BDU-nun tələbə yataqxanası yeni tədris ilindən istifadəyə veriləcək

13:39 13.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunan tələbə yataqxanası yeni tədris ilindən etibarən tələbələrin ixtiyarına veriləcək. Bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva hafta.az-a açıqlamasında söylədi. Onun sözlərinə görə, tələbələrin istifadəsinə hazır vəziyyətə gətirilən 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur:

“Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana - oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərəcəkdir. Yataqxananın həyətində idman avadanlıqları quraşdırılıb, istirahət guşəsi yaradılıb, ağac və kollar əkilb. Eyni zamanda yataqxanada ilkin tibbi yardım məntəqəsi də təşkil edilib və tibb məntəqəsi zəruri avadanlıq və dərmanlarla təmin olunub. Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət ediləcəkdir.

Hər mərtəbədə 24 ikinəfərlik və 2 üçnəfərlik otaq nəzərdə tutulmuşdur. Otaqlar hər bir tələbə üçün fərdi, xüsusi dizayna və rəngə malik stol, stul, müasir yataq mebeli və qarderobla təmin olunmuşdur. Hər mərtəbədə iki mətbəx və iki məişət otağı mövcuddur. Mətbəxdə tələbələrin rahatlığının təmin olunması üçün soyuducular və digər zəruri avadanlıqlar yerləşdirilib. Mərkəzi istilik sistemi ilə təchiz edilmiş yataqxananın bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılıb, eyni zamanda “Tələbə evi” yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunub. Yataqxanaya qeydiyyat və ödəniş məsələləri də hələlik məlum deyil. Bütün bunlar ənənəvi təhsil bərpa olunduqdan sonra müəyyən ediləcək.”.

Yeni yataqxana binalarının tikintisi ilə bağlı məsələyə gəldikdə isə, qurum rəsmisi prosesin davam edib-etməyəcəyinin hələlik məlum olmadığını bildirdi.

Qeyd edək ki, yataqxananın açılışı bu ilin yanvar ayında, Təhsil Naziri Emin Əmrullayevin iştirakı ilə baş tutub.

Oxunma sayı 260