BDU-nun yeni yataqxanası nə zaman istifadəyə veriləcək? - REPORTAJ

12:28 12.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU-nun)  100 illik yubileyi məqsədilə həyata keçirilən tədbirlər planı çərçivəsində inşa olunan yataqxana binasının nə zaman istifadəyə veriləcəyi ilə bağlı suallar hələ də açıq qalır. Hələ ötən ilin sonlarında yayılan məlumatlara görə, yataqxananın qısa zaman kəsiyində açılışı olacaq və istifadəyə veriləcəkdi. 2020-ci ilin ilk ayı başa çatdı və kirayələrdən can qurtarmaq istəyən tələbələrin intizarla gözlədiyi xəbərin izinə düşüb adıçəkilən universitetə üz tutduq.

Əvvəlcə üzərinə “Tələbə evi” yazılan yataqxanaya yollandıq. Hafta.az-ın əməkdaşı olduğumuzu deyib, buradan reportaj hazırlamaq istədiyimizi bildirdik. Yataqxananın təhlükəsizlik işçiləri isə bizi universitetə istiqamətləndirdi. Bildirdi ki, buradan şəkil çəkməyə icazə verilmir. Çünki hələ açılış olmayıb. İstifadəyə verilməyib.

Üstəlik, son tamamlama işləri getdiyindən təhlükəsizliyimiz üçün cavabdehlik daşıdıqları binaya yaxınlaşmağımızın məqsədəuyğun olmadığını vurğuladılar. Buradan əldə etdiyimiz yeganə məlumat isə binanın təxminən 100-ə qədər otaqdan ibarət olmasıdır.

Biz də “Tələbə evi”nin həyətindən ayrılıb Bakı Dövlət Universitetinə yol aldıq. Təhsil ocağının ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşları bildirdilər ki, BDU-nun yataqxanasında son hazırlıq işləri tamamlanmaq üzrədir. Yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulub. Lakin yataqxananın dəqiq açılış və istifadəyə verilmə tarixi müəyyənləşməyib. 5 mərtəbəli binada yerləşən yataqxana həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. 200-220 nəfər tələbə həmin yataqxanada qala bilər. Yasamal rayonu Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşən yeni yataqxana "Tələbə evi" adlanır.

BDU-dan əldə etdiyimiz digər məlumata görə, “Tələbə evi” universitetin daxili vəsaiti hesabına tikilib.

Universitetdən o da bildirilib ki, “Tələbə evi”ndə tələbələrin rahatlığı üçün hər şey – paltaryuyan  maşından tutmuş, ütüyə, televizora qədər bütün nüanslar nəzərə alınıb və təmin edilib. İlkin mərhələdə yataqxanada həm oğlanlar, həm də qızlar qala biləcək. 

Vurğulanıb ki, yataqxanada bir tələbə üçün qiymət müəyyən olunmayıb. İstifadəyə verildikdən sonra bu haqda dəqiq məlumat veriləcək. Gələcəkdə tələbə şəhərciyindəki digər korpuslar layihə planına uyğun olaraq inşa ediləcək. Bu layihənin üzərində işlər davam etdirilir.

Əldə etdiyimiz digər məlumatlarda isə, yataqxana kompleksində sərgi zalı, tibb məntəqəsi, kitabxana, mağaza, 200-400 nəfərlik iclas zalları, bərbərxana, fitnes zalları, İnternet-kafe, 2 mərtəbəli yeməkxana olacaq.

BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir. Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metrdir. 19095 kv. metr ərazidə abadlıq işləri aparılacaq. Yataqxanalarda otaqların sayı 2282, burada yaşayacaq tələbələrin sayı isə 4470 nəfər olacaq. Tələbə şəhərciyi 4 korpusdan ibarət olacağı bildirilir. Amma bunların növbəti illərdə reallaşdırılacağı vurğulanır.