“Həmas”ın İsrailə hücumu, yüzlərlə dinc yəhudinin qətlə yetirilməsi Yaxın Şərqi yenidən alovlandırdı. Təbii ki, bu məsələ Azərbaycanı da yaxından maraqlandırır. Rəsmi Bakı üçün Fələstin-İsrail qarşıdurması hər zaman həssas mövzu olub. Bir tərəfdə strateji müttəfiqimiz İsrail, digər tərəfdə müsəlman dünyasının dəstəklədiyi Fələstin. Təbii ki, Azərbaycan da müsəlman dünyasının bir üzvü olaraq, bu məsələdə beynəlxalq hüququn tətbiqinə tərəfdardır.
Deputat Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan uzun müddət terrordan əziyyət çəkən bir ölkə kimi onun bütün növ təzahürlərini pisləyir və qəbul etmir. Onun fikrincə, «Həmas»ın İsrailə hücumu nəticəsində dinc əhalinin öldürülməsi faktı terrorun nəticəsidir və qəbuledilməzdir. Deputat qeyd edir ki, Azərbaycan beynəlxalq hüququn, haqqın, ədalətin yanında olduğuna görə, münaqişənin ədalətlə, sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ona görə də heç bir halda hər hansı hüquqi tələbin terror vasitəsilə realizə edilməsinə bəraət qazandırıla bilməz:
“Azərbaycanla İsrail qarşılıqlı tərəfdaşlığa, əməkdaşlığa söykənən dost ölkələrdir. Çox etibarlı münasibətlər formalaşdırılıb. Ona görə də İsrailə qarşı terror aktlarına heç bir şəkildə bəraət verilə bilməz. Baş vermiş bu qanlı toqquşma qısa zamanda etibarlı sülhlə nəticələnməlidir. Dünya o qədər qısalıb ki, bir yerdə baş verən toqquşma digər yerlərə də təsir edir”.
Siyasi ekspert Cəmaləddin Quliyev Azərbaycanın həm ərəb ölkələri, həm də İsraillə yaxın dostluq, əməkdaşlıq əlaqələrinə sahib olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycan Fələstinin müstəqil dövlət olması ideyasını qəbul edir, BMT-nin üzvü kimi həmin təşkilatın bu yöndəki qətnamələrini dəstəkləyir. Eləcə də həm Azərbaycanın xarici işlər naziri, həm də Prezident tərəfindən Fələstinin müstəqil dövlət olma ideyasına dəstək verilib:
“1993-cü ildə Oslo sülh anlaşmasında əsası qoyulmuş “iki dövlət” ideyası dəstəklənib. Azərbaycan İƏT-in üzvü kimi Fələstinlə bağlı müvafiq qərarları, qətnamələri dəstəkləyir.
Azərbaycan Fələstinə ən böyük humanitar yardım edən ölkələrdən biridir. Eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində yaşadığımız müddətdə İsrailin Azərbaycana verdiyi dəstəyi, xaricdə erməni lobbisinə qarşı çıxışlarının şahidiyik. İsrail Azərbaycan Ordusunun müasir silahlarla təchizatına kömək oldu. Bilirik ki, müharibə edən tərəflərə silah verilməməsi ilə bağlı embarqolar qoyulmuşdu və bu, ABŞ, Rusiya tərəfindən pozulurdu. Belə bir fonda Azərbaycanın İsrail tərəfindən dəstəklənməsi bizim üçün taleyüklü, əhəmiyyətli idi. Azərbaycan dövlət rəsmilərinin dediyi kimi, Azərbaycan–İsrail əlaqələrinin görünən-görünməyən tərəfləri var. Görünməyən tərəfi daha dərindir. Bu, indi də bizə dost olmayan dövlətlərin kütləvi informasiya vasitələri, ekspertləri, dövlət nümayəndələri tərəfindən qəbahət kimi hallandırılır”.
Ekspert hesab edir ki, İsrailin Qarabağ müharibəsində Azərbaycana dəstək olması fonunda ictimaiyyətin, xalqın yəhudilərin acılarını bölüşməsi təbiidir, normaldır. O, eyni zamanda qeyd edib ki, eyni zamanda, Fələstin xalqının da müstəqil dövlət ideyasını, Şərqi Qüds paytaxt olmaqla, dövlət yaranmasını qəbul edirik. Ərəb ölkələri Azərbaycanın mühüm müttəfiqləridir. Bir çox ərəb ölkələri I Qarabağ müharibəsində ermənilərlə əlaqələrini məhdudlaşdırmışdı, hətta əlaqə qurmayan dövlətlər də var idi».
Bütün bunlarla yanaşı ekspert hesab edir ki, rəsmi, digər kanallarla verilən bəyanatlar, dəstək korreksiya edilmiş şəkildə ifadə edilməlidir.
“Bir hissə müsəlman olduğuna görə Fələstini, digər qrup İsraili haqlı sayır. Xalqı, dövləti, dini aşağılayan ifadələrdən qaçılmalıdır. Biz bir tərəfin rəğbətini qazanmaq istəyərkən, ikinci tərəfi də itirməməyə çalışmalıyıq.
C.Quliyev digər bir məqama diqqət çəkib. Bildirib ki, İsraillə müharibə aparan tərəf bütün müsəlmanlar, hətta bütpərəstlər də deyil. Müharibəni yalnız və yalnız İranın dəstəklədiyi «Həmas» qruplaşması, digər marginal qruplar aparır. Onun fikrincə, Fələstin Administrasiyası belə, sonadək “Həmas”ı dəstəkləmir və Fələstin Administrasiyası ilə Qəzzadakı hakimiyyəti ələ keçirmiş “Həmas” qruplaşması arasında anlaşılmazlıqlar vardır.
İsmayıl Hanyanın Əlcəzair kanalına müsahibəsini izləyirdim. Onlar açıq deyirdilər ki, hədəfləri İsraillə ərəb ölkələrinin yaxınlaşmasını pozmaqdır. Bu fakt nəzərə alınmalıdır. Bütün hallarda biz bu münaqişənin dinc yolla həllini arzulayırıq”.
Politoloq Turan Rzayev qeyd edir ki, İsrail – «Həmas» gərginliyində Azərbaycan tərəfi də narahat olan dövlətlərdəndir. Onun sözlərinə görə, Azərbaycan digər münaqişələrdə olduğu kimi, İsrail–Fələstin münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına əsasən sülh yolu ilə və ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasında maraqlıdır.
“Azərbaycan məsələ ilə bağlı rəsmi açıqlama verməyib; hətta belə bir açıqlama versəydi də, bunun neytral olacağı istisna edilmir. Azərbaycan heç bir münaqişənin tərəfdarı deyildir və savaşın həllində beynəlxalq hüququ əsas götürür”.
Politoloq İsrailin bizim strateji müttəfiqimiz, tərəfdaşımız olduğunu qeyd edir:
“İsrail 44 günlük müharibədə bizə dəstək olub, onunla silah sazişimiz, əməkdaşlığımız var. Bütün bunlara baxmayaraq, Azərbaycan birmənalı şəkildə İsrailin tərəfini tutmur. Bizim İsraildə səfirliyimiz varsa, Fələstində də nümayəndəliyimiz mövcuddur. Fələstinin Azərbaycanda Səfirliyi var. Azərbaycan İsrail–Fələstin məsələlərinə hər zaman bərabər şəkildə yanaşıb. Nə qədər tərəfdaşımız, müttəfiqimiz olsa da, Fələstinin İslam amilində hər zaman Azərbaycanla münasibətləri normal olub. Bu baxımdan, Azərbaycanın dövlət mövqeyi neytraldır”.
Politoloq Azərbaycan cəmiyyətində də birmənalı olmayan yanaşmaların mahiyyətinə diqqət çəkir: “Əhalinin yarı hissəsi İsraili dəstəklədiyi halda, yarı hissəsi Fələstini dəstəkləyir. Milliyyətçi kəsim İsraili dəstəklədiyi halda, dini mühafizəkar kəsim daha çox Fələstini dəstəkləyir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda məsələyə yanaşma birmənalı deyil”.
Politoloq hesab edir ki, Azərbaycanın məsələyə mövqeyi bundan əvvəl olduğu kimi, yenə də neytral olmalıdır. Fələstinlə bağlı nə qədər neqativ məsələlər olsa da, İsrail də bu məsələdə tam olaraq birmənalı şəkildə haqlı deyil.
“İsrail də uzun müddətdir ki, genişlənmə siyasəti yeridir və bu siyasət çərçivəsində Fələstinin BMT tərəfindən qəbul edilən ərazilərində qanunsuz şəkildə məskunlaşmalar aparır. Qüdsün statusu tam olaraq bəlli olmadığı halda, İsrail onu paytaxt elan etdi. Bütün hallarda «Həmas»ın hücum etməsi və sivil vətəndaşlara qarşı silahlı insidentlər birmənalı şəkildə qınanılmalıdır”.