Bitcoin-ə rəqib olacaq yeni kriptovalyuta hazırladığını söyləyərək 4 ildə 4 milyard dollar toplayan “Kripto Kraliçası” ləqəbli Ruja İqnatova FTB-nin “Ən çox axtarılan 10 adam” siyahısına daxil olub.
Hafta.az xəbər verir ki, 2017-ci ildə həbs qərarı çıxdıqdan sonra da pul yığmağa davam edən Ruja İqnatova 2014-2018-ci illər arasında Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstindən və daha onlarla ölkədən minlərlə insanı aldadıb. İqnatovanın kriptovalyutaların dünyaya sürətlə yayıldığı ilk illərdə yaranan çaşqınlıqdan istifadə edərək əsasən piramida sxemi olan “OneCoin” adlı startapını böyüdərkən fürsətə çevirdiyi bildirilir.
Bolqarıstan əsilli Ruja İqnatova FTB-nin 72 illik tarixində “ən çox axtarılanlar siyahısı”nda 11-ci qadın olub və onun həbsinə töhfə verəcək məlumat verənlərə 100 min dollar mükafat vəd edilib.
İqnatova hazırda bu siyahıdakı yeganə qadındır. Ekspertlərin fikrincə, İqnatovanı tapmaq o qədər də asan deyil, çünki o, qaçarkən özü ilə yüz milyonlarla dollar apara bilər. FTB hesab edir ki, İqnatova plastik əməliyyatla xarici görünüşünü dəyişib və yeni şəxsiyyət qazanıb.