BƏƏ astronavtı Məkkə və Mədinəni kosmosdan lentə aldı

11:34 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) astronavtı Sultan Neyadi Ramazan bayramı öncəsi Məkkə və Mədinənin görüntüsünü çəkib. 

Hafta.az-ın "Futurizm"ə istinadən yazdığına görə, hazırda Beynəlxalq Kosmik Stansiyada olan Neyadi Twitter hesabında yayımladığı videoda kosmosdan gələn parlaq işıqlar altında iki şəhərin mənzərəsini paylaşıb. Astronavt sözügedən videonu Qədr gecəsində stansiyadan lentə alıb.

Videoda Məscidül-Haram və Kəbəni əhatə edən işıqlar görünür. Görüntülər İslamın müqəddəs simvollarının kosmosdan necə göründüyünü anlamaq üçün nadir fürsət təqdim edir.

Sözügedən paylaşımda Neyadi şəkilləri Səudiyyə Ərəbistanı Krallığına və Səudiyyə kral ailəsinə həsr edib. Astronavt şəkilləri ilə Twitter səhifəsində "Salmanın övladlarına hədiyyə" ifadələrini işlədib: "Beynəlxalq Kosmik Stansiyadan... Bu mübarək gecələrdə Salmanın övladlarına hədiyyə. İki Müqəddəs Məscid diyarı, vəhy diyarı və risalət ölkəsi olan Səudiyyə Ərəbistanı Krallığına həsr edilib".

Neyadi martın 3-dən İSS-də idi. Astronavt NASA astronavtları Stiven Bouen və Uorren Hoburqla İlon Maskın kosmik firması SpaceX-in "Crew 6" kosmik gəmisində səyahət edib. Neyadi kosmik stansiyada 6 ay qalacaq və belə uzunmüddətli kosmos missiyasını yerinə yetirən ilk BƏƏ astronavtı olacaq.

Neyadi aprelin 28-də stansiyadan kənarda da kosmosa çıxacaq. Bu, ərəb astronavtının ilk kosmosa çıxışı olacaq.