“Bəzi ölkələrin siyasi xəritədən itdiyini görə bilərik” - Anais Marin

09:10 20.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı müharibəsi Şimali Avropada bloklara qoşulmadan ayaqda duran İsveç və Finlandiyanı qorxuya salıb. Elə bunun nəticəsidir ki, bu iki ölkə mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmən müraciət ediblər. Amma əlbəttə ki, Rusiya bu qərara qarşıdır. Hətta mütləq cəzalandırıcı addımların atılacağını da bildirib. Maraqlıdır, regionu nə gözləyir, Finlandiya və İsveçin NATO-ya üzv olması nələri dəyişəcək, Moskvanın cavabı nə olacaq və sair. Sualları  “Chatham House”dan araşdırmaçı, doktor Anais Marin cavablandırıb. Gəlin müsahibəyə birlikdə nəzər yetirək:

- Fevralın son həftələrində başlayan müharibə Rusiyanın tarixi ədalətsizlik kimi qəbul etdiyi şeyin qisasını almaq istəyən revanşist bir dövlət olduğunu bizə daha yaxşı başa saldı. Rusiya “Soyuq müharibə”dən sonrakı nizamın uduzduğu tərəfdir və 2014-cü ildə Krımın ilhaqında gördüyümüz kimi, beynəlxalq normaları və hüququ pozmağa çağırış edir. NATO Rusiyanı “təhdid” hesab edən bir anlayışla meydana çıxıb. Rusiya “Soyuq müharibə” dövründə olduğu kimi, indi də yalnız Ukrayna üçün deyil, həm də qlobal miqyasda təhlükə yaradır. Rusiyanın Yaxın Ətraf Mühit Doktrinası təkcə Baltikyanı dövlətləri və Şərqi Avropanı deyil, Macarıstan kimi Mərkəzi Avropa ölkələrini də hədəfləyir. Ona görə də Ukraynaya qarşı müharibədən sonra Baltikyanı ölkələr kimi, keçmiş Sovet respublikalarında yaranan Rusiya təhlükəsi anlayışı artıq Almaniya və Fransa kimi Avropa İttifaqının (Aİ) mərkəzindəki dövlətlərdə də hiss olunmağa başlayıb. Hansı ki, Rusiya təhlükəsi Mərkəzi Avropa ölkələri üçün Ukraynaya müharibə elan edənə qədər uzaq anlayış idi. Lakin Ukraynadakı müharibə birdən-birə hamını eyni xəttdə bir araya gətirdi. Bunun NATO üçün üstünlükləri var. Avropa ölkələrinin yenidən “vahid” ölkəni təhdid hesab etməsi və onu marginallaşdırması NATO-nun daha “vahid” və buna görə də daha dayanıqlı görünməsinə səbəb olub. Hələlik, NATO-nun Rusiyanı sakitləşdirmək və təcavüzdən uzaqlaşdırmaq cəhdləri nəticə verməyib. Bu səbəbdən alyans indi “hazır və bacarıqlı” olduğunu nümayiş etdirməlidir. Rusiya prezidenti Vladimir Putin gözlənilməz qərarlar verir. Bu kontekstdə, Avropada müharibənin ərtzaq, enerji təhlükəsizliyi və qaçqınlar kimi geniş yan təsirləri üçün güclü müdafiə mexanizminə ehtiyac olduğu anlaşıldı.

- Təhlükənin miqyası böyük olduğundandır ki, Finlandiya və İsveç mövqelərini dəyişdirərək NATO-ya müraciət ediblər. Bu qərara münasibətiniz necədir?

- Uzun illər Finlandiyada yaşayan, paytaxt Helsinkidəki beyin mərkəzi - Fin Beynəlxalq Münasibətlər İnstitutunda tədqiqatçı kimi çalışmış biri olaraq açıq şəkildə deyə bilərəm ki, Ukrayna böhranı başlayana qədər NATO-ya üzvlüklə bağlı daxili müzakirələr keçirilməyib. Bunun əvəzinə, Rusiyanın düşmən kimi qəbul etdiyi hər hansı ittifaqdan kənarda qalmaqla Finlandiyanın milli təhlükəsizliyinin daha yaxşı təmin oluna biləcəyinə dair fikir vardı. 2022-ci il fevralın 24-də Rusiyanın Ukrayna torpaqlarına təcavüzü ilə bu vəziyyət Finlandiyanın təhlükəsizlik maraqları haqqında ictimai təsəvvürü kökündən dəyişdi. Uzun illər Finlandiya və İsveçin beynəlxalq sistemdəki mövqeləri müzakirəyə açıq deyildi. Rusiyanın Ukraynaya qarşı təcavüzü Finlandiya və İsveçi tam bir "dönüş" etməyə və öz bitərəflik siyasətindən əl çəkməyə sövq etdi. “Soyuq müharibə” dövründə tərəfsizliyini qoruyan Finlandiya bu siyasi anlayış sayəsində həm Qərb dünyasına üz tutmadığı üçün suverenliyini qoruyub saxlaya bildi, həm də iki qütb arasında regional və balanslaşdırıcı aktor olmağı bacardı. Finlandiya Rusiya ilə 1340 kilometr uzunluğunda sərhədi bölüşür. Beləliklə, onlar başa düşdülər ki, öz təhlükəsizlikləri üçün NATO-ya qoşulmamalı və əvəzində, məsələn, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) balanslaşdırıcı rol oynamağa çalışmalıdırlar. Lakin 2008-ci ildə baş vermis Rusiya - Gürcüstan müharibəsindən, eləcə də 2014-cü ildən Rusiyanın Ukraynaya təcavüzündən sonra vəziyyət dəyişməyə başladı. Skandinaviya cəmiyyətləri həmişə demokratiya normasına verdikləri önəmlə bağlı yekdil mövqeyə nail olmağa çalışıblar. Amma heç vaxt NATO-ya qoşulmaq barədə ümumi anlayışları olmayıb. Belə demokratik ölkələr üçün vacib olan “ictimai rəy” də kökündən dəyişib. Böhranın baş verməsi və bununla bağlı təhlükəsizlik qavrayışının qəfil dəyişməsi, ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyi bu ölkələrin, hətta referendum keçirilmədən NATO-ya üzv olma tələbi ilə bağlı prosesə başlamasına səbəb oldu. Çox maraqlıdır ki, xalqlar da bu məsələdə hökumətləri dəstəklədilər.

- Sözügedən ölkələr NATO-ya qəbul olunarsa, Regional Təhlükəsizlik Konsepsiyası necə dolacaq?

- İsveç və Finlandiya NATO-ya üzv qəbul edilərsə, həm qlobal, həm də regional miqyasda Avropanın təhlükəsizliyində fərqli anlayış yarana bilər. Qlobal nöqteyi-nəzərdən bu ölkələrin birləşdirilməsi NATO üçün xalis mənfəət deməkdir. Çünki bu ölkələrin, xüsusilə Finlandiyanın güclü, yaxşı təlim keçmiş və təchiz edilmiş orduları var. Finlandiyada döyüş qabiliyyətinə malik şəxsi heyətin sayı 1 milyona yaxındır. Finlandiyanın “Qış müharibəsi” (1939-1940) zamanı Sovet ordusu ilə döyüşmək və rus məntiqini başa düşmək təcrübəsi var. Bu vəziyyət digər Qərb ölkələri ilə müqayisədə əhalinin daha sürətli səfərbər olmasına səbəb verir. Bundan əlavə, Finlandiya ordusu ölkə müharibə şəraitində olsa belə, cəmiyyətin iqtisadi, hərbi, tibbi və sosial ehtiyaclarını ödəməyə qadirdir. Bu kontekstdə Finlandiyanın NATO-ya daxil olması digər üzv ölkələrə də çox şey qazandıracaq.

- Belə fikir var ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması Rusiyanı Baltik dənizində sıxışdıracaq. Hətta Kalininqradı təcrid edəcək…

- Regional baxımdan Finlandiya və İsveçin NATO-da iştirakı son dərəcə vacibdir. Çünki bununla Baltik dənizində hərbi balans tamamilə dəyişəcək. Rusiyanın kənar bölgəsi olan Kalininqradın çıxış imkanları aradan qaldırılacaq. Kalininqrad Baltikyanı ölkələr üçün təhlükə yaradır və onları NATO-nun qalan hissəsindən təcrid etmək riski daşıyır. Beləliklə, İsveç və Finlandiyanın NATO-da iştirakı Kalininqraddakı Rusiya ordularını daha çətin vəziyyətə salacaq. Məsələn, əgər Rusiya Belarusdakı hərbi mövcudluğundan istifadə edərsə, onlara cəmi 2-3 gün lazım olacaq ki, Litva və ya Polşa ərazilərindən 90 kilometrlik torpaq zolağı (“Suvalki” dəhlizi) açsın. Rusiya “Blitzkrieg” (İldırım əməliyyatı) strategiyasından istifadə edərək “Suvalki” dəhlizi ilə ölkənin əsas ərazisini Kalininqradla birləşdirə bilər. Bu isə Baltikyanı ölkələrin NATO-dan və bütün Avropanın qalan hissəsindən təcrid olunmasına gətirib çıxarar. İsveç və Finlandiya NATO-ya üzv olarsa, Rusiya Baltikyanı regionu tamam unutmalı olacaq. Bu baxımdan iki ölkənin NATO üzvü olması təkcə onlara deyil, digər Baltikyanı ölkələrə də rahatlıq gətirəcək. Sadə dillə desək, bu iki ölkənin NATO üzvü olması Baltik dənizini NATO gölünə çevirəcək. Digər tərəfdən, Finlandiya və İsveçin NATO çətiri altına sürətlə daxil edilməsi təkcə Alyansın dayanıqlılığını nümayiş etdirməyəcək, həm də onun birliyi və cavab potensialı baxımından Rusiyaya mühüm mesajlar verəcək. Bu mesajlardan biri də Ukraynaya ümid oyatmaq olacaq. Finlandiya və İsveç nümunəsi Ukraynanın NATO-ya qəbulunu da sürətləndirə bilər.

- Rusiya XİN xəbərdarlıq etdi ki, Finlandiya alyansa qəbul edilərsə, Moskva qeyri-müəyyən “hərbi-texniki” tədbirlər də daxil olmaqla, cavab verəcək. Bu halda atılacaq ilk addımlar nə ola bilər?

- Onların nə deməsinə baxmayaraq, fikrimcə, Rusiya Finlandiyanın NATO-ya üzv olmasına hərbi cavab verməyəcək. Finlandiya və İsveçin hələlik NATO-nun rəsmi üzvü olmadığı və buna görə də 5-ci maddənin tətbiq oluna bilməyəcəyi növbəti 2-3 ay təhlükə yaradır. Məlumdur ki, Finlandiya ilə Rusiya arasında son illərədək mehriban qonşuluq münasibətləri olub. Rusiya Ukraynanı təhdid kimi icad etməzdən əvvəl Finlandiyanı da təhlükə olaraq görmürdü. Finlandiyanın Rusiya ilə mehriban qonşuluq münasibətlərini saxlamaq istəyi Moskvada məlumdur və yüksək qiymətləndirilir. Rusiya Finlandiyanı təhdid hesab edə bilməz və yəqin ki, etməyəcək də. Ona görə də həm Xarici İşlər Nazirliyinin açıqlamaları, həm də Rusiya nəşrlərindəki təbliğat xəbərləri “qılınc göstərməkdən” heç nə ilə fərqlənmir. Onların edə biləcəyi yeganə şey diplomatik və iqtisadi sanksiyalara əl atmaqdır. Bu çərçivədə Rusiyanın qaz nəhəngi “Qazprom”un Finlandiyaya qazı kəsməsi kimi tədbirlər görüləcək. Lakin Finlandiya bütün bunlara hazırdır.

- Deyirsiz hazırdır, misal çəkə bilərsiniz?

- Helsinki təkcə müharibə çərçivəsində deyil, həm də uzun illər Rusiya ilə Ukrayna arasında baş verən hadisələri yaxından izləyib, nəticə çıxarıb. İkincisi, vətəndaş cəmiyyətini və ya strateji infrastrukturları hədəf alan hibrid hücumların aşkar təhlükəsidir ki, bu da beynəlxalq hüquqa əsasən təcavüz cinayəti sayılmır. Kiberhücumlar da daxil olmaqla, Finlandiya Rusiyadan gələn hər cür hibrid hücumlara qarşı, hansı ki, uzun illərdir bu var, davamlıdır. 2007-ci ildə Rusiya tərəfindən edildiyi düşünülən və Estoniyanı silkələyən kiberhücumu xatırlayın. Estoniya dərhal yaxşı münasibətdə olduğu Finlandiyadan dəstək aldı. Hər iki ölkə hətta Baltik dənizinin altından keçən kabellərdən kiberhücumlara da hazırdır.

- Finlandiyada müəyyən siyasi qruplar var ki, Rusiyaya isti münasibət bəsləyirlər və Moskvanı narazı sala biləcək istənilən qərara qarşı çıxırlar. Bəs onlar necə baxır NATO məsələsinə?

- Onlar on il əvvəl daha güclüydülər. Əslində “ruspərəst” deyə bilmədiyimiz həmin siyasi elita Rusiyanın narazılığına səbəb ola biləcək hər hansı qərardan yayınırdı. Bəziləri hətta bu fin elitasının “KQB” tərəfindən maliyyələşdirildiyini deyirdi. Lakin indiki şəraitdə bu elitalar çox zəifdir. Hətta heç bir sosial müzakirə və siyasi diskussiyaya təsir göstərə bilmirlər. Beləliklə, Rusiyanın təsir imkanları tükənib. Hətta onların indi daha özünəinamlı və möhkəm olan İsveç-Finlandiya-NATO üçlüyü tərəfindən sıxışdırılacağı ehtimalı var. Çünki 2014-cü ildə Krımın ilhaqından sonra bütün ölkələr Rusiyaya qarşı birləşib. Məncə, belə hücumların baş vermə ehtimalı azdır. Hətta baş versə belə, ölkələrin cavab imkanları çox geniş olacaq. Rusiya siyasətçilərinin təhdidləri sadəcə sözdür. Finlandiya və İsveçin NATO-ya daxil olması Baltikyanı və Şimali Avropa ölkələrinə hücum ehtimalını aradan qaldırır. Üstəlik, Finlandiya və İsveçin NATO-ya üzv olması Rusiyanın aqressiyasını regional olaraq dəyişdirəcək. Qlobal miqyasda Rusiya üçün hədəf hələ də ABŞ-dır. Ancaq ABŞ-a qarşı olsa belə, Rusiyanın NATO ilə mübarizəyə girməsi mümkün görünmür.

- Yeri gəlmişkən, Rusiya ilə NATO arasında hərbi münaqişə yarana bilər?

- Dediyim kimi, Rusiya siyasətçilərinin açıqlamaları sadəcə sözdən ibarətdir və alyansla hər hansı münaqişəyə girmələri mümkün deyil. Rusiya bilir ki, NATO ilə münaqişəyə girərsə, nüvə silahı işə düşəcək. Putin ağlını itirməsə, “Nüvə Armagedonu” təşəbbüsündən yayınacaq. Əks halda, bəzi ölkələrin xəritədən itdiyini görə bilərik. Mən kiçik münaqişələri proqnozlaşdırıram, lakin bu hərbi münaqişələrin səviyyəsi NATO-nun 5-ci maddəsinin altında qalacaq…