Bələdiyyələrin mülkiyyətlə bağlı problemləri

15:19 11.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyirmi ildən artıq bir zaman kəsiyində fəaliyyət göstərən ölkə bələdiyyələrinin irəliləyişləri ilə yanaşı, ciddi problemlərlə üz-üzə qalmaları təəssüf doğurur. Bu problemlərdən biri də bələdiyyələrə, xüsusən də Bakı bələdiyyələrinə  mülkiyyətə  əmlakın və torpağın  verilməməsi və ərazilərin bələdiyyələrə tanıdılmaması, habelə  cizgilərlə verilən bir çox  ərazilərin isə reallıqla üst-üstə düşməməsidir. Ən əsası odur ki, hazırda vəziyyət elə gətirib ki, Bakı və ətraf qəsəbələrdə inzibati əraziləri ayrıd etmək mümkün deyil. Ümumilikdə götürdükdə isə əmlak məsələləri üzrə Dövlət Xidmətinin və onun struktur bölmələrinin bələdiyyələrin yuxarıda söylənilən probleminin həllinə səy göstərməməsi və ya illərboyu ləngitməsi bələdiyyələr arasında narazılıqla qarşılanır desək, yəqin ki yanılmarıq.

Bu gün paytaxtda formalaşan 53 bələdiyyənin heç birinə mülkiyyətə  nə əmlak, nə də torpaq verilib. Açığı, bu prosesin nə vaxt başlanacağı də məlum deyil. Torpağın bələdiyyələrə verilməsi üçün şəhərin kadastrı başa çatdırılmalı idi. İyirmi ildir ki, kadastr -yəni paytaxtın yeraltı və yerüstü  kommunikasiya xətlərinin planı hələ də müəyyən edilməyib. Məhz bu səbəbdən bələdiyyələrə mülkiyyətin verilməsi ləngiyir. Bəs bu proses nə vaxt icra ediləcək?  Maraqlıdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin   ləğvi bələdiyyələrdə bu prosesin tezliklə başlanacağına ümidi artırsa da, irəliləyişin olmaması yerli orqanlarda çalışanların  bu sahəyə qarşı olan incikliyini daha da artırır.  

Suraxanı, Sabunçu, Xəzər,  Xətai, Binəqədi və Səbail rayonlarında formalaşan bələdiyyələrin əraziləri dəqiqləşdirilmədiyindən və ya mübahisəli olduğundan, vergilərin toplanılmasında da problem yaranır. Belə bir çətin, ancaq çətin olduğu qədər  sadə görünən bir suala çox asanlıqla cavab tapmaq mümkündür. Əgər məmurlarda istək, maraq olarsa.

***

Fikrimcə, ilk olaraq Bakının inzibati ərazi-vahidləri məsələsinə yenidən baxılmalıdır. Çox maraqldır ki, qəsəbələrin yaşayış ərazisi Bakı şəhərinə, qəsəbəyə bitişik ətraf ərazilər isə Abşeron rayonuna baxır. Bu istiqamətdə problem var və ona aydınlıq gətirilməlidir. Qəsəbələr böyüyür, infrastruktur qurulur, yollar salınır, ancaq sakin onu sənədləşdirə bilmir. Ərazinin sahibi ya bilinmir, ya da torpaq təyinatı üzrə istifadə edilməyib.

Bələdiyyənin inkişafına maneə yaradan məmurların  vaxtilə “göz yumması” nəticəsində böyüyən qəsəbələrdə  kommunikasiya infrasturkturu yaradılır, sanki yeni şəhər salınır, lakin heç bir mənzilin qeydiyyatı aparılmır. Küçəsi, ünvanı bilinməyən, ancaq şəhərə çevrilən qəsəbələrdə formalaşan bələdiyyələr isə hər hansı bir vergi növü toplaya bilmir. Misal olaraq Binə qəsəbəsini göstərmək olar. Binə qəsəbəsində bu gün qeyri-rəsmi 160 min nəfərə yaxın sakin yaşayır. Rəsmi qeydiyyatda olanların sayı isə 55 min nəfərdir. Qəsəbənin ərazisi bir tərəfdən Suraxanı, digər tərəfdən, Abşeron ərazisinə düşməkdədir. Təsəvvür edin ki, bu evlərin hər biri kənd təsərrüfatı  təyinatlı torpaqlarda, ya da pay torpaqlarında inşa edilib. Prosesin icrasının ləngiməsində, sözsüz ki, dövlət büdcəsi də itirmiş olur. Bu gün təqribi hesablamalara görə, paytaxtda məhz bu cür problemli mənzillərin sayı 500 mini keçməkdədir. Bu qədər mənzilin 80 faizədək hissəsini isə rəsmiləşdirmək mümkündür. Sənədsiz mənzilin sənədləşdirilməsi həm dövlət, həm də yerli büdcəyə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Bəs o zaman nəyi və kimi gözləyirik? Baxmayaraq ki, bununla bağlı dövlətin  rəsmi mövqeyi ortadadır və son illərdə bir neçə ciddi sənəd imzalanıb. İcrasına da start verilib.

***

Bu cür yaranmış vəziyyətdə biz nəyi təklif edərdik.

Təklif edərdik ki,  Abşeron rayonu da daxil olmaqla, paytaxt rayonları   inzibati ərazi vahid kimi ləğv edilsin və inzibati ərazi vahidləri yenidən təşkil edilsin. Sayı on iki deyil,  cəmi beş rayon olmaqla yaradılsın. Yəni paytaxtın mərkəz rayonu olmaqla, dörd istiqamət  üzrə - Cənub, Şimal, Qərb və Şərq  dairələri təşkil edilsin. Belə bir məqamda faktiki olaraq movcud olan qəsəbələrin bəzilərinin də ləğv edilərək ya mərkəz rayona, ya da qeyd edilən ərazilərə birləşdirilməsi həyata keçirilməlidir. Əslində, meriya strukturu da bu şəkildə formalaşdırılmalıdır.  Sonra isə bu dairələrdə monitorinq aparılaraq, torpağın faktiki təyinatına uyğun təsnifatı müəyyən edilməlidir. Bu proses illərlə çəkməməli, tezliklə öz həllini tapmalıdır.

Son olaraq İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarovdan xahiş edərdim ki, digər ona həvalə edilən sahələrdə ciddi layihələr, struktur dəyişikliyi aparmaqla ölkə başçısı qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyi kimi, Əmlak məsələləri üzrə Dövlət Xidmətinin fəaliyyətini ciddi nəzarətdə saxlamaqla, bu strukturda şəffaflığın təmin edilməsini real çəkldə həyata keçirilməsini nəzərdə saxlasın. Bununla yanaşı, bələdiyyələrin əmlakla bağlı, habelə müvafiq qurumlarla əlaqədar yaranmış süni problemlərin həllinə nail olunsun.

Gəlin bir məqamı unutmayaq ki, bələdiyyələrin problemlərinin azalması, onların maliyyə vəsaitinin həcminin artması nəticə etibarilə sakinin, seçicinin probleminin azalması deməkdir. 

P.S. Biz qısa şəkildə bələdiyyələrə mülkiyyətin verilməməsi və bu istiqamətdə mövcud problemlərə toxunduq. Məsələlərin həllinə münasibəti isə müvafiq orqanlardan gözləyirik.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri