Son zamanlar bank kartlarına kiberhücumlarla bağlı şikayətlər artıb. İnsanlar sosial şəbəkə üzərindən hakerlərin hücuma məruz qalaraq maddi ziyana uğrayırlar. Belə ki, bank dələduzları müxtəlif yollarla, hətta Mərkəzi Bankın adından sui-istifadə edərək vətəndaşların kart məlumatlarını əldə edirlər. Bu da sonda vətəndaşın pullarının hakerlər tətəfindən mənimsənilməsinə gətirib çıxarır.
Məsələ ilə bağlı Mərkəzi Bank da vətəndaşlara xəbərdarlıq edib. Qurum yaydığı açıqlamada bəyan edib ki, son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinmişdir: "Bildiririk ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik".
Maraqlıdır, görəsən, belə hücumların qarşısı necə alınmalıdır? Kibercinayətkarlar tərəfindən mənimsənilən vəsaitləri geri qaytarmaq mümkündürmü? Bank kartlarına kiberhücumlarla bağlı banklar, yoxsa vətəndaşlar məsuliyyət daşıyırlar? Bank kartından vəsaiti oğurlanmış vətəndaş hadisə baş verdiyi ərazi, yoxsa qeydiyyatda olduğu rayon üzrə polis orqanlarına şikayət etməlidir?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, əslində, bank kartlarından vəsaitin oğurlanması halları çox vaxt vətəndaşların öz günahı ucbatından olur: “Onlara telefonla kimsə zəng edir, bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər. Vətəndaş da inanır və kartının rekvizitləri, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları verir. Belə olanda da kartından bu yolla pul çıxarılır. Vətəndaşlar bilməlidir ki, kart məlumatlarını kiməsə vermək olmaz. Bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmur. Bəzən də elə olur ki, bankın informasiya təhlükəsizliyi sistemi zəif olduğu üçün hakerlər vəsaitləri bu yollarla vətəndaşların kartından oğurlaya bilir. Bu zaman vətəndaş mütləq banklarda mövcud olan “sms məlumat" sisteminə qoşulmalıdılar ki, kartlarından vəsait çıxan kimi onlara "bildiriş sms" gəlsin ki, onlar dərhal tədbir görə bilsinlər. Bəzən, hətta banklarımızda “sms bildiriş"in gəlməsində problem yaranır. Bu da təbii ki, bankın günahıdır. Vətəndaş belə olduğu halda, banka qarşı iddia qaldıra bilər. Həmin bankın “sms bildiriş" sisteminə qoşulduğu halda hesabından pul çıxarılanda vətəndaşa heç bir sms gəlməyib. Belə hallarda cinayətkarı tapmaq çox çətindir, çünki bir qayda olaraq cinayətkarlar bunu xaricdən edirlər. Ona görə də oğurlanan vəsaitin geri qaytarılması mümkünsüz olur”.
Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır: “Əslində günahın kimdə olmasının heç bir əhəmiyyəti yoxdur. Hər şeydən əvvəl vətəndaşlar ehtiyatlı olmalıdır. Yəni vətəndaş diqqətli olmalıdır ki, ona sorğu göndərən hansı resursdu, domeni nədir, nə zaman yaranıb, kimdir və s. Vətəndaş hansısa məlumatı ötürməzdən öncə “Google”da qısa bir araşdırma aparmalıdır. Əgər o, hansısa təhlükə ilə üzləşibsə, burada artıq aidiyyəti qurumlara müraciət etməlidir. Ən önəmlisi isə kartları heç kimə göstərməyin, masanın üzərinə qoymayın. Ağlınıza belə gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər. Həmçinin, tanınmamış, dünyada etibar qazanmamış saytlarla alış-veriş etməyin. Təbii ki, əgər vətəndaş kartından pul çıxılma, oğurluq, dələduzluq və s. bu kimi hallarla üzləşibsə, aid olduğu banka məlumat verilməli, həmçinin kart hesabı dəyişdirilməlidir. Daha sonra hüquq-mühafizə orqanlarına şikayətlərini bildirməlidirlər ki, dələduzlar tapılaraq cəzalandırılsınlar. Onların bu işlə məşğul olan şöbələri var. Proses uzun çəksə də, bəzi hallarda qarət olunmuş adamların pullarını qaytarmaq mümkün olur. Bunun üçün ciddi araşdırmalar aparılmalı, bir neçə ölkənin hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidir. Bəzən oğurluq zamanı IP bir ölkəyə, sayt ikinci ölkəyə, oğurluğu həyata keçirən şəxs üçüncü ölkəyə, qurban isə dördüncü ölkəyə məxsus olur. Yəni 3-4 ölkənin hüquq-mühafizə orqanları bərabər işləməli olurlar".
Mövzunun hüquqi tərəflərinə toxunan hüquqşünas Sahib Məmmədov isə bizimlə söhbət zamanı qeyd edib ki, belə hallarda vətəndaş həm hadisə baş verdiyi ərazi, həm də qeydiyyatda olduğu rayon üzrə polis orqanlarına şikayət etmək hüququna malikdir: “Burada məsələ hadisənin xarakterindən də asılıdır. Tutaq ki, bir var hadisə hansısa ərazidə canlı baş verib. Məsələn, hansısa xuliqanlıq hadisəsi qeydə alınıb və ya şəxsə xəsarət yetirilib. Burada məsələ aydındır. Virtual məkanda baş verən dələduzluq zamanı ola bilər ki, vətəndaşa tövsiyyə edilsin ki, yaşadığı yer üzrə hüquq mühafizə orqanlarına müraciət etsin. Belə hallarda vətəndaş həm hadisə baş verdiyi ərazi, həm də qeydiyyatda olduğu rayon üzrə hüquq-mühafizə orqanlarına şikayət etmək hüququna malikdir”.