Las Veqasda 33 yaşlı Ciayin Çen adlı qadın bir neçə il ərzində saxta nikahlar vasitəsilə kişiləri aldatdığı üçün yaxalanıb.
Hafta.az yazır ki, istintaq məlumatlarına görə, qadın 2019-2024-cü illər arasında ən azı 14 dəfə evlənib. Sosial media vasitəsilə kişilərlə tanış olan qadın, Çində ağır xəstə qohumlarını müalicə etmək bəhanəsi ilə evliliklərdən qısa müddət sonra onlardan külli miqdarda pul alıb. Pulu əldə etdikdən sonra bütün əlaqələrini kəsib yoxa çıxıb.
Məlum olub ki, Çen əvvəllər yeddi dəfə evli olub. 2024-cü ildə fırıldaqçılıq şübhəsi ilə həbs olunaraq girov müqabilində azad edildikdən sonra, Viki Liang adı altında daha yeddi kişi ilə evlənə bildiyi məlum olub.
Bir qurban qohumunu müalicə etmək üçün ona 23 min dollar verdiyini, lakin iki həftə sonra boşanma tələb edərək yoxa çıxdığını bildirib. Başqa bir kişi isə birlikdə ev almaq bəhanəsi ilə ona təxminən 30 min dollar verdiyini bildirib.
İstintaq zamanı qadının qazandığı pulun böyük hissəsini qumara xərclədiyi müəyyən edilib. Polis məlumatlarına görə, o, kazinolarda 300 min dollardan çox pul itirib.
Ciayin Çen dələduzluq yolu ilə 100 min dollardan çox pul qazandığını etiraf edib. Məhkəmə hökmünün avqustun 20-də oxunacağı gözlənilir.