Mərkəzi qərargahı Böyük Britaniyada yerləşən Amnesty İnternational təşkilatı 2021-ci ildə Kolumbiyada baş verən etirazların anım mərasimində süni intellektlə dəstəklənən proqramlar vasitəsilə yaradılmış fotolardan istifadə edərək tənqidlərə səbəb olub.
Hafta.az-ın "İnteresting Engineering"ə istinadən yazdığına görə, təşkilatın Norveç bürosu 2021-ci ildə Kolumbiyada keçirilən hökumət əleyhinə etirazların ildönümünü qeyd etmək üçün sosial media hesablarında üç paylaşım edib. Postlara süni intellektlə dəstəklənən proqram tərəfindən hazırlanan fotolar yerləşdirilib. Sözügedən paylaşımlardan birində olan fotoşəkildə çevik qüvvət polisi tərəfindən tutulan etirazçı təsvir edilib. Digər tərəfdən fəalın daşıdığı Kolumbiya bayrağının rənglərinin səhv ardıcıllıqla təsvir edildiyi qeyd olunub. Meydanın üstündə “Kolumbiya polisinin islahatlara ehtiyacı olmasının səbəbi” sözləri var.
Digər paylaşımlarda isə çevik polis və qadın fəalın görüntüləri var. Çevik qüvvət polisinin yer aldığı kadrda “Polis Kolumbiyada dinc nümayişləri cəzalandırmaq üçün zorakılıq tətbiq etdi” ifadəsi işlədildiyi halda, digər fotoda “Polis məmurları aksiyaya qatılan qadınları və LGBTİ icmasından olanları alçaldıb və zorlayıb” yazısı görünür.
Bu paylaşımlar sosial mediada, xüsusilə fotojurnalistlərin tənqidinə tuş gəlib.
Kolumbiyanın paytaxtı Boqotada işləyən fotojurnalist Xuanço Torres yazısında qeyd edib: "Biz saxta xəbərlərlə dolu son dərəcə qütbləşmiş bir dövrdə yaşayırıq. Bu, ictimaiyyətdə mediaya olan inamı şübhə altına alır. Hamımızın bildiyimiz kimi, süni intellekt yalan danışır. Süni intellektin yaratdığı şəkilləri dərc etməyə başlayanda hansı etibarlılığa sahib ola bilərsiniz?".
Amnesty İnternational isə etirazçıları təhlükəyə atmamaq və kimliklərini açıqlamamaq üçün paylaşımlarında əsl fotoşəkillərdən istifadə etmədiklərini bildirib. Fotoların altında xəbərdarlıq olaraq “Görüntülər süni intellekt tərəfindən hazırlanıb” ifadəsinin yer aldığı da xatırladılıb.
Digər tərəfdən, qurum ciddi tənqidlərdən sonra yazılarını silib. Təşkilatın Amerika üzrə direktoru Erika Gevara Rosas diqqətin Kolumbiyadakı etirazlara dəstəkdən süni intellektin yaratdığı görüntülərə keçməsini istəmədiklərini bildirib.
Kolumbiyada keçmiş prezident İvan Duke Markesin hökumətinin vergi və səhiyyə islahatlarına qarşı 28 aprel 2-21-ci ildə başlayan etirazlarda on minlərlə nümayişçi küçələrə çıxıb. Birləşmiş Millətlər Təşkilatının paylaşdığı məlumatlara görə, 31 dekabr 2021-ci ildə sona çatan aksiyalarda 44-ü mülki olmaqla ən azı 63 nəfər həlak olub.