“COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi, əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu. Konfransda ümumbəşəri nəticələrə yol açan qərarların alınması ilə tədbir ərəfəsində ölkəmiz əleyhinə çoxsaylı cəhdlərin, sərf olunan resursların boşa çıxması ilə nəticələndi”.
Hafta.az xəbər verir ki, bu barədə deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında bildirib.
Deputat Prezident İlham Əliyevin COP-un Liderlər Sammitində tarixi çıxışına diqqət çəkib və tədbir sonrası bölüşdüyü fikirlərini qalib sərkərdənin triumfu adlandırıb.
“Amma görünən odur ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə, eləcə də COP-da əldə olunan nəticələrlə Prezidentin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir. Belə ki, antiteror tədbirlərinin ardınca qınına çəkilmiş, lakin aylar sonra - COP ərəfəsində yenidən “dirçələrək” monitorinqlərə başlayan Aİ-nin Ermənistandakı “müşahidə missiyası”nın səylərinin puça çıxmasının ardınca tədbirdən sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşması ancaq bununla izah oluna bilər və görünən odur ki, revanş missiyasına start verib”.
B.Məhərrəmov bildirib ki, bəzi beynəlxlaq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur.
“Polşa Prezidentinin Aİ təxribat missiyasının binokl şousunda iştirak etməsi bu mənada təəssüf doğurur”.
Deputat bəyan edib ki, bu gün dünyanı lərzəyə gətirən güclərin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir.