Belçika həbsxanaları yeni məhbus qəbul etmir - YER YOXDUR

09:50 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçikanın ikinci böyük şəhəri olan Antverpendə mühafizəçilər həbsxanadakı şəraitin insanlıqdan kənar olduğunu əsas gətirərək qapıları bağlayaraq yeni məhbusları qəbul etməmək qərarına gəliblər.

Hafta.az-ın yazdığına görə, bu görünməmiş aksiyadan sonra Belçika Ədliyyə Nazirliyi məhbusları müvəqqəti olaraq başqa həbsxanaya köçürməyə başlayıb.

Antverpen həbsxanasının mühafizəçiləri bazar ertəsi səhərdən “həbsxana doludur” deyərək yeni gələn məhbuslara qapıları açmayıblar. Mühafizəçilərin sözlərinə görə, həbsxanadakı şərait məhbuslar üçün qeyri-insani olub. Hazırda 439 nəfərdən ibarət kişilər bölməsində 719 məhbus var.

Döşəməyə sərilən döşəklərdə 100-dən çox məhbusun yatdığını bildirən gözətçilər bu şərtlərlə yeni məhbusların həbsxanaya gəlməsinə icazə verməyəcəklərini bildiriblər.

Həbsxana işçilərinin bağlı olduğu üç həmkarlar ittifaqı şəraiti yaxşılaşdırmaq üçün tətilə qərar verdiklərini açıqlayıb. Şərtlər dəyişməzsə, həmkarlar ittifaqları aprelin 4-dən tətilə başlayacaq. Tətil həbsxanada məhbusların sayı 650-dən aşağı düşənə qədər davam edəcək.

Belçika Xristian Birlikləri Konfederasiyasından (ACV) Kevin Van Hout fəaliyyət təşəbbüsünün həbsxana işçilərindən gəldiyini vurğulayıb. Van Hout Belçika mediasına deyib: "Məqsəd vəziyyəti məhbuslar üçün yaşana bilən etməkdir. Humanist mühit üçün məhbusların sayını azaltmaq lazımdır".

Antverpen həbsxanasının rəhbərliyi problemdən xəbərdar olduqlarını bildirib və məsələ ilə bağlı Ədliyyə Nazirliyinə məlumat verdiklərini açıqlayıb.

Həbsxanalar Baş İdarəsinin sözçüsü Valeri Kallebaut VRT ictimai yayımına deyib: "Məhbusların başqa həbsxanalara köçürülməsi müvəqqəti həll yolu ola bilər, çünki digər həbsxanaların da imkanları məhduddur". Antverpen həbsxanasındakı vəziyyəti düzəltmək üçün lazımi təşəbbüslərin edildiyini bildirən sözçü, mühafizəçilərin məhbusları qəbul etməkdən imtinasının bundan sonra davam edə bilməyəcəyini vurğulayıb.

Səlahiyyətlilər həbsxananın qadın bölməsində heç bir problem olmadığını bildiriblər.