Binalardakı «mansard»ların təyinatı nədir?

19:00 17.07.2014
Yazını böyüt
Yazını kiçilt

FOTO REPORTAJ

Cahangir Qocayev: «Əslində «mansard»lardan iclas zalları, xeyir-şər evləri kimi istifadə olunmalıdır»

Son illər Bakı şəhərində inşa edilən yeni binaların dam örtüyündə «mansard»ların tikintisinə geniş yer ayrılmaqdadır. Hətta köhnə binaların da bəzilərində rekonsturksiya işləri aparmaqla «mansard»lar tikilir. Maraqlıdır ki, binaların «mansard»ında satışa çıxarılan bu qeyri-yaşayış sahələrinin qiyməti də aşağı deyil. Məsələn, 9-cu mikrorayonda «Tərlan» şadlıq sarayının arxasındakı 18 mərtəbəli binada 82 kvadratmetr sahəsi olan «mansard» tipli mənzil 65 min manata satılır. Xırdalanda, icra hakimiyyətinin yanındakı binada sahəsi 86 kvardartmetr olan 2 otaqlı «mansard» isə qiyməti 30 min manatdır.

Bəs «mansard»lar hansı qurumların balansındadır və onlardan hansı məqsədlə istifadə etmək olar?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «Həftə içi»nə bildirir ki, binalardakı əlavə “mansard”ların tikintisini kim sifariş edibsə, həmin orqanın mülkiyyətinə verilir: «Bəzi binalar yerli mənzil istismarı sahələrinin balansında olduğu üçün sifarişçilər yerli icra hakimiyyəti orqanları, yaxud yerli rayon mənzil kommunal təsərrüfatı birlikləri olurlar. Yaxud fərdi şəxslər və ya mənzil tikinti kooperativləri, eləcə də tikinti şirkətləri və inşaat firmaları öz balanslarındakı binaların dam hissələrində «mansard» lar tikdirirlər, onları icarəyə verirlər və ya satırlar. Amma burada bir məqam var ki, «mansard»lar qeyri-yaşayış sahəsidir. Yəni onlardan yaşayış obyekti kimi istifadə etmək düzgün deyil. Lakin xaricdə “mansard”ları elə zövqlə tikirlər ki, o bizim mənzillərimizdən də gözəldir və belə “mansard”lardan yaşayış sahəsi kimi istifadə olunur».

Şöbə müdiri vurğulayır ki, «mansard»lar müasir texniki normalara uyğunlaşdırılıbsa, orada vətəndaşların yaşayış üçün şərait yaradılıbsa, oradan yaşayış obyekti kimi istifadə etmək olar: «Əslində isə «mansard»lardan yaşlı təbəqənin nümayəndələri üçün istirahət mərkəzləri, iclas zalları, xeyir-şər evləri kimi istifadə olunması daha düzgündür. Baxmayaraq ki, «Böyük Bakının Regional İnkişafı Planı»nında «mansard»lı binların tikintisi nəzərdə tutulmayıb”.

«Mansard»larda yaşayış müxtəlif xəstəliklər yarada bilər

«Raydom Construction» inşaat şirkətinin meneceri Mikayıl Bayramov deyir ki, Bakı şəhərində «mansard»ların bir kvadratmetrinin tikintisi çoxmərtəbəli binalarda 80-100, fərdi evlərdə isə 20-50 manata başa gəlir. «Mansard»lardan yaşayış obyekti kimi istifadə edilməsinin qəti əleyhinə olduğunu deyən menecerin sözlərinə görə, bu qeyri-yaşayış sahələri adətən, taxta materiallarından tikilir və burada qaz xətti, işıqlandırılma sistemi quraşdırılmalıdır: “Ancaq qısaqapanma, yaxud qazsızma zamanı baş verən yanğın nəticəsində taxta materiallarından hazırlanmış həmin obyektlərin yanma təhlükəsi də böyükdür”.

Şirkət rəsmisi bildirir ki, «mansard»lar binaların, yaxud evlərin dam hissələrini tam örtür. Onların hər hansı birində ventilyasiya və havalandırma sistemləri quraşdırılmır: «Bu obyektlərə kənardan hava daxil olmur və havasızlıq yaranır. Ona görə də «mansard»larda yaşayış insanların sağlamlığını ciddi təhlükədir. Üstəlik daş və kərpicdən tikilmiş mənzillərindən fərqli olaraq taxta materilallardan hazırlanmış çardaqlarda rütubətlililk, nəmlilik çox olur. Bu da «mansard»larda yaşamaq istəyənlərin xəstəliklərə yoluxması ilə nəticələnə bilər».

Mikayıl Bayramov bildirir ki, həm ərazisi, həm də hündüryülü böyük olan «mansard»lardan istirahət otaqları, idman zalları, çayxanalar, yaxud yeməkxanalar kimi istifadə edilsin. Ancaq «mansard»lardan istifadə zamanı həm yanğın, həm də texniki təhlükəsizlik məsələlərinə ciddi fikir verilməlidir: «Əgər qeyri-yaşayış obyektlərində elektrik xətlərinə və qaz kəmərlərinə nəzarət edilsə, «mansard»ların pəncərələrini vaxtlı-vaxtında açmaqla içərisindəki hava mütəmadi dəyişdirilərsə və digər zəruri tələblərə əməl edilərsə, ciddi problemlər yaranmaz».

«Mansard»lara avadanlıq və qurğular yerləşdirilməlidir

«BASF The Chemical Company» və «Heerim Architects & Planners Co. Ltd» şirkətlərinin mühəndisi Bəxtiyar Rəhimov deyir ki son illərdə Bakı şəhərinin xarici görünüşünün və dizaynının dəyişdirilməsi üçün həyata keçirilən tədbirlər arasında yeni «mansard»ların tikintisi də var: «Təbii ki, bu obyektlərin tikintisi, onlara milli, yaxud xarici üslubda müasir quruluşların verilməsi həm yerli vətəndaşları, həm də xarici ölkələrdən Bakı şəhərinə təşrif buyurmuş qonaqlarda çox əhvali-ruhiyyə yaradır. Ancaq «mansard»ların satılması və onlardan yaşayış obyektləri kimi istifadəsi məqsədəuyğun deyil. Çünki qeyri-yaşayış sahəsi sayılan «mansard»lar insan həyatı üçün təhlükəli ola bilər. Adətən belə «mansard»larda müxtəlif avadanlıq və qurğular yerləşdilir. Məsələn, çoxmərtəbəli binanın rabitə, internet, telefon və digər xidmətlərlə bağlı aparatları, generatorlar və sair «mansard»larda saxlanılmalıdır ki, onların ciddi mühafizəsinin və onların işinə nəzarətin təşkili mümkün olsun».

Təbriz Vəfalı,
fotolar müəllifindir

rubrikasından digər xəbərlər