"Yoqa ilə məşğul olun, 40-cı gün dəyişiklikləri hiss edəcəksiz"

08:25 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yoqa (yoq) sözünün mənası birləşmə deməkdir. Yəni, bədənin, ruhun və beynin birləşməsi. Bu nə deməkdir? Əksər vaxt biz harada olmağımızdan asılı olmayaraq, beynimiz olduğumuz yerdən başqa məkanda qalmış olur, yəni sinxronizasiya itir. Ona görə yoqa indiki zamanda olmağa çox kömək edir. Digər yandan bizə nə ailə üzvlərimiz, nə valideynlərimiz bizə emosiyaları idarə etmək üsullarını, necə yığdığımız gərginlikdən azad olmaq yollarını öyrətməyiblər. Yalnız elm öyrənməyə fokuslanıb, "soft skills", yəni yumşaq bacarıqlar təlimindən uzaq qalmışıq. Yoqa və meditasiya ilə məşğul olanda illərlə yığdığımız gərginlik azalmağa başlayır, sonra şəffaflıq baş verir, şüurumuz şəffaf olur. Nəticədə biz dünyanı daha aydın qavrayırıq".

Hafta.az xəbər verir ki, bunu azertag.az-a açıqlamasında "The Art of Living Azərbaycan" təşkilatının rəhbəri, beynəlxalq yoqa təlimçisi Kənan Məmmədov deyib.

O, özündə müsbət dəyişikliklər formalaşdırmaq istəyənlərə üçün yoqa ilə məşğul olmasını tövsiyə edib:

"Yoqada bədən hərəkətləri, nəfəs texnikaları var və meditasiya var. Biz bunu kompleks şəklində edəndə bədənimizlə, sonra nəfəsimizlə işləyir, meditasiya edirik. Biz hiss edirik ki, bədənimizdə və nəfəsimizdə və beynimizdə dəyişikliklər baş verir. Yəni bizim həyatda olan situasiyalara daha fərqli yanaşmağa başlayırıq, emosiyaları daha yaxşı idarə edirik, həyatımızı daha şən, daha keyfiyyətli yaşayırıq, ən əsas daha çox indiki zamanda yaşayırıq. Çünki beyin ya keçmişdə yaşayır, ya gələcəyə fokuslanır. Lakin yoqa ilə məşğul olduqca bizim beynimiz daha indiki zamanda olur. Bunu hiss etmək üçün mütləq halda praktika etmək lazımdır. Gündə heç olmazsa, 15-20 dəqiqə, yarım saat məşğul olmaq lazımdır ki, bizim bədənimiz nəfəslərə və texnikalara öyrəşsin.

İstənilən bir şeyi ardıcıl 21 edəndə bədən həmin ritmlərə öyrəşir və öz nəticəsini verir. Çox vaxt da biz yoqa ilə 40 gün ardıcıl məşğul olmağı tövsiyə edirik. Çünki 40-cı gündən sonra insanlar dəyişiklik hiss etməyə başlayırlar. Ona görə də biz 40 gün mütəmadi məşğul olmağı, yoqanın incəliklərini bu müddətdə öyrəndikdən sonra davamlı hala gətirməyi məsləhət görürük".