İran XİN: İrana qarşı törədilmiş cinayətlərin icraçıları cəzalandırılsın

11:53 13.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının son 24 saat ərzində İrana qarşı həyata keçirdiyi təcavüzkar hücumları qətiyyətlə pisləyir. Bu qəddar hücumlar nəinki Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin fundamental prinsiplərinin, xüsusilə də 2-ci maddənin 4-cü bəndinin kobud şəkildə pozulması deməkdir, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid törədir, eyni zamanda, son bir neçə ay ərzində gərginliyin azaldılması və Qərbi Asiya regionunda sabitliyin bərqərar olunması yönündə göstərilən bütün səyləri puça çıxarır.

Hafta.az yazır ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, müharibənin dayandırılması haqqında sazişin imzalanmasından cəmi 25 gün keçməsinə baxmayaraq, ABŞ həmin razılaşmanın demək olar ki, bütün bəndlərini açıq şəkildə pozub, İranın nəqliyyat infrastrukturuna, balıqçı qayıqlarına, yük gəmilərinə, habelə meteorologiya obyektlərinə və binalarına hücum etməklə ən ağır müharibə cinayətlərini törədib.

“ABŞ, həmçinin İran tərəfindən Hörmüz boğazında zəruri tədbirlərin həyata keçirilməsi prosesinə aşkar şəkildə müdaxilə edərək, boğazda qeyri-sabitliyin yenidən baş qaldırmasına və beynəlxalq kommersiya gəmiçiliyinin pozulmasına səbəb olub. Bununla bərabər, terrorçu ABŞ ordusu İrana qarşı hərbi təcavüzə hazırlaşmaq üçün Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrin ərazisindən və infrastrukturundan istifadə etməklə, həmin dövlətləri faktiki olaraq İran xalqına qarşı apardığı qanunsuz və cinayətkar müharibənin meydanına çevirib”, - XİN-in bəyanatında qeyd olunur.

İran İslam Respublikası ABŞ-ın hərbi təcavüzünə və istənilən digər təcavüzkara qarşı İranın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmində olduğunu vurğulayaraq, təcavüzkar tərəflərlə hər hansı formada əməkdaşlıq və ya şərikliyə qarşı xəbərdarlıq edir. Xarici İşlər Nazirliyi bildirir ki, qonşu ölkələr beynəlxalq hüquqa əsasən, təcavüzkar tərəflərin öz ərazilərindən və infrastrukturundan İrana qarşı hərbi təcavüz məqsədilə istifadə etməsinin qarşısını almağa borcludurlar. İrana qarşı hücumların başlanğıc və çıxış nöqtəsi, İran İslam Respublikasının rəşadətli silahlı qüvvələrinin müdafiə zərbələri üçün legitim hədəf hesab olunacaq.

Bəyanat bu sözlərlə tamamlanır: “ABŞ-ın hakim dairələri öz öhdəliklərini pozmaqla yanaşı, faktları təhrif etmək və öz qanunsuzluqlarına bəraət qazandırmaq üçün dezinformasiya kampaniyasını davam etdirir. Xarici İşlər Nazirliyi qeyd edir ki, ABŞ Prezidentinin şənbə günü keçirilən Məsqət danışıqlarının nəticələrinə dair iddia etdikləri tamamilə yalandır və çarəsizlikdən irəli gəlir; Məsqət danışıqları mahiyyət etibarilə Hörmüz boğazının idarə olunması və tranzit marşrutları ilə bağlı tənzimləmələrə yönəlmişdi, lakin təəssüf ki, Amerika Birləşmiş Ştatları Omana etdiyi aşkar və gizli təzyiqlərlə bu məsələdə yekun nəticənin əldə olunmasına mane oldu.

Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Katibliyinin ABŞ-ın aşkar qanunsuzluğuna və zorakılığına qarşı nümayiş etdirdiyi qeyri-konstruktiv yanaşmadan təəssüfləndiyini bildirərək, Baş Katibin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin pozulması hallarına cavabdehlik daşıdığını vurğulayır, eyni zamanda, təcavüzkar tərəflərin məsuliyyətə cəlb olunmasını, İran xalqına qarşı törədilmiş cinayətlərin icraçılarının və sifarişçilərinin cəzalandırılmasını tələb edir”.