BƏƏ səfirliyi “Invest in UAE” adlı virtual tədbir keçirib

11:02 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi “Invest in UAE” adlı virtual tədbir keçirib. Tədbir BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı investisiya münasibətləri mövzusuna həsr edilib.

Hafta.az-ın yazdığına görə, BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi açılış nitqi ilə çıxış edərək, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan rəhbərlərinin möhkəm iradəsi sayəsində iki ölkə arasında ikitərəfli münasibətlər strateji səviyyəyə çatıb.

Səfir investisiya məkanı kimi BƏƏ haqqında danışıb: “Yarandığı 1971-ci ildən etibarən, BƏƏ özünü Ərəb dünyasının iqtisadi paytaxtı kimi təsis edib. Həm regional, həm də qlobal olaraq BƏƏ regionda investisiya və ticari fəaliyyətin qəlbi hesab olunur. BƏƏ hökuməti 10 ən böyük qlobal investisiya məkanı olmağa niyyətlidir”.

Səfir Məhəmməd əl-Bluşi, həmçinin InvestEmirates.ae platformunu təqdim edib və Azərbaycandan olan investorları BƏƏ-də mövcud biznes fürsətlərindən faydalanmağa çağırıb.

Tədbirdə, həmçinin BƏƏ Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Əbu Dabi İnvestisiya İdarəsinin və Dubay Ticarət palatasının nümayəndələri iştirak edib. Onlar BƏƏ-də investisiya mühiti və imkanları, Azərbaycanla ikitərəfli iqtisadi əlaqələri genişləndirmək üçün yeni sektorlar barədə mühüm məlumat veriblər.

Tədbirdə Azərbaycanın nazirlik, dövlət agentlikləri, hökumət və özəl sektor nümayəndələri də iştirak edib.