ÜƏMT-ə üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası başlayıb - FOTO

19:10 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 7-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası işə başlayıb.

Hafta.az xəbər verir ki, sessiyada Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ingilis dilində onlayn formatda çıxış edib.

Agentliyin İdarə Heyətinin sədri çıxışının əvvəlində ÜƏMT-nin baş direktoru Daren Tanqı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Daha sonra Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafı ölkənin sosial-iqtisadi inkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illər üçün süni intellekt Strategiyasına uyğun olaraq həyata keçirilir.

Əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması, innovasiya ekosisteminin inkişafına verdiyi töhfə və ölkə Prezidenti tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirib.

Diqqət mərkəzində əqli fəaliyyət nəticələrinin, süni intellektin və əqli mülkiyyətin fəlsəfəsi dayanır: riyazi əsaslardan fəlsəfi-hüquqi aspektlərə, innovasiya potensialından istifadənin səviyyəsinə və aparıcı ali təhsil müəssisələrində yaratdığımız əqli mülkiyyət kafedraları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər fənlərarası tədqiqatlara qədər geniş bir istiqamətil əhatə edir. Bu siyasətin əsasını əqli mülkiyyətin yalnız müstəsna hüquqlar sistemi kimi deyil, həm də həmin hüquqlarla qorunan obyektlər baxımından yenidən dərk edilməsi təşkil edir.

“ÜƏMT Katibliyinə Agentliyin strukturunu və fəaliyyətini seçilmiş 15 əqli mülkiyyət idarəsi sırasında təqdim etdiyinə və bunu “Gələcəyə baxan liderlerin Hesabatı”nda əks etdirdiyinə görə təşəkkürümüzü bildiririk”, - deyə Agentliyin rəhbəri qeyd edib.

Kamran İmanov diqqətə çatdırıb ki, ÜƏMT-nin IPAS sistemi ilə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, Açıq Reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir.

Məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılmış, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıb.

“Əminəm ki, ÜƏMT çərçivəsində təcrübə mübadiləsi milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək”, - deyə Kamran İmanov bildirib.

ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası iyulun 15-dək davam edəcək.