Bakının köhnəlmiş yaşayış fondu yenilənəcək - Aktual

12:37 22.01.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakıda köhnəlmiş yaşayış fondunun ümumi sahəsi əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, 2040-cı ilə qədər paytaxtda yaşayış fondunun ümumi sahəsi 78 milyon 615,3 min kvadratmetrə çatdırılacaq. Bu məsələ Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənəddə qeyd olunur ki, Bakıda köhnəlmiş yaşayış fondunun (70 faizdən çox) ümumi sahəsi 2020-ci illə müqayisədə 2027-ci ilə qədər 37,8 faiz azaldılaraq, 12 milyon 138,4 min kvadratmetrə, 2040-cı ilə qədər 2,3 dəfə azaldılaraq 8 milyon 338,4 min kvadratmetrə çatdırılacaq. 2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə (planın hazırlama vaxtı) müqayisədə 64,7 faiz artırılaraq, 47 milyon 737,7 min kvadratmetrdən 78 milyon 615,3 min kvadratmetrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39,2 faiz artırılaraq 66 milyon 467,1 min kvadratmetr təşkil edəcək.

Baş plana əsasən 2020-ci illə müqayisədə Bakıda çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 26,4 faiz artırılaraq 20 milyon 008,5 min kvadrat metr, 2040-cı ilə qədər 58,6 faiz artırılaraq 25 milyon 102,7 min kvadratmetr, ortamərtəbəli (5-8 mərtəbəli) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 21,1 faiz artırılaraq 7 milyon 455,9 min kvadratmetr, 2040-cı ilə qədər 68,2 faiz artırılaraq 10 milyon 349,3 min kvadratmetr, azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 0,6 faiz artırılaraq 19 milyon 993,9 min kvadratmetr, 2040-cı ilə qədər 2,7 faiz artırılaraq 20 milyon 406,4 min kvadratmetr olacaq.

Baş plana əsasən paytaxtda mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları və həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin ümumi sahəsinin 2027-ci ilə qədər 19 milyon 008,8 min kvadrat metrə, 2040-cı ilə qədər 22 milyon 756,9 min kvadratmetrə çatdırılması nəzərdə tutulur. Bu isə müvafiq olaraq 3,2 dəfə və 3,9 dəfə artım deməkdir.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, Bakının Baş planına uyğun işlərə başlanmazdan əvvəl paytaxda kütləvi söküntü işləri aparılmalıdır: “Təbii ki, bu  həm çox vaxt, həm də çox vəsait sərf olunacaq işdir. Belə demək mümkündürsə, qarşıda bizi büdcəyə milyardlar hesabına başa gələcək söküntü bumu gözləyir. Bakıda sökülməli olan çox sayda çoxmənzilli köhnə binalar var. Üstəlik harada gəldi inşa olunan yeni tikililər də var. Bu gün Bakıda plana uyğun iş aparılsa söküləcək yeni tikililər də az olmayacaq. Xüsusilə o binalar söküləcək ki, vaxtilə yerində 5 mərtəbələr olub və onları sökərək 16-19 mərtəbə inşa ediblər. Belə tikintilər zamanı ara məsafə binaların hündürlüyünə və yaşayan sakinlərin sayına uyğun hesablanmalı idi, ancaq məlum məsələ ki, hesablanmayıb.

Bu gün Bakıda plansız aparılan işlər dözülməz sıxlıq və tıxaca səbəb olub. Əslində, Baş plana uyğun işlər sürətlə aparılsa, biz Bakını tıxacsız görə bilərik. Ancaq bu, çox zaman aparacaq işdir”.

Ekspert həmçinin vurğulayır ki, hazırda paytaxtda köhnə mənzil fondu daha çox Yasamal, Nərimanov, Nəsimi və Səbail rayonlarını əhatə edir: “Paytaxt ərazisində torpaq sahələri məhdud olduğundan tikinti şirkətləri həmin normativlərə əməl edə bilmirlər. Digər tərəfdən, həmin binalar sökülməli, insanlar yeni mənzillərlə təmin olunmalıdır. Hazırda paytaxtın sadaladığımız ərazilərində minlərlə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları və çox sayda qəzalı vəziyyətdə olan binalar var”.

E.Fərzəliyev qeyd edir ki, tikinti işləri müxtəlif şirkətlər tərəfindən pərakəndə şəkildə aparılır: “Bu işlər Baş plana uyğun olaraq standart formada aparılmalı, şəhərin tikinti ansamblı pozulmamalı, xarici görünüşünə xələl gəlməməlidir. Bəzi ərazilərdə binalar o qədər sıx şəkildə tikilib ki, bu binalarda tam yaşayış olduqdan sonra, ciddi tıxaclar meydana gələcək. Ona görə də yeni planla tikinti işləri aparılan zaman bütün avtomobil yollarının ölçüsü, səkilərin eni, avtodayanacaq sahələri nəzərə alınmalıdır. Baş plana uyğun olaraq sökülməli olan binalar sökülərsə və sadalanan problemlər həllini taparsa, qeyd etdiyim kimi, gələcəkdə tıxac və digər problemlərin qarşısı əhəmiyyətli şəkildə alınar”.