Bərbərxanaların müştəriləri azalıb - "Ancaq telefonla sifariş olanda fəaliyyət göstəririk"

13:25 27.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus təhlükəsi ilə bağlı ölkəmizdə Operativ Qərargahın qərarı ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub. İnsanların bu virusa yoluxma risklərinin olduğu ictimai-iaşə obyektlərinin bir çoxları bağlanılıb.

Lakin bərbərxanalar və gözəllik salonları kimi obyektlər fəaliyyətini davam etdirir. Bununla bağlı cəmiyyətdə fikirlər heç də birmənalı deyil. Sosial şəbəkələrdə bu obyektlərin də bağlanmasını tələb edənlər də var, buna qarşı çıxanlar da.

Bəs real vəziyyət necədir? Hafta.az-ın əməkdaşı bir neçə bərbərxanaya baş çəkərək mövcud vəziyyəti araşdırıb.

Samir bəy deyir ki, karantin rejimi tətbiq olunana qədər bərbərxanada müştəri qıtlığı yaşansa da gün ərzində fəaliyyət göstərirdilər: 

"Bir neçə gün öncəyə qədər müştəriləri zəng edirdi və sifarişlə gəlib işimi görürdüm. Qadağalar tətbiq olunandan sonra iş yerimdə oturmurdum. Yalnız zənglər olanda gəlirdim. Artıq iki gündür ki, iş yerimə də gəlmirəm, müştərilər zəng edəndə də gələ bilməyəcəyimi bildirirəm". Samir bəy bu qərarını gələn müştərilərin virus daşıyıcısı olub-olmadığını bilmədiyi ilə əsaslandırır.

Teymur adlı digər bir bərbərin sözlərinə görə isə, bərbərxanasını dezinfeksiya etdirib. Müştərilər üçün vaxt təyin edərək içəridə iki nəfərdən artıq şəxsin olmasına şərait yaratmır. Bundan əlavə, qoruyucu tibbi maskalardan və spreylərdən istifadə edir:

"Bayramdan əvvəl gün ərzində 10-12 müştərimiz olurdu. İndi isə günə 3-4 nəfər ancaq olur. Yaşadığım yerlə bərbərxananın arası çox yaxındır. Ona görə də, çalışıram bu müddətdə evdə oturum. Ancaq sifariş olduğu zaman dükana düşürəm".   

Görünən mənzərə odur ki, tətbiq olunan qadağalar bu sahədə də durğunluq yaradıb. Əslində fəaliyyətlərinin dondurulması ilə bağlı qərarın verilməsi mövcud duruma o qədər də ciddi təsir göstərməyəcək. 

Hafta.az məsələ ilə bağlı professor Adil Qeybullanın da fikrini öyrənib. Ekspert hesab edir ki, insanların bu kimi sıx baş çəkdiyi yerlərə mütləq məhdudiyyətlər tətbiq edilməlidir:

"Operativ Qərargah qərar verəndə elə etməlidir ki, o qərarların icra mexanizmi olsun. İkinci tərəfdən, Azərbaycanda koronavirusun artımı aprel ayında daha çox gözlənilir. Nəzərə alsaq ki, infeksiyanın yeni növləri yaranır, bu daha da təhlükəlidir. Müəyyən önləyici tədbirləri görmək lazımdır. Ən yaxşı tədbirlərdən biri təmasları azaltmaq lazımdır. Karantin tədbirləri pozan şəxslər məsuliyyət daşımalıdırlar".

Oxunma sayı 134
Sosial rubrikasından digər xəbərlər