər, yol hərəkəti qaydalarını pozurlar və qəzalara səbəb olurlar. Ümumiyyətlə, qəzalara əsas səbəblər yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozması, yol infrastrukturunun bərbad, qaranlıq, çala-çuxur olması, köhnə, nasaz nəqliyyat vasitələri ilə əlaqəlidir. Moped sürən gənc vətəndaşlarımızın əksəriyyəti yol hərəkəti qaydalarından və mopedi yolun hansı zolağında idarə etməli olduğundan xəbərdar deyillər. Bununla bağlı müvafiq qurumlar iş görməlidirlər. Yol infrastrukturunun qurulmasına, nizam-intizama, yolların nişanlanmasına, bütövlükdə yollardakı vəziyyətə Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəzarət edir. Onlar düşünüb çıxış yolu axtarmalıdırlar ki, qəzaların sayı azaldılsın".

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da hesab edir ki, Azərbaycanda ötən illərlə müqayisədə motosiklet və moped sürücülərinin sayı xeyli dərəcədə artıb: “Demək olar ki, bu gün express daşıyıcıların əksəriyyəti daşımaları moped və motosikletlərlə həyata keçirirlər. Hətta bazara daha bir neçə yeni daşıyıcı şirkət daxil olub. Onlar da daşımaları motosiklet və mopedlə həyata keçirirlər. Nəticədə yollarda hərəkət edən bu tip nəqliyyat vasitələrinin sayı artıb. Motosiklet və moped sürücülərinin qayda pozuntuları ilə mübarizə aparmaq üçün mütləq insanların yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" Qanunun minimum anlayışları bilməlidirlər. Onlardan necə faydalanmaq lazım olduğunu da öyrənilməlidir. Bu qaydalar öyrənilməsə və onlara riayət edilməsə şübhəsiz ki, belə hadisələr çoxalacaq. Sözügedən qayda pozuntuları nəticəsində baş verən qəzalar nəticəsində isə çox sayda insan yaralana və həyatını itirə bilər".