Bakının ədalətli sülh tələbi - İrəvanı daha ağır məğlubiyyət gözləyir

13:07 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son bir neçə ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində həm müsbət, həm də milli maraqlarımızı təhdid edə bilən hadisələrin şahidi oluruq. İrəvanda istər iqtidarda olanlar, istərsə də keçmiş "Qarabağ klanı"nı təmsil edən revanşistlər "yeni müharibəyə hazırlaşmaq", "Qarabağa müstəqillik" kimi çağırışlar edirlər. Təbii ki, kapitulyasiya aktının imzalanmasından keçən iki il ərzində Ermənistanın havadarları bölgədə sabitliyin olmaması, sülhün əldə edilməməsi üçün əllərindən gələni edir, Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn normalarına əsaslanan 5 prinsip bazasında sülh sazişinin imzalanmasına müxtəlif əngəllər yaradırlar.

Bölgədə sülh və əmin-amanlığın olmasını istəməyənlərin adları da məlumdur:

30 illik işğal dövründə erməniləri daim dəstəkləyən Fransa.

Adını "İslam dövləti" qoyan, lakin terrorçu və separatçı rejim tərəfindən minlərlə günahsız azərbaycanlının, müsəlmanın öldürülməsinə, qətlə yetirilməsinə, soyqırıma məruz qalmasına göz yuman, indi isə ermənilərin əsas "müttəfiqlərin"dən birinə çevrilmiş İran.

Mövqeyini özünün geosiyasi maraqlarına uyğun olaraq tez-tez dəyişən, hətta imza atdığı sənədlərə belə bir çox hallarda məhəl qoymayan, Cənubi Qafqazda süni erməni dövlətini yaradan Rusiya...

İndi Ermənistanı xam xəyallara yenidən inandırmaq, əllərində maşaya çevirmək, geosiyasi oyunlarına alət etmək üçün Praqa, Brüssel, Soçi, Moskva, Vaşinqtonda (yəqinki bu şəhərlərin siyahısı qarşıdakı dövrdə daha da artacaq, A.Ə) saysız görüşlər təşkil edilir, özünü bölgənin əsas sahibi sayanlar hər biri "sülh sazişi" adı altında müxtəlif variantlar hazırlayır. Halbu ki, sülhün əldə olunmasının çox sadə bir formulu var. Rəsmi Bakının təqdim etdiyi şərtlər daxilində qarışılıqlı anlaşmanın əldə edilməsi çox realdır. Həmçinin Ermənistan və imzalanan bəyanatlarda imzası olanların üzərinə götürdüyü öhdəlikləri tam və vaxt uzatmadan yerinə yetirməsi şərtilə.

Məlum proseslərin hələ də davam etdiyi bu günlərdə Azərbaycan tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi. 

Dövlət başçısının da vurğuladığı kimi, 44 günlük müharibə əldə etdiyimiz iqtisadi inkişaf, maliyyə resursları hesabına ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, milli maraqlarımız təhdid altında qaldığı anda heç bir təzyiq və şantaja boyun əyməyəcəyimizi bütün dünyaya nümayiş etdirdi.

Beynəlxalq birlik ağır müharibədən çıxan bir dövlətin çox qısa zaman kəsiyində işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimdən yardım almadan, sadəcə, kiçik bir dövlətin böyük imkanları hesabına reallaşdırırıq. Bu səbəbdəndir ki, bölgədə çox güclü, inkişaf etmiş və qüdrətli Azərbaycanın mövcudluğu yuxarıda adlarını çəkdiyimiz və çəkməydiyimiz bir çoxları üçün qəbuledilməz sayılır. Ona görə də, tarixi Zəfərlə şəhidlərimizin qanı, canı bahasına dövlət və xalq olaraq yaratdığımız yeni reallıqları, sülh imkanlarını heçə endirmək üçün "erməni kartı" yenidən işə salınır. Yuxarı Qarabağ iqtisadi rayonunda separatizm meyllərinin təkrarən alovlanmasına səylər göstərilir. 

Təəssüf ki, bu işdə "şimal və cənub qonşuları"mız xüsusi fəallıqları ilə seçilirlər.

Prezidentin Şuşadakı çıxışında iki əsas məqama diqqət yetirək. Dövlət başçısı rus hərbiçilərinin Azərbaycan ərazisindəki mövcudluğu, həmçinin Kremlin Xankəndindəki separatçı rejimə ümid verən addımları ilə bağlı açıq şəkildə bildirdi ki, bu "niyyətlər" heç bir nəticə verməyəcək:   

"Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".

İranın 30 illik işğal dövründə yürütdüyü siyasət, sözdə Azərbaycana dəstək, əməldə isə bunun tam tərsini həyata keçirməsi, son bir il ərzində Ermənistanın üzərinə götürdüyü "Zəngəzur dəhlizi"nin reallaşdırılmasına qarşı çıxması, "müsəlman dövlətinin" işğalçıya qucaq açması, rəsmi Bakıya təhdidlər yağdırmasının da Azərbaycanın ali rəhbərliyi tərəfindən necə qarşılandığını Prezidentin Şuşa çıxışında gördük:  

"Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq...."

Azərbaycan Prezidentinin də vurğuladığı kimi, müharibə iki il bundan əvvəl başa çatsa da, narahatedici məqamlar var. Bu məqamları neytrallaşdırmaq üçün isə ölkəmiz önləyici tədbirlərini davam etdirir: 

"Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"

Rəsmi Bakı İrəvana və onun havadarlarına düşünmək üçün yenidən humanizm prinsiplərini əsas tutaraq vaxt verir. Lakin qarşıda artıq ermənilərin də ümid etdiyi illərlə davam edəcək danışıqlar prosesi olmayacaq. Hər şey konkret vaxt və zaman çərçivəsində reallaşmalıdır. İlk öncə Qarabağdan erməni silahlı qüvvələri tam olaraq çıxarılmalıdır. Əks təqdirdə, Ali Baş Komandanın da dediyi kimi, "Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq". 

İkincisi, Zəngəzur dəhlizi məsələsidir. Bununla bağlı İrəvan və Paşinyan hökuməti nə qədər təkzib versələr də, Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyidir.

Prezident bu məsələdə də Azərbaycanın haqlı tələbinin reallaşdırılmasının vaxtının çatdığını açıqladı:

"Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?

13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik".

Görünən odur ki, İrəvan öhdəliklərinə və vədlərinə əməl etmək istəmir. Yenidən vaxtı uzatmaqla nəyəsə ümid edir, havadarlarının onu "qoruyacağı" ilə bağlı vədlərinə bel bağlayır. Lakin Bakının da səbri tükənməz deyil. Azərbaycan müharibə yox, sülh istəyir, lakin ədalətli sülh.

Dövlət başçısının da vurğuladığı kimi, "əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər".

Həyat isə, Azərbaycanın haqqının tapdalanmasının hansı nəticələr doğuracağını 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan və onun havadarlarına göstərmiş oldu. Əgər İrəvan keçmişdən dərs çıxarmayaraq yenidən öz təxribatlarına davam edərsə, üstərəfli bəyanatlar və görüşlər zamanı üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, onda yenidən və daha ağır məğlubiyyət alacağı qaçılmazdır. 

Siyasət rubrikasından digər xəbərlər