Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub

20:40 21.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Səudiyyə Ərəbistanının milli bayramı - Krallığın elan olunduğu gündür. Bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyi dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin də iştirakı ilə rəsmi qəbul təşkil edib. 

Hafta.az-ın yazdığına görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr deyib ki, Krallıq Azərbaycanla sıx əlaqələrə malikdir və gələcəkdə də əməkdaşlığı inkişaf etdirmək kursuna sadiq qalacaq. Ölkəsinin sürətli inkişafından, tikinti-quruculuq proseslərindən söz açan səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı çox sürətli inkişaf yolu keçib.

Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu diqqətə çatdıran cənab səfir bildirib ki, bu gün ölkələrimiz arasındakı hərtərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. O qeyd edib ki, bu günədək iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb. Hər iki ölkə “OPEC+” platforması vasitəsilə əməkdaşlıq edir.

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir. “Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğalçı Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb.